Rektor deputatlar bu il mandat ala biləcəkmi - Özləri nə düşünür?
Aqiyə Naxçıvanlı: “Əgər elə bir qərar olsa, Milli Məclisdə əyləşən hər bir rektor öz seçimini edəcək”
Əhməd Vəliyev: “Mən özəl universitetin rektoruyam, ona görə də bu məsələ məni maraqlandırmır”
Xəbər verdiyimiz kimi, bu ilki parlament seçkilərində ayrı-ayrı dövlət qurumlarına, dövlət universitetlərinə rəhbərlik edənlər seçim qarşısında qalacaqlar.
Milli Məclisin yeni tərkibində rektor-deputatlar təmsil olunmayacaqlar. Bu barədə “Yeni Müsavat” qəzetinə adının çəkilməsini istəməyən məlumatlı mənbə bildirib.
Hazırda Milli Məclisdə təmsil olunan şəxslər arasında müxtəlif dövlət və özəl ali təhsil ocaqlarının rektorları var.
Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Naxçıvan Universitetinin sabiq rektoru İsa Həbibbəyli, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev mandat daşıyırlar.
Növbəti çağırış Milli Məclisdə onların deputat olub-olmayacağı isə bu qərardan sonra sual altındadır.
Sözügedən məsələ ilə bağlı deputat mandatı daşıyan rektorlarla əlaqə saxlamağa çalışdıq.
Musavat.com-a açıqlama verən Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı qeyd etdi ki, belə bir qərar verilsə, onlar seçim etməli olacaqlar: “Əvvəla biz bilmirik ki, bu məsələni kim qabardır. İkincisi də bu qərar deyil, sadəcə fikirlərdir. Fikirlər də müxtəlif ola bilər. Əgər elə bir qərar olsa, Milli Məclisdə əyləşən hər bir rektor öz qərarını verəcək. Mətbuatda yazılan hələ qərar deyil. Mən rektor olan şəxsin millət vəkili olmasında bir problem görmürəm. Ancaq belə bir qərar ola bilər. Hələ ki, bu haqda heç bir rəsmi göstəriş yoxdur. Əgər, nə vaxtsa belə qərar verilsə, həmin şəxslər özləri seçəcəklər ki, rektor olsunlar, yoxsa deputat...”
Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev isə musavat.com-a açıqlamasında bu məsələnin qanunvericilik çərçivəsində həllinə tərəfdar olduğunu bildirib: “Mən dövlət məmuru deyiləm. Çünki özəl universitetin rektoruyam. Ona görə də, bu məsələ məni çox da maraqlandırmayıb. Bunun özəl sektora aidiyyatı yoxdur. Dövlət universitetlərinin rektorları cənab prezidentin sərəncamı ilə təyin olunduğuna görə onların deputat olmasının əleyhinə çıxış edirlər. Lakin millət vəkili seçkiləri ilə bağlı qaydalarda da yazılıb ki, təhsil müəssiəsələrində çalışanlar istisna olmaqla... Bir tərəfdən qanunda qeyd olunub, digər tərəfdən prezidentin bu barədə sərəncamı var. Bu baxımdan hələ ki, bu haqda qərar verilməyib. Mənim dəqiq informasiyam yoxdur. Bir vaxtlar İlyas İsmayılov bu məsələni qaldırmışdı, müzakirələr getdi, sonradan ara sakitləşdi. İndi isə qanun çərçivəsində qərar veriləcək ki, kimlər iştirak edə bilər, kimlər yox... Mən hesab edirəm ki, qanunda bu, tam şəkildə öz əksini tapmış olacaq”.
Əhməd Vəliyev onu da vurğuladı ki, qonşu Türkiyədə nazirlərin hamısı millət vəkilləridir: “Belə çıxır ki, onlar da iki vəzifə aparır. Bir vəzifənin digərinə mane olması belədir ki, işləyənə iş çoxdur, işləməyən üçün də ümumiyyətlə iş yoxdur. Əgər bir insan həm rektor kimi öz işinin öhdəsindən gəlir, həm də parlamentdə qanunların qəbul olunması ilə bağlı öz təkliflərini səsləndirə bilirsə, niyə də olmasın? Türkiyə kimi böyük ölkədə niyə nazir həm də millət vəkili ola bilir? Bizdə də ola bilər. Mən belə düşünürəm. Hətta özəl sektorda olsa belə, əgər millət vəkili həm də biznes fəaliyyəti ilə məşğuldursa, bu da eyni məsələdir. Əgər bir fəaliyyət digərinə mane olursa, insan özü oradan uzaqlaşa bilər. Məncə, bu, qanun çərçivəsində həllini tapmalıdır. Seçki ərəfəsində bunların hamısı məlum olacaq”.
Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın isə bu mövzu ilə bağlı ona ünvanladığımız suala cavab verməyə vaxtı (?) olmadı.
1899 dəfə oxundu