“Nəinki İlham Əliyevdən, onun balasından da qorxurlar”
GUNDEMİNFO.AZ millət vəkili Yevda Abramovun “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəni təqdim edir:
- Parlamentin tərkibində nəzərəçarpacaq dəyişikliyin olacağını gözləyirsinizmi?
- Tərkibdə dəyişiklik olacağına yüz faiz əminəm. Situasiya bizə diktə edir ki, yeni nəfəs, yeni parlament, yeni insanlar olacaq. Elə insanlar olmalıdır ki, Vətənə, Azərbaycan xalqına layiq olsunlar, parlamentin ciddiliyini qəbul etsinlər. Həyatda kiminsə yerini tutmaq çox pis şeydir, qoy orda layiqlilər olsun. Mənim özümü də seçicilərim layiqli hesab etməsə, məni əvəzləyən başqa bir layiqli adam olsa, inanın, onu bağrıma basaram. Kim layiqlidirsə, qoy namizəd olsun, səs alacaqsa, parlamentdə təmsil olunsun. Ancaq hansısa yollarla... Məni partiya irəli çəkib, partiyamın xəttinə sadiqəm. Özünüz də görürsünüz ki, mediada qəhrəman kimi görünməyi də xoşlamıram. Ailəm yoxdur ki, deyim məni görsünlər, qürrələnim ki, arvad, bax e, məni televizorda necə göstərirlər. Yeri gələndə sərbəst danışıram, heç nədən qorxmuram, heç kimdən də çəkinmirəm...
- Siz parlamentin son toplantısında sensasion çıxış etdiniz...
- Mənim bundan da gözəl məlumatlarım var. Ancaq bəzən qəzetlərdə elə şeylər oxuyuram ki... Bir dəfə yazılmışdı ki, Səməd Seyidov Avropa Şurasına gedəndə paltarlarından çox qara kürü aparır. Sonra Strasburqda Azad Alyansın bir deputatı ilə görüşdüm. O dedi ki, cənab Abramov, sizin bütün qəzetlər yazır ki, bizə kürü verirsiniz. Dedi, qardaş, yazırlar, amma mən Avropada hörmətli deputatam, 100 qram kürü yeməmişəm. Mən Səməd Seyidovun Avropaya kürü gətirdiyini görməmişəm. Amma o adam dedi ki, mənim evimdə 100 dənə “Ararat” konyakı var. Nə olar, ermənilər konyakla Avropa Şurasının deputatlarını ələ ala bilirlər, amma biz yarım kilo kürü aparıb özümüzə tərəf çəkə bilmərik? Savadsız jurnalistlər belə şeylər yazırlar. Bir dəfə iclasda da dedim ki, Oqtay müəllim, siz məni xaricə göndərirsiniz, amma mən Abramovam e, Abromoviç yox... Avropalı deputatlar çox şey gözləyir, onları ələ almaq lazımdır. Amma qəzetlər yazır ki, biz ora kürü aparırıq. Mən neçə ildir heç kürünün dadını bilmirəm.
- Çıxışınızda dediniz ki, Avropada bəzi dairələr 2003-cü ildə prezident seçilən İlham Əliyevin yarım il, uzağı bir ildən sonra hakimiyyətdən gedəcəyini gözləyirmişlər...
- Bəli, belə söhbət olub. Onlar etiraf edirlər ki, 2003-cü ildə biz bilərəkdən müxalifətə qarşı işlədik ki, qoy İlham Əliyev gəlsin. Müxalifətə müraciət ediblər ki, qoy Əliyevlərin nümayəndəsi xalq içərisində nüfuzdan düşsün, ondan sonra hakimiyyət sizindir. Deyirdilər İlham Əliyev ölkəni idarə edə bilməyəcək, cavan və təcrübəsizdir. Ancaq onlar gördülər ki, yox əşi, İlham Əliyev dünya prezidentləri içərisində çox məşhur prezidentdir. Artıq 15 ilə yaxındır. Azərbaycanı dünya tanıyır. Sadəcə, onun paxıllığını çəkirlər.
- O etirafı sizə kim edib?
- Mən ad çəkmək istəmirəm. Ancaq avropalı deputatlar arasında mənim çoxlu tanışlarım var. Mən Qrossun özünə Qubada xeyli həqarətli sözlər dedim. Düşündüm ki, yəqin məndən Elmar Məmmədyarova şikayət edəcək. Mən Amerika səfiri Sekutanı Qarabağ məsələsinə görə divara dirəmişdim. Dedi, sizin prezidentiniz sülhə razılıq versin, biz də qol çəkək. Mən də qayıtdım ki, onda sən kimsən, elə isə çıxın ortadan, məsələni özümüz həll edək! Bugünlərdə Strasburqda Türkiyə və Azərbaycanın birgə tədbiri keçirilirdi. Ancaq Avropa Şurasından bir nəfər deputat ora gəlmədi. Mən xahiş etdim o konfrans təxirə salınsın, ancaq saxlamadılar. Sonra öyrəndim ki, onlar nə bizi, nə də türkləri sevir.
- Sizin çıxışınızdakı digər sensasion məqam prezidentin oğlu ilə bağlı idi. Dediniz ki, avropalılar gənc Heydər Əliyevdən qorxurlar...
- Bəli, qorxurlar. Onun ADA-da oxumasını izləyirlər. Mən bilmirdim, onlar dedilər ki, gənc Heydər Əliyev şeir yazır. Ehtiyatlanırlar ki, o, dövləti idarə etmək üçün siyasətlə məşğul olmaq istəyir. Ümumiyyətlə, onlar İlham Əliyev ailəsinin siyasətlə məşğul olmasından qıcıqlanırlar. Mən real olanı demişəm. Yenə deyirəm, bunlar Əliyev ailəsindən qorxurlar. Necə Azərbaycanda müxalifət qorxur, Avropadakı qurumlar, ABŞ Dövlət Departamenti də İlham Əliyevin uğurlarına çox paxıllıq edirlər. Mən YAP-ın qurultayında dedim ki, cənab prezident, sizin atanıza yalnız Siyasi Büroda paxıllıq edirdilər, Moskvadan o yana çıxmırdı. Ancaq sizə dünyanın əksər ölkələrinin rəhbərləri, bir çox beynəlxalq təşkilatlar paxıllıq edir. Avropalılar nəinki İlham Əliyevdən, hələ onun balasından da qorxurlar. İlham Əliyevin qızından qorxurlar. Onlar bizim birinci lediyə həsəd aparırlar...
- Avropalılar 20 ildən sonra gənc Heydər Əliyevin də prezident olacağını real sayırlar, yoxsa bu sözləri sözgəlişi deyirlər?
- Vallah, bunu gələcək göstərər. O da inşallah, 25 yaşına çatandan sonra Azərbaycan vətəndaşı kimi deputat da ola bilər, 35 yaşında ölkənin prezidenti də ola bilər. Onu yaşayarıq, görərik.
1011 dəfə oxundu