Kiçik məbləğlərlə necə yatırım edək? - Başlamaq üçün 7 addım...
Azərbaycanda pensiya sahəsində qanunlar tez-tez dəyişir və mütəmadi olaraq pensiya yaşı artırılır. Sanki bütün mexanizmlər pensiyaya çıxa bilməməyimizə hesablanıb. Deyək ki, möcüzə baş verdi, bir şəkildə pensiya yaşına çatmağı bacardıq, o zaman alacağımız təqaüd çətin ki, normal ehtiyaclarımızı qarşılasın. İllər ərzində pensiya fonduna ödədiyimiz məbləğlər - sağ qalsaq, inflyasiyaya və etibarsız maliyyə sisteminə uduzacaq, ölsək, it-bata düşəcək, ailəmizə, övladlarımıza heç bir faydası olmayacaq. Ölkədə alternativ pensiya fondları da yoxdur, deməli illər sonrakı həyatımızın qayğısına özümüz qalmalıyıq.
Elə isə, nə etməliyik? Gələcəkdə maliyyə azadlığımızı təmin etməyin bir yolu varmı? Bir yox, bir çox yolu var. Bunlardan biri də Yatırımdır. Özümüzə və gələcəyimizə yatırım! Boş vaxtlarımızda özümüzü inkişaf etdirməli, əlavə gəlir mənbələri yaratmağa çalışmalı, faydasız xərclərdən qaçınmalı, qənaət etməli və nizamlı şəkildə yatırım etməliyik. Başa düşürəm, çoxunuz deyəcəksiniz ki, hər ayı borcla başa vuran adamlarıq, nədən nə qədər edəcəm ki və ya qəpik-quruşla yatırım etməyin nə faydası olacaq? Məsələn, bir neçə ay bütün günlük xərclərimizin qeydiyyatını aparsaq (bunun üçün müəyyən onlayn proqramlar da var), nə qədər faydasız-mənasız xərclərimizin olduğunu aydın görəcəyik. İnanın ki, qənaət etdiyimiz kiçik məbləğlər- ayda 50, 100 manatlar belə gələcəkdə möcüzə yaratmağa qadirdir!
Toxunduğumuz hər xırda məqam ayrıca geniş bir mövzudur. İnşallah, zaman-zaman bu mövzulara qayıdarıq. Hələlik bu suala cavab tapmağa çalışaq:
Kiçik məbləğlərlə hara yatırım edə bilərik?
Bunun ən doğru yolu intizamlı şəkildə, ildə bir və ya bir neçə dəfə dividend ödəyən şirkətlərin səhmlərini almaqdır.
Amma Azərbaycanda səhm bazarı inkişaf etmədiyi üçün, yerli şirkətləri araşdırmaq və səhmlərini rahat şəkildə əldə etmək az qala mümkünsüzdür. İlkin olaraq, ABŞ bazarına yönəlməkdə fayda var. Ölkəmizdə fəaliyyət göstərən bəzi onlayn platformalar üzərindən ABŞ birjalarında alqı-satqı etmək mümkündür. Burada həm böyümə şirkətləri, həm də müntəzəm olaraq, divident ödəyən şirkətlər qarşımıza çıxacaq. Amma bu dəfə bizi maraqlandıran yalnız dividend ödəyən sağlam şirkətlərdir. Çünki həm vəsaitimiz azdır, həm də çox risk etmək istəmirik.
Məqsədimiz ömür boyu dividend gəliri əldə etmək, bu gəliri davamlı olaraq böyütməkdir. Bunun üçün düzgün investisiya strategiyası və maliyyə intizamı vacibdir.
Bir yazıda sizi yatırım etməyə tam hazırlamağımız qeyri-mümkündür. Bunun üçün özünüz də çoxlu araşdırmalı və öyrənməlisiniz. Hələlik ilkin vacib məqamları təqdim edirik:
1. Dividend verən şirkətləri araşdırın
Bir çox şirkətlər öz mənfəətlərindən pay ayıraraq səhmdarlarına müntəzəm olaraq dividend verir. Bu şirkətlər adətən stabil və uzunmüddətli gəlirə sahib olan şirkətlərdir. İlk addım olaraq, uzunmüddətli dividend tarixinə sahib olan, güclü maliyyə göstəricilərinə malik şirkətləri araşdırın. Çox vaxt enerji, maliyyə və telekommunikasiya sektorlarında belə şirkətlər tapılır.
2. Dividend faizi və ödəmə nisbətinə diqqət edin
Dividend faizi, hər səhmin qiymətinə görə neçə faiz dividend verildiyini göstərir. Yüksək dividend faizləri cəlbedici görünə bilər, amma çox yüksək faizlər həm də yüksək risk deməkdir. Bundan başqa şirkətlərin dividend ödəmə nisbətinə də diqqət yetirmək lazımdır. Ödəmə nisbəti şirkətin öz mənfəətinin neçə faizini dividend kimi payladığını göstərir. Sağlam şirkətlər ümumiyyətlə, mənfəətlərinin 40-60%-ni dividend olaraq ödəyirlər. Yerdə qalan məbləği isə şirkətin gələcək inkişafına yatırım edirlər.
3. Dividend artım tarixçəsini yoxlayın
Müntəzəm olaraq dividendlərini artıran şirkətlərə yatırım etmək daha faydalıdır. Bu cür şirkətlər adətən davamlı maliyyə artımı olan şirkətlərdir və uzun müddət ərzində dividend gəlirlərinizin artırılması potensialını yaradır.
4. Yatırımlarınızı şaxələndirin
Dividend gəlirlərini sığortalamaq və riski azaltmaq üçün fərqli sektorlardan olan şirkətlərin səhmlərinə investisiya edin. Bir sektorda böhran yarandıqda, digər sektorlardan gələn dividend gəlirləri sizin zərərlərinizi kompensasiya edə bilər.
5. Uzunmüddətli yatırım strategiyası qurun
Dividend əldə etmək uzunmüddətli bir prosesdir və investisiyalarınızı vaxtından əvvəl satmaqdan çəkinmək lazımdır. Səhmləri uzun müddət saxlamaqla həm dividend gəliri əldə edər, həm də zaman keçdikcə səhmlərin dəyərinin artmasından faydalana bilərsiniz. Ömür boyu dividend gəliri əldə etmək üçün düzgün şirkətləri seçmək, uzunmüddətli strategiya tətbiq etmək və maliyyə intizamına riayət etmək vacibdir. Bu proses vaxt tələb etsə də, düzgün yanaşma ilə davamlı gəlir mənbəyi yaratmaq mümkündür.
6. Dividendlərinizi geri yatırın
İndi isə, kiçik məbləğlərlə möcüzə yaratmağın ən vacib sirrini açaq. Mütləq və mütləq dividendləri xərcləmədən yenidən eyni şirkətin səhmlərinə yatırın. Buna qartopu effekti deyilir. Şirkətin sizə ödədiyi qazanclar hesabına əlinizdəki səhm sayını artırmağa çalışın, paralel olaraq da, yatırım etməyinizi axsatmayın. Ən azı 5-6 il bu şəkildə davam etsəniz, sərmayənizin necə effektiv artdığının şahidi olarsınız.
7. Özünüzü inkişaf etdirin
Əgər yatırım təcrübəniz yoxdursa, yazının əvvəlində qeyd etdiyim kimi, özünüzü inkişaf etdirin, mövzunu araşdırın, öyrənin, hətta kurslara yazılın. Yaxud, maliyyə məsləhətçisi seçin və köməyindən istifadə edin. Məsləhətçi sizin maliyyə vəziyyətinizə və məqsədlərinizə uyğun investisiya portfeli qurmağa kömək edəcək.
Valyuta.Az
199 dəfə oxundu