Barəsində məcburi gətirilmə qərarı olan məşhur vəkil növbəti dəfə məhkəməyə gəlmədi
Külli miqdarda mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyeva bu günə təyin olunan məhkəmə prosesinə də gəlməyib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə araşdırılan cinayət işi üzrə təqsirləndirilən şəxsin ardıcıl 12 iclasdır iştirak etmədiyi bildirilib.
Sümbülə Əliyeva məhkəməyə əmək qabiliyyətinin olmaması barədə sənəd göndərib.
Məhkəmə təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə qərarını yenidən qüvvədə saxlayıb.
Xatırladaq ki, Sümbülə Əliyeva 1 saylı hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği mənimsəməkdə ittiham olunur.
İş üzrə dəymiş ziyan 200 min manata yaxındır.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.
804 dəfə oxundu