İstehlak kreditləri sığortalanacaq - vətəndaşa faydası nədir?

İstehlak kreditləri sığortalanacaq -
Azərbaycanda vətəndaşlar bir çox səbəbdən kredit üçün banklara müraciətlər edir və pulun qaytarılması ilə bağlı öhdəliklər götürür. Lakin bəzi hallarda gözlənilməz bədbəxt hadisələr bu öhdəliklərin icrasını mümkünsüz edir, borc yükünün vərəsələrə ötürülməsinə səbəb olur. Bu kimi hallarla üzləşməmək üçün Azərbaycanda həyat sığortası mövcuddur. Hazırda ölkədə ipoteka krediti olanlar bu sığorta növündən istifadə edə bilir və borcalan həyatını itirdiyi yaxud əlil qaldığı zaman onun krediti ailələrinə ötürmədən ödənilir. Bəs bu sığorta növünün istehlak kreditlərinə də tətbiqi mümkündürmü? Bu halda tərəflər üçün hansı üstünlüklər yaranar?

“Report” istehlak kreditlərində həyat sığortasının üstünlükləri və fiziki şəxslərin maliyyə təhlükəsizliyinə verdiyi töhfələrlə bağlı araşdırma aparıb.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, hazırda banklar tərəfindən 7 milyard manatdan artıq istehlak kreditləri verilib: “Bu, 3 milyondan artıq vətəndaşımızın borclanması deməkdir. Göründüyü kimi, həm kreditin ümumi məbləği, həm də borcalanların sayı kifayət qədər çoxdur. Statistikaya əsasən, istehlak krediti götürənlərin 95 %-nin sığortası yoxdur. Sığortadan istifadə olunmadığından kredit götürən şəxs dünyasını dəyişən zaman vərəsəsi, yəni onun ailəsi borcu qaytarmaq məcburiyyətində qalır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sığortadan istifadə bu riski aradan qaldırır. Nəticədə, əgər krediti götürən şəxs həyat sığortasından istifadə edərsə, bu halda onun bütün riskləri sığortalanmış olur və borclanma onun ailəsi üçün hər hansı potensial çətinlik yaratmır”.

V. Bayramov qeyd edib ki, bu baxımdan, kreditlər verilən zaman sığortadan istifadə olunması vacibdir: “Beynəlxalq praktikaya uyğun olaraq Azərbaycanda da kreditləşmə zamanı sığortadan istifadəni təklif edərdik. Sığortadan istifadənin əlavə ödəniş olmasına baxmayaraq bu, borclanan üçün xərcin artmasına səbəb olmayacaq. Çünki kredit faizlərinə təsir göstərən faktorlardan biri də risk amilidir. Risk sığortalanan zaman banklar daha optimal faizlə kredit təklif edə bilirlər. Yəni, sığortadan istifadə istehlak kreditləri üzrə faizlərin azalmasına gətirib çıxara bilər”.

Onun sözlərinə görə, digər tərəfdən, sığorta haqqı da yüksək olmadığından differensial olaraq ödənişin paylaşdırılması mümkündür: “Bu o deməkdir ki, kredit faizlərini artırmamaqla sığortalanmanın həyata keçirilməsi mümkündür. Buna görə də, risklərin kompensasiya olunması nəticəsində kredit faizlərinin aşağı düşməsi sığortadan istifadəyə rəğmən kredit götürən üçün də əlavə xərc yaratmayacaq. Çünki, azalan kredit faizləri sığorta ödənişini kompensasiya edəcək. Nəticədə, kredit götürən dünyasını dəyişən zaman borcu vərəsə, yəni ailə üzvü deyil sığorta şirkəti qaytaracaq. Bu baxımdan da, sözügedən istiqamətdə beynəlxalq təcrübədən istifadə olunması çox əhəmiyyətlidir”.

"Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin hüquqi məsələlər üzrə ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev isə "Report"a bildirib ki, ümumiyyətlə kreditlərdə həyat sığortasının olmasının əsas əhəmiyyəti şəxs vəfat etdiyi halda sığorta şirkətinin bankın qarşısında müştərinin borcunu tam olaraq bağlamasıdır: “Sığorta müqaviləsinin şərtlərindən asılı olaraq borc tam və ya natamam bağlana bilər. Kredit alan, xüsusilə ipoteka krediti alan şəxslər üçün bunun üstünlüyü ondan ibarətdir ki, sabah vəfat edərsə, onun vərəsələri borcdan azad bir əmlak əldə etmiş olacaqlar və məhkəmə mübahisəsi olmayacaq. Bir sözlə, ipoteka krediti olmayacaq, yəni ona xitam veriləcək”.

İpoteka kreditlərinin uzunmüddətli olması səbəbindən həyat sığortasının daha çox bu istiqamətdə tətbiq olunduğunu vurğulayan ekspert qrupunun rəhbəri diqqətə çatdırıb ki, bunun istehlak kreditləri üçün də müəyyən faydaları var: “Müştəri vəfat edərsə bank üçün öz borcunu təmin etmiş olur. Çünki bankların satdığı məhsul puldur. Pul nə qədər tez qayıdarsa, itki də o qədər tez aradan qalxmış olar. Ona görə də, istehlak kreditlərində bu cür sığorta məhsullarının mövcudluğu bank üçün faydalıdır. Müştəri üçünsə faydası borclu vəfat edərsə, onun övladları qarşısında bu və ya digər formada borc yaranmamasıdır. Çünki əks halda bank həmin şəxsin vərəsələrə miras qaydasında keçəcək əmlaka qarşı iddia qaldıra bilər. Ancaq həyat sığortası bu kimi halların qarşısını alır”.

Həyat sığortasının istehlak kreditlərinə tətbiqinin sığorta şirkətləri üçün faydasına toxunan Q. Ağayev bildirib ki, hazırda istehlak krediti götürənlər say baxımından ipoteka krediti olanlardan çoxdur: “İstehlak krediti üzrə öhdəliklər isə maksimum 5 il müddətinədir və bu, 25 illik ipoteka krediti öhdəliyindən daha az riskə malikdir. Sığorta şirkətləri üçün istehlak kreditlərinin sığortalanması bu səbəbdən daha əlverişlidir”.

Onun sözlərinə görə, banklarda daha çox gecikmə və öhdəliklərin pozulma halları əsasən istehlak kreditlərində olur ki, bu sahədə həyat sığortası banklar üçün maliyyə sabitliyi baxımından çox vacib bir alət olacaq.

Hüquqşünas Əkrəm Həsənov isə düşünür ki, istehlak kreditlərinə həyat sığortasının tətbiqində vətəndaşlar daha maraqlı olmalıdır: “Bu məsələ beynəlxalq təcrübədə də mövcuddur. Bunun üstünlükləri çoxdur və yaxşı olardı ki, Azərbaycanda tətbiq edilsin. Banklar və sığorta şirkətləri bu istiqamətdə müştərilərə məhsul təklif edə bilərlər. Vətəndaş düşünə bilər ki, bu, ödəməli olduğu məbləği bir qədər də artıracaq. Çünki sığorta şirkətinə də ödəniş etməlidir. Amma sonda həm vətəndaşın ailəsinin itkiləri olmur, həm də bankların riskləri aradan qalxır, sığortaçılar üçün də müsbət imkanlar yaradır. Bir sözlə hər kəs bundan faydalanır".

Azərbaycan Sığortaçılar Assosiasiyasının həyat sığortaları üzrə ekspert qrupunun üzvü Şəhriyar Məcidov isə "Report"a bildirib ki, həyat sığortasının dörd təminatı var: "Həyat sığortası intihar hadisəsi istisna olmaqla vətəndaşın həyatını itirməsi zamanı istifadə olunur. Bundan əlavə birinci, ikinci və ya üçüncü qrup üzrə əlillik varsa, bu zaman da ödəniş həyata keçirilir. Əlillik üzrə ödəniş qaydalarında birinci və üçüncü qrupun yeri dəyişdirilib. Yəni əvvəl birinci qrup əlillik olduqda qalıq məbləğin sığorta hadisəsi baş verən zaman 100 % ödəniş həyata keçirilirdisə, artıq bu qayda üçüncü qrup əlilliyə tətbiq olunur”.


Ş. Məcidov diqqətə çatdırıb ki, krediti bank verdiyi üçün, vəsait banka aid olduğuna görə sığorta hadisəsi baş verən zaman sığorta ödənişi vətəndaşın vərəsələrinə yox, birbaşa banka ödəyirlər: “Bank vətəndaşın kreditinin sığortalanmasında o qədər də maraqlı tərəf deyil. Çünki sığorta hadisəsi baş verəndə banklar həmin borcu girov ya zaminə yönəltməklə həll edirlər. Girovda olan əmlak və ya mülk satılır, bank özünə aid hissəni saxlayır, artıq qalan məbləğ varsa vətəndaşa verir. Bu kimi hallara qarşı həyat sığortasının olması ona görə də ən çox vətəndaşa sərf edir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
442 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...