Məsuliyyətini dərk etməyən diplomat - İranın XİN başçısı yerini bilmir
Bu gün Ermənistan və havadarlarının Gəncədə törətdikləri faciənin bir ili tamam olur. Döyüşlər dayansa da, Ermənistan Azərbaycanla sərhəddə pozuculuq fəaliyyəti ilə məşğul olur. Bu azmış kimi, sanki rəsmi Tehran da İrəvanla yarışırmış kimi Azərbaycana münasibətdə bütün beynəlxalq normalara əsasən qanunazidd addım atır, iki ölkə arasında gərginliyi artırır. adətən, belə vəziyyətlərdə diplomatlar çox fəallıq göstərir, ölkələrarsı münasibətlərin daha da gərginləşməsinə imkan vermirlər. Başqa sözlə, yaranan və ya hansı səbəbə görə yaradılan böhranı aradan qaldırmağa çalışırlar. Ancaq İranın həm hərbi, həm də diplomatik idarələrinin rəhbərləri özlərini əsəbi, hirsli və narahat aparır, bu zaman ölkələrarası qonşuluq münasibətlərinə, tutduqları vəzifələrə yaraşmayan ifadələr işlədirlər.
Ötən gün İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian ölkə telekanalarından birinə Azərbaycanla münasibətə dair müsahibə verirb. Müxbirin təxribatçı suallarını nazir də eyni səviyyədə cavablandırb. Hüseyn Əmirabdullahianın dediklərindəki bəzi məqamları cavablandırmaqla diplomatın Azərbaycanla münasibətlərdə yaranmış gərginliyi azaltmaqdansa, onu artırmaq cəhdlərini diqqətinizə çatdıracağıq.
Nazir iki ölkə xalqları arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu qeyd edib. Buna kimsə etiraz edə bilməz. Çünki İran əhalisinin çoxu azərbaycanlı və müsəlmandır. Bu halda xalqlar arasında başqa münasibətin olmasından bəhs etmək anormallıq olardı. Elə Tehran hakimiyyətinin ölüm arzuladığı İsrail xalqı ilə İran xalqı arasında da münasibət yüksək səviyyədədir. Bundan başqa, İran hakmiyyəti heç vaxt İsrail xalqının düşməni olduğunu bəyan etməyib. Bunu ABŞ-a da şamil etmək olar. Belə olan halda xalqlar arasında dostluq və xoş münasibət saxlamağın yükü hakimiyyətlərin boynuna düşür. Xalq tərəfindən qəbul edilməyən rejimlər bir qayda olaraq münasibətlərə ziyan vurur. Son aylar İrandan qanunsuz yolla Ermənistana və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə yük daşınması, iş adamlarının fəaliyyət göstərməsi xalqlar arasında düşmənçilik yaratmağa cəhddir. Bu baxımdan Azərbaycanda iranofobiyanı Tehran hakimiyyətinin rəsmiləri yaradır.
44 günlük müharibə başlayandan noyabrın 10-da üçtərəfli bəyanat imzalananadək İran rəsmiləri və KİV-i Azərbaycanın apardığı haqlı və ədalətli savaşa qara yaxmaqla məşğul oldular. İran rəsmiləri iddia edirdilər ki, Azərbaycan tərəfdə “terrorçular döyüşür”. Hansı terrorçular, onlar hara getdi? Axı müharibə görmüş bir dövlətin nümayəndəsi kimi, İran rəsmiləri bu bəyanatla döyüşlər də şəhid olan Azərbaycan hərbçiləri və əsgərlərinə hörmətsizlik edirlər. Bu iddianı təsdiqləmək üçün İran rəsmilərinin əllərində hansı dəlil var? Əgər dəlillər varsa, niyə açıqlamırlar? Deməli, Azərbaycana qarşı şər-böhtan atmaq kampaniyası aparırlar. Nazir Ermənistan, Fransa, Yunanıstan, Rusiya KİV-in və PKK kimi terrorçuların bir il əvvəl apardığı yalan təbliğatı indi də davam etdirir. Ancaq Azərbaycan tərəfi işğalçı Ermənistan tərəfdə muzdlu terrorçuların döyüşdüyünü sübut edib, hətta onun məhkəməsini belə keçirib.
Naziri bu tip saxta təbliğatdan xilas etmək üçün 27 il əvvəl baş verən hadisəni yada salmaq istərdik. 1994-cü il martın 17-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında İslam Respublikası diplomatlarının ailə üzvlərinin olduğu, İranın Hərbi Hava Qüvvələrinə məxsus “C-1230” hərbi-nəqliyyat təyyarəsi vurulub. Hadisə nəticəsində 9 uşaq daxil olmaqla 19 sərnişin həlak olmuşdu. Təyyarədə İranın Rusiyadakı səfirliyində çalışan diplomatların Tehrana Novruz bayramını qeyd etməyə yollanan ailə üzvləri olub. Həmin təyyarəni Qarabağdakı işğalçı Ermənistanın vurduğu təsdiqlənmişdi. Onda bunu Ermənistan xarici işlər nazirinin birinci müavini olmuş Jirayr Libaridyan bildirmişdi: “Təyyarə İrana Rusiya, Gürcüstan və Ermənistandan keçərək getməli idi. Amma o, kursdan 100 km şərqə doğru çıxaraq Gürcüstanın hava məkanını tərk edib, beləliklə də Ermənistan hava məkanında deyil, Dağlıq Qarabağ ətrafında gedən hərbi əməliyyatlar məkanına düşüb”. İran Hərbi Hava Qüvvələri xüsusi komissiya yaratdı. Komissiyanın rəhbəri Abdat Aminian Ermənistanın vitse-prezidenti Qaqik Arutunyanın təyyarənin uçuşa nəzarət sistemində nasazlıq ucbatından idarəetməni itirərək qəzaya uğraması versiyasını təkzib etdi: “Təyyarə kursdan çıxdıqdan sonra naməlum səbəblərdən havada partlayıb”. Onda Azərbaycanın keçmiş Milli Təhlükəsizlik Nazirliyi İran tərəfinə qəza günü Azərbaycan kəşfiyyatı tərəfindən qeydə alınmış radio-danışıqları təqdim etmişdi.
Deməli, Azərbaycan torpaqlarını Ermənistan işğalından təmizləməklə həm də İranla qonşu ərazidə bu sayaq cinayətlərin də qarşısını alır. Ancaq Tehran hakimiyyəti bu məsələnin üstünə 27 il ərzində bir dəfə də qayıtmadı. Əksinə, Qarabağdakı separatçıları və terrorçuları dəstəklədi. İndi sual olunur, terrorçularla kim işləyib? Əlbəttə, 19 günahsız vətəndaşının ölümünə göz yumanlar.
İran rəsmiləri Azərbaycanı İsraillə əməkdaşlıq etməkdə təqsirləndirir. Çox anormal haldır. Bunlar Azərbaycanın müstəqil dövlət olduğunu, əməkdaşlarını da özü seçdiyini niyə unudurlar? Azərbaycanın ərazisində heç bir üçüncü ölkənin hərbi bazası yoxdur. Ancaq Ermənistanda Rusiyanın regionda ən böyük hərbi bazası mövcuddur. Bu baza isə İranla sərhədə yaxın ərazidə yerləşir. ABŞ-ın isə Cənub Qafqazda ərazisinin sahəsinə və əməkdaşlarının sayına görə ən böyük səfirliyi Ermənistandadır. İran Ermənistana yardım etməsinə haqq qazandırmaq üçün İsraillə Azərbaycan arasında əməkdaşlığı bəhanə edir. Heç kim İrana dost və düşmənini seçməkdə yol göstərə bilməz. Çünki bunu onun maraqları tələb edir. Ancaq bu əlaqə Azərbaycana qarşı yönəldiyindən etirazla qarşılanır.
Nazir sürücü saydığı iki iranlının Azəbaycanda həbsindən narahatlığını bildirir. Fikrimizcə, narahatlığa əsas yoxdur. Əgər onlar doğurdan da sürücüdürlərsə və yük daşımaqla məşğul olublarsa, sərbəst buraxılacaqlar. Bu yerdə də İranda Azərbaycan vətəndaşı olan alimin həbsi yada düşür. 2010-ci ilin avqustunda İranda həbsdə olan azərbaycanlı alim Rəşid Əliyev azadlığa buraxıldı. Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi Rəşid Əliyev İranın “Sazan Elektronics İndustry Company” şirkətinin dəvəti və BDU-nun razılığı əsasında başlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 2006-2008-ci illərdə həmin şirkətdə çalışıb. Şirkətin rəhbərliyi azərbaycanlı alimə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif etsə də, bu təklifləri qəbul etməmiş və respublikaya qayıtmışdı. Şirkətin direktoru Eftexarinin təkidli xahişindən sonra Əliyev sonuncu dəfə 2005-ci il oktyabrın 5-də qısa müddətə İrana qayıtmiş, oktyabrın 6-da isə viza problemi bəhanə gətirilərək həbs edilmişdi. Əliyev İran məhkəməsinin hökmü ilə saxta ittihamlarla özünün iştirakı olmadan üç il müddətinə azadlıqdan məhrum edilmişdi. Ancaq İran sürücüləri və şirkətlər Azərbaycan ərazisinə qanunsuz daxil olub fəaliyyət göstəriblər. Bundan başqa, Azərbaycan ərazisinə hörmətsizlik ediblər. 30 il ərzində işğal altında olmuş Azərbaycan torpaqlarında başqaları kimi, İran tərəfinin də çoxsaylı qanunsuz əməlləri olub. Bunlarla bağlı faktlar var. Nazir də bilir ki, Gorus-Qafan yolu Azərbaycan ərazisindən keçir. Bu halda niyə İran sürücüləri və iş adamları bu yolla hərəkət edir və yük daşıyır? Belə çıxır, Tehran hakimiyyəti Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddən hörmətsizlik edir.
İranın 13-cü hökuməti, Prezident İbrahim Rəisi başda omaqla onun bütün üzvləri qonşular, o cümlədən Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətində olduqlarını bildirirlər. Azərbaycan da bütün qonşuları ilə əməkdaşlığa üstünük verir. Hətta Ermənistanı belə bu müstəviyə çağırır. Çünki münaqişə və qarşıdurmanın inkişafa, təhlükəsizliyə ziyan olduğu dəfələrlə təsdiqlənib. Ancaq xoşməramlı olduğunu bəyan etmək azdır, onu sübuta da yetirməyə ehtiyac var. Bu baxımdan nazir Azərbaycana münasibətdə oxuduqları köhnə bayatını yenə də təkrarlayır. Bu tip məsələ İran hakimiyyətində psixoloji kompleksdən doğur. Əvvəllər İranda hər mətləbdə “ingilis barmağı” axtarardılar. Bu, sonradan “Amerika əli” ilə əvəzləndi. 1979-cu il inqilabından sonra buna “sionist əli” də əlavə olunub. İranda rəsmilərin bəhanələri qurtaranda bunlardan birini işlədirlər. Ölkədə fərqli düşünən, geyinən, danışanlar, hətta saçını başqa cür kəsdirənlər belə ilk növbədə bu üç dövlətdən birinə işləməkdə şübhəli bilinirlər.
Ümumiyyətlə, İsrailin mövcudluğunu özünə təhlükə mənbəyi bilir. “İsrailə ölüm!” şüarı bunu təsdiqləyir. İsrailin isə Ermənistanda, İrəvanın yəhudi dövlətində səfirlikləri fəaliyyət göstərir. Ermənistan İranla həmsərhəddir. Əgər İsrail elə təhlükəlidirsə, o zaman rəsmi Tehran niyə İrəvana bu əməkdaşlığa görə etiraz etmir. Belə çıxır, Azərbaycanın İsraillə əməkdaşlığı İranın Azərbaycanla münasibətləri gərginləşdirməsi üçün bəhanədir.
Nəhayət, dil diplomata həm də düşündüyünü gizlətmək üçün verilib. Odur ki, nazirin bu ünsiyyət vasitəsindən saxta iddiaları bəyan etməsi və nəticədə dövlətlər arasında gərginliyin süni şəkildə artmasına xidmət etməsi təəssüf doğurur.
861 dəfə oxundu