Saatlıda təcili tibbi yardım vətəndaşın ölümünə səbəb olub? - VİDEO

Saatlıda təcili tibbi yardım vətəndaşın ölümünə səbəb olub? -
Saatlıda xəstəxanaya aparılarkən yolda qəzaya düşən təcili tibbi yardım avtomobilində ağır xəsarətlər alan 36 yaşlı Rahibə Nuruşova bir gün sonra həmin xəsarətlərdən həyatını itirib.

Mərhum ölümündən bir qədər əvvəl baş verənləri danışıb və yaxınları da həmin anı videoya çəkiblər. Həkimlərdən dərdinə dərman tapa bilməyən Rahibə Nuruşova beş gün əvvəl dünyasını dəyişib.

Məlumata görə, anidən vəziyyəti pisləşən qadını ailə üzvləri təcili tibbi yardım xidməti çağıraraq xəstəxanaya yola salıblar. Amma vəfat edən qadın videoda bildirir ki, həkimlər təcili tibbi yardım maşınına mindirəndən sonra ona qarşı laqeyd münasibət göstəriblər. Problem bununla da yekunlaşmayıb. Çünki, qadın təcili tibbi yardım avtomobilində olan zaman yol-nəqliyyat hadisəsi baş verib. Saatlı rayonunun, Əhmədbəyli kəndi ərazisində baş verən bu hadisə qadının ölümünə səbəb olub.

Qəzadan bir gün sonra vəfat edən 36 yaşlı Rahibə Nuruşovanın qayınatası gəlininin ölümündə, nəvəsi 13 yaşlı Aysunun və digər gəlini Əfsanə Nuruşovanın xəsarət almasında günahkar kimi təcili tibbi yardım həkimi Cavid Ələkbərovu görür. Zərərçəkmişlər iddia edirlər ki, təcili yardım maşını yaxın məsafəni qoyub, əlavə 25 kilometr yol qət edib.

Şirvan xəstəxanası isə qadının vəziyyətinin ağır olduğunu nəzərə alaraq, onu Bakıya göndərib. Bakıda isə bildirilib ki, qadının bel fəqərəsi və boyun sümüyü sındığı üçün ölümünə qısa bir vaxt qalıb. Elə həkimlərin dediyi kimi, iki-üç saatdan sonra qadın dünyasını dəyişib.

Qəza baş verən zaman təcili tibbi yardım maşınında anasının yanında olan 13 yaşlı Aysun Nuruşova da hadisə barədə danışıb. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 9-da epileptik tutma səbəbi ilə təcili tibbi yardım stansiyasına çağırış daxil olub:

“Təhvil alarkən xəstə müayinə olunub və təcili tibbi yardım şöbəsinə təxliyə olunmasına qərar verilib. Xəstə yaxınlarının briqadanı yönləndirdiyi qrunt örtüklü yol xəstənin mövcud vəziyyətinə görə əlverişli olmadığı üçün təxliyə zaman asfalt örtüklü digər marşrut yolu seçilib. Təəssüf ki, təxliyə zamanı yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində xəstənin baş-boyun nahiyəsi zədələnib və Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərilib. Xəstə doqquz iyul, 20:45-də xəstəxanaya müştərək travmalarla qəbul olunub, bütün zəruri müayinələrdən keçirilib. Başda sadə səthi travma, boyunun beş fəqərəsinin yerdəyişmiş kompession sınığı və çoxsaylı döş qəfəsinin sümüklərinin sınığı diaqnozu qoyulub, stasionara müalicəyə cəlb olunub. Buna baxmayaraq, xəstə yaxınları yazılı iltizamnamə əsasında xəstəni tibb müəssisəsindən aparıblar. Xəstə evdə vəfat edib. Hadisədə günahkarın müəyyən olunması üçün hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

Daha ətraflı Baku TV-nin süjetində:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
436 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...