“Direktor şikayətlərimizdən bezdiyi üçün “Antikorrupsiya”ya müraciət etdi”
92 min manatlıq mənimsəmədə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın məhkəməsi başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə hazırlıq iclası keçirilib.
Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları olan cütlük işin ibtidai istintaqa qaytarılmasını istəyiblər. Onlar qeyd edib ki, Səbuhi Hüseynov və Gülüstan İsayeva işlədikləri dövrdə institutda çoxsaylı qanunsuzluqlar olması, ekspertiza məqsədilə ayrılan vəsaitlərin aidiyyatı üzrə istifadə olunmaması barədə şikayət ediblər. Bildiriblər ki, 2016-2021-ci illərdə ekspertiza aparılması üçün 3 milyon manata yaxın vəsait ayrılıb. Həmin pullar ekspertizada iştirak etməyən institutun arxeoloqu Qoşqar Qoşqarlının və digərlərinin hesablarına köçürülüb.
Digər məsələ isə İnstitut direktoru Maisə Rəhimovanın AMEA prezidentinin adı ilə işçilərin əmək haqlarının 20 faizini istəməsi olub. Müdafiə tərəfi iddia edib ki, onların şikayəti əsasında bu məsələyə görə yoxlama keçirilib. İnstitutda çoxsaylı qanun pozuntuları aşkar olunub. Onların çoxsaylı şikayətlərinə görə, İnstitut direktoru Maisə Rəhimova tədqiqat məqsədilə ayrılmış vəsaitləri mənimsəməsindən şübhələndiyi barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.
Proses martın 1-də davam etdiriləcək.
Qeyd edək ki, Səbubi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar Qarabağda işğaldan azad olunmuş ərazilərdə tədqiqat aparılması məqsədilə ayrılmış vəsaitlərin 92 min manatını mənimsəməkdə ittiham olunurlar.
629 dəfə oxundu