Bakıda “pul paylayan aparat”ın qazaxıstanlı sahibi 28,4 milyon manat qazanıb

Bakıda “pul paylayan aparat”ın qazaxıstanlı sahibi 28,4 milyon manat qazanıb
“Bank Olmayan Kredit Təşkilatı Azpul” MMC (VÖEN – 1305837121) ötən il üçün maliyyə hesabatını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, “BOKT Azpul” MMC 2023-cü il ərzində 28 milyon 436 min 837 manat xalis mənfəət əldə edib və bu göstərici 2022-ci illə müqayisədə 8 dəfə artıb.

Xatırladaq ki, “BOKT Azpul” MMC 2018-ci ildə “Azpul” MMC adı ilə təsis olunub, daha sonra BOKT-a çevrilib. “Azpul” MMC 2019-cu ildə Bakı şəhərinin bir neçə ərazisində “Azpulmat” adlı aparatlar quraşdırıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsini və barmaq izini daxil etməklə 20 manat məbləğində borc pul ala biliblər. Bu aparatlar quraşdırıldığı zaman ölkə mətbuatında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
“Azpul” MMC şirkəti qeydiyyatdan keçən zaman hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu Həsən bəy Zərdabi prospekti, ev 89, 3159-cu məhəllədə yerləşib və nizamnamə kapitalı 1000 manat olub.

Şirkət BOKT-a çevrildikdən sonra hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 41, məhəllə 1965-ə dəyişdirilib. Şirkətin qanuni təmsilçisi isə dəyişməz qalıb – Vəliyev Tural Gəray oğlu.

Qeyd edək ki, 1981-ci ildə Gəncə şəhərində anadan olan Vəliyev Tural Gəncə Dövlət Universitetində təhsil alıb. 2005-ci ildən bank sektorunda fəaliyyət göstərib. Tural Vəliyev “Gəncə Bank” SKB, “Royal Bank of Baku” ASC-nin Gəncə filialı, həmçinin “Nikoil Bank”ın Gəncə filialında çalışıb. 2009-2014-cü illərdə “Nikoil Bank”ın Gəncə filialının müdiri olub. 2014-cü ildə Bankdakı vəzifəsindən çıxarılıb. Daha sonra “Nikoil Bank” ilə Tural Vəliyev arasında məhkəmə çəkişməsi olub.

Tural Vəliyev “Azpul” MMC-ni təsis etməzdən əvvəl – 2017-2018-ci illərdə “Giləzi Quşçuluq” şirkətində mühasib işləyib.

Onu da qeyd edək ki, hazırda “BOKT Azpul” MMC-nin yeganə sahibi Qazaxıstan vətəndaşı olan Radostovets Vladimir Nikolayeviçdir. Azərbaycanda böyük biznesə sahib olan bu şəxsin kim olması barədə məlumat açıqlanmır. Açıq internet resurslarda yer alan məlumatlara görə Qazaxıstanda eyni ad, soyad, ata adına sahib olan iş adamının atası – Radostovets Nikolay Vladimiroviç 1999-2000-ci illərdə ölkənin əmək və əhalinin sosial müdafiə naziri olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
425 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...