İran və Hindistandan olan turistlər Azərbaycandan "üz döndərib" – Kəskin azalma var

İran və Hindistandan olan turistlər Azərbaycandan "üz döndərib" –
Bu ilin iyun ayında xarici ölkələrdən Azərbaycana 237 min 489 nəfər əcnəbi səfər edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, onların 172 min 270 nəfəri və ya 72,5%-i ölkəyə turizm məqsədilə gəlib.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin iyun ayında Azərbaycana gələn turistlərin sayı 32 min 74 nəfər və ya 15,7% azalıb.
İyun ayında Azərbaycana ən çox turist Rusiyadan gəlib. Şimal qonşumuzdan ötən ay 60 min 610 nəfər turist ölkəyə səfər edib.
Ən çox turist gələn ölkələrin siyahısında Türkiyə ikinci yerdə qərarlaşıb. İyun ayında Azərbaycana 21 min 612 nəfər Türkiyə vətəndaşı turist kimi səfər edib. 3-cü sırada Səudiyyə Ərəbistanı, 4-cü sırada isə Hindistan vətəndaşları qərarlaşıb. Səudiyyə Ərəbistanından ay ərzində 10 min 256 nəfər, Hindistandan isə 9 min 625 nəfər Azərbaycana səfər edib.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövrünə nisbətdə Rusiyadan gələn turistlərin sayı 26% (21 633 nəfər), Türkiyədən 43,6% (16 709 nəfər), Səudiyyə Ərəbistanından 30% (4 451 nəfər), Hindistandan gələnlərin sayı isə 3 dəfə (18 689 nəfər) azalıb.
Ən kəskin azalma İrandan gələn turistlərin sayında qeydə alınıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin iyun ayında İrandan Azərbaycana gələn tursitlərin sayı 20 dəfə azalıb. Əgər ötən ilin iyun ayında İrandan ölkəmizə 17 min 243 turist gəlmişdisə, bu ilin iyun ayında bu göstərici 864 nəfərə düşüb.
Bunlardan başqa Gürcüstandan gələnlərin sayında da təxminən 2 dəfə azalma olub. Ötən ilin iyun ayında Azərbaycana 8 min 978 Gürcüstan vətəndaşı olan turist gəldiyi halda, bu ilin iyun ayında onların sayı 4 min 233 nəfərə düşüb.
Onu da qeyd edək ki, bu ilin may ayının əvvəlində Azərbaycan Xarici İşlər Nazirliyi Hindistan ilə Pakistan arasında gərginliyin artması ilə bağlı bəyanat yayıb.
Nazirliyin bəyanatında qeyd olunub ki, Pakistan xalqı ilə həmrəylik nümayiş etdirilir, günahsız qurbanların ailələrinə başsağlığı verilir və yaralıların tezliklə sağalması arzu olunur.
Azərbaycan XİN-in bu bəyanatı Hindistanda narazılıqla qarşılanıb, sosial şəbəkələrdə hindistanlı istifadəçilər Azərbaycan və Türkiyəyə qarşı sərt çıxışlar edib, boykot çağırışları səsləndiriblər. Onlar Hindistan vətəndaşlarını Azərbaycaya turist kimi səfər etməməyə çağırıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
52 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...