“Qurtuluş 93”ün sahibinin “Range Rover”lə dörd nəfəri öldürən kürəkəninin yenidən məhkəməsi başladı

“Qurtuluş 93”ün sahibinin “Range Rover”lə dörd nəfəri öldürən kürəkəninin yenidən məhkəməsi başladı
Bakı Apellyasiya Məhkəməsində dörd nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 2-nə təyin edilib.

Qeyd edək ki, cinayət materiallarına görə, təqsirləndirilən şəxs 2021-ci il iyunun 14-də saat 00:20-də sərxoş halda özünə məxsus “Range Rover” markalı avtomobillə 90 km/saat sürətlə Binəqədi-Novxanı yolu ilə hərəkətdə olarkən Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobil ilə toqquşub.

Nəticədə “Daewoo Damas”ın sürücüsü M.Ziyadov, sərnişinləri - Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov ölüblər. Eyni zamanda, hadisə zamanı “Daewoo Damas” markalı avtomobil yararsız vəziyyətə düşüb və nəqliyyat vasitəsinə 7 000 manat məbləğində maddi ziyan vurulub.

İttihama görə, məhkəmə istintaqı zamanı tədqiq edilən tibbi müayinə protokolu ilə müəyyən edilib ki, E.Kəlbəliyev 14.06.2021-ci il tarixdə saat 07:15-də müayinə zamanı onda raport üsulu və ya indikator borcluluğu 0, 517 faiz olmaqla yüngül dərəcəli sərxoşluq aşkarlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə E.Kəlbəliyev təqsirləndirilən şəxs qismində dindirilib. O, özünü ona elan edilən ittiham üzrə qismən təqsirli bilib. E.Kəlbəliyev ifadəsində göstərib ki, 14 iyun 2021-ci il tarixdə dostları ilə Sumqayıt şəhərində oturub yemək yedikdən sonra gecə saat 12 radələrində oğlu ona zəng edərək hərarətinin qalxdığını deyib:

“Oğluma evə gələcəyimi bildirdim. Sonra maşına əyləşərək Novxanı yolu istiqamətində hərəkət edərkən oğlum yenidən zəng edib, özünü pis hiss etdiyini dedi. Mən həmin vaxt maşınımla 70-80 km/saat sürətlə hərəkət edirdim. Yolun döngəli hissəsinin yaxınlığında beş-altı nəfər cavan oğlanın çimərlik paltarında yolun sağ kənarında hərəkətsiz dayandığını gördüm. Həmin şəxslərin təhlükə yaratmayacaqlarına əmin olduğumdan sonra sürəti azaltmadan yoluma davam etdim və piyadalara 20-30 metr qalmış qəflətən onlar qaçaraq yolu avtomaşının hərəkəti istiqamətində sağdan sola keçməyə başladılar. Mən piyadaları vuracağımı gördüm, dərhal iti sürətlə sükanı sola buraraq, maşını əks hərəkət yoluna çıxartdım. Sonra həmin şəxsləri vurmaqdan yayındım, lakin bu zaman avtomobilim qarşıdan gələn “Deawoo Damas” markalı maşınla toqquşdu. Nəticədə ölüm hadisəsi baş verdi. Özüm də ciddi xəsarətlər aldım. Hadisədən sonra huşsuz vəziyyətdə oldum. Bir müddət özümdə olmadım”.

O, ifadəsinin davamında söyləyib ki, ümumiyyətlə içki içən deyil: “Həmin gün də orada içki qəbul etməmişdim”.

Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmişlərin hüquqi varislərinin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapıb. Məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 11.08.2021-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Range Rover” markalı avtomobilin sürücüsü E.Kəlbəliyevin hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olub və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olub. Bundan başqa, sürücü - təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində qanunun müvafiq tələblərinə uyğunsuzluq aşkarlanıb. Elan olunub ki, hadisədə ölən şəxslərin hüquqi varisləri E.Kəlbəliyevlə barışıblar.

Məhkəmənin hökmü ilə E.Kəlbəliyev doqquz il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra məhkum bu hökmlə razılaşmayıb və apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, E.Kəlbəliyevin apellyasiya şikayəti qismən təmin olunub. Belə ki, onun cəzası doqquz ildən səkkiz ilə endirilib.

Ali Məhkəmənin qərarına əsasən isə aşağı instansiya məhkəməsinin çıxardığı hökm tamamilə ləğv edilib və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
574 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...