Türkiyədə yiyəsiz qalan rus fahişələri
Türkiyənin İstanbul şəhərində, Laləlidə kiçik butiklər, xəz satılan mağazalar demək olar ki, boşdur, keçmiş sovet imperiyası və Afrikadan gəlmiş fahişələr də yalqız qalıb. Bu barədə “The Daily Beast” saytında Anna Nemtsova yaxır.
A.Nemtsova yazır ki, bu yaxınlaradək buralar rusiyalı alıcılar və müştərilərlə dolu idi. İndi satıcılar əbəs yerə mağazaların önündə qışqırırlar.
“Devuşka, kurtki, dublyonki!” - xəzlərə alıcı çağırır, həm də rusca səslənirlər. Amma əbəs yerə, ruslar qeybə çəkilib.
Jurnalist yazır ki, iki ölkənin “soyuq müharibə”si ölkədə özünü belə sezdirir. Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra ikitərəfli münasibətlər əməlli-başlı gərilib. Rusiya Türkiyəyə mümkün qədər çox sanksiya qoyub, milyonlarla rusiyalını Türkiyədə istirahətdən və alış-verişdən də məhrum edib.
“Hər şey dalana dirənib” - bunu Türkiyədəki Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondundan Vüqar İmanbəyli deyir. Rusiyanın geosiyasəti barədə kitablar yazmış Vüqar İmanbəyli hələ də Kremlin kollektivçilik təfəkkürünü anlamağa çalışır: “Türkiyə rəhbərliyi münaqişəni diplomatik yolla həll etməyə səy göstərir. Onlar Rusiya ilə əyləşib söhbət etmək istəyirlər. Ancaq Rusiya elə bil ki, qəsdən münaqişəni gərginləşdirir”.
Müəllif yazır ki, Laləli bu münaqişənin təsiri duyulan ilk dayanacaq olmalıdır. Bir az öncə Laləlidən və Türkiyənin qalan hissəsindən Rusiyaya tonlarla ərzaq, avadanlıq və geyim göndərilirdi. Hər il 3-4 milyon rusiyalı İstanbula və Antalya çimərliklərinə gedirdi. Hər turist 1000 dollar xərcləyirdisə, bu, Türkiyə üçün milyardlar demək idi.
İndi isə Laləlidə biznesmenlər siyasi baxışlarından asılı olaraq Türkiyə və Rusiya prezidentlərini suçlayır. Məsələn, Aziz adlı satıcı Ərdoğanla Putinin hər ikisini günahkar sayır, belə ki, hər ikisi inadkardır. “Putin Ərdoğana deyir ki, “bütün mallarını qadağan edəcəyəm, sənə yardım ayırmayacağam, rusları Türkiyəyə getməyə qoymayacağam”. Ərdoğan isə cavab verir ki, “əlindən gələni elə”” - bunu deyən Azizdir.
Müəllif hər iki ölkənin ziyana düşdüyünü qeyd edir. Elə Rusiyada da paltaryuyan maşın və soyuducu buraxan “Bosch-Siemens” zavodu dayanıb. Türkiyədən ehtiyat hissələr gəlməsə, zavodu işlətmək, yüzlərlə işçiyə əməkhaqqı vermək çətin olacaq. Türkiyədə isə nəqliyyat şirkətləri, təchizatçılar kontrakt, pul və iş yerləri itiriblər. “Türk malları dolu yüzlərlə yük maşını Rusiya sərhədində dayanıb. Onları yoxlayıb və geri qaytarıblar. Biznes ölür, yır-yığış edib dönmək vaxtıdır” - deyə 1997-ci ildən Türkiyədə işləyən Qleb Trifonov söyləyir.
1372 dəfə oxundu