Ermənistan qarışdı: Aksiyaçılar İrəvana gedən yolu və suyu kəsir
Ermənistanda içməli su problemi vətəndaşları ayağa qaldırıb. Cebhe.info Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, kənd yerlərində etiraza qalxan insanlar ölkənin əsas magistral yolunu kəsib, avtomobillərin hərəkətinə icazə verməyiblər. Qarni kəndinin sakinləri Ararat çayının suyunun yerdəyişməsi proqramına etiraz edərək, paytaxt İrəvana gedən yolu kəsiblər.
Nümayişçilər bildirirlər ki, dəfələrlə mövcud problemlərlə bağlı aidiyyatı qurumlara müraciət etsələr də, heç bir cavab almayıblar. Məmurları vətəndaş problemlərinə etinasızlıqda ittiham edən erməni kəndlilər hökumətdən proqramın ləğvini tələb edirlər: “Hökumətdən proqramın ləğv olunmasını tələb edirik. Tələblərimiz yerinə yetirilməyənədək aksiyanı dayandırmayacağıq. Heç bir məmurun bura gəlməsini istəmirik, onları görmək də istəmirik, bizə tələblərimizin yerinə yetirilməsi lazımdır”. Aksiya iştirakçısı Zöhrab Sedrakyan tələblərinin yerinə yetirilməyəcəyi halda İrəvana gedən su xəttini dağıdacaqlarını bildirib. Qarni kəndində içməli suyun olmadığını diqqətə çatdıran Sedrakyan qeyd edib ki, hətta suvarma üçün də su qalmayıb: “Əkin yerlərimiz, bağlarımız susuzluqdan quruyub. Əgər tələbimizi yerinə yetirməyəcəklərsə, İrəvana gedən suyun qarşısını kəsəcəyik. Bu o deməkdir ki, bizi İrəvan sakinləri ilə üz-üzə qoyacaqlar və vətəndaşlar arasında münaqişə yaranacaq. Hakimiyyət bunu düşünməlidir, bu vətəndaş müharibəsinə səbəb ola bilər”.
965 dəfə oxundu