Orxan Zeynalov Azərbaycana qaytarılır
2013-cü ildə Moskva ətrafında yerləşən Biryulyovo rayonunda Yeqor Şerbakovla aralarında yaranan mübahisə nəticəsində onu qətlə yetirməkdə ittiham olunaraq 17 il həbs cəzası alan Orxan Zeynalov Azərbaycana qaytarılacaq.
Bu barədə AzVision.az-a Orxan Zeynalovun atası Zahid Zeynalov məlumat verib. O,bildirib ki, Orxan Zeynalovun Azərbaycana ekstardisiya olunması üçün lazım olan bütün sənədlər Ədliyyə Nazirliyinə göndərilib, hazırda bu istiqamətdə işlər davam etdirilir: “Biz Orxanla bağlı bütün sənədləri Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi vəzifəsini icra edən Abilov Adil Fazil oğluna göndərmişik. Hazırda Orxanın Azərbaycana qaytarılması ilə bağlı işlər davam etdirilir”.
Z. Zeynalov oğlu ilə görüşdüklərini bildirib: “Orxanla görüşmüşük. Səhhəti yaxşıdır. Yanvar ayında Orxana yenidən baş çəkəcəyik. Görüşə 3 aydan bir icazə verilir”. Atası Orxan Zeynalovun tezliklə Azərbaycana ekstradisiya olunacağını bildirib. “Dövlət rəsmiləri ilə görüşüm zamanı mənə bildirilib ki, beynəlxalq qanunvericiliyə uyğun olaraq Orxanı Azərbaycana gətirəcəklər. Amma dəqiq vaxtını bilmirik. Gözləyirik”.
Qeyd edək ki, Orxan Zeynalov Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.
1068 dəfə oxundu