Sergey Markov: “Bakı-Moskva-Ankara enerji ittifaqı yaranır”
Tanınmış rusiyalı politoloq Sergey Markov “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyətinə həsr olunmuş mətbuat konfransı keçirib.
S. Markov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin I Avropa Oyunlarının açılışında iştirakı Azərbaycana olan rəğbətinin göstəricisidir: “Putin bununla Rusiya-Azərbaycan tərəfdaşlığının strateji, hətta müəyyən mənada müttəfiqlik xarakteri daşıdığını göstərib. Rusiya və Azərbaycan prezidentlərinin görüşündə nələrin müzakirə olunduğunu bilmirik, amma fərziyyələr irəli sürə bilərik. Avropa İttifaqı Avropaya qaz nəqli layihələrini üz-üzə qoymaq istəyir. Bizim məqsədimiz isə bu layihələrin rəqabətinə deyil, əməkdaşlığına nail olmaqdır. Onların məqsədi bu layihələri qarşı-qarşıya qoyub qazın qiymətini maksimum aşağı salaraq bundan maksimum gəlir əldə etməkdir. Bildiyiniz kimi, Türkiyə də bu məsələdə əsas rollardan birini oynayır. Gözümüzün qabağında Bakı-Moskva-Ankara siyasi enerji ittifaqı əmələ gəlir. Avropa mətbuatı bu ittifaqın yaranmasından narahatlığını dilə gətirib, bu isə onu göstərir ki, biz düzgün yolla gedirik”.
1270 dəfə oxundu