Ermənilər bu öhdəlikləri pozub - HESABAT

Ermənilər bu öhdəlikləri pozub -


Xarici İşlər Nazirliyi martın 2-də “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabat təqdim etdi. Hesabatda Ermənistanın qeyri-qanuni siyasi, iqtisadi fəaliyyəti ilə yanaşı, beynəlxalq hüquqa zidd davranışına dair məlumatlar da əks olunub.

Diqqəti çəkən əsas hissələrdən biri də Azərbaycana qarşı işğalını davam etdirən və işğalçı tərəf kimi Ermənistanın beynəlxalq hüquqa rəğmən, işğal olunmuş ərazilərdə həyata keçirdiyi qeyri-qanuni əməllərə görə daşıdığı beynəlxalq hüquqi məsuliyyəti və öhdəliyidir.

Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti və öhdəliyi haqqında hesabatdan bəzi çıxarışları diqqətinizə təqdim edirik.

XX əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistan SSR rəsmilərinin açıq şəkildə Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ muxtar vilayətinə qarşı ərazi iddiaları irəli sürməsi və mərhələli şəkildə işğalçılıq siyasətinin həyata keçirilməsi qüvvədə olan SSR konstitusiyasının pozulması və ölkə konstitusiyasına zidd olaraq, birtərəfli qaydada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi məqsədilə qeyri-qanuni qərarların qəbul edilməsi ilə müşayiət olundu ki, bu da hərbi əməliyyatların başlaması ilə nəticələndi.

Gücdən istifadə edərək, işğal etdiyi Azərbaycan ərazilərində hələ 90-cı illərin əvvəllərindən qeyri-qanunu məskunlaşma və iqtisadi siyasət aparan Ermənistan Respublikası bu gün də bu istiqamətdə fəaliyyətini davam etdirməklə beynəlxalq hüquqa tam məhəl qoymadan mülkiyyət, təbii və digər sərvətlərin vəhşicəsinə istismarı, talan edilməsi və qeyri-qanuni ticarətini həyata keçirməkdədir. Ermənistanın müxtəlif regionlarından və Surayadan yüzlərlə erməni əsilli ailənin işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşdırılması da bu siyasətin tərkib hissəsidir. Baxmayaraq ki, Ermənistanın da qoşulduğu IV Cenevrə Konvensiyasının 49-cu maddəsində qeyd edilir ki, işğalçı tərəf işğal olunmuş ərazilərə mülki əhalini köçürə bilməz.

Beynəlxalq hüquqa görə, dövlətlərin ərazisinin güc yolu ilə dəyişdirilə bilməz. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı BMT və digər beynəlxalq təşkilatların qətnamələrində, Avropa İnsan Haqları məhkəməsinin və ayrıca dövlətlərin qərarlarında öz əksini tapmışdır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrdə Ermənistanın güc tətbiq edərək Azərbaycan ərazilərini işğal etməsi pislənilmiş, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü bir daha təsdiq edilib. Sözügedən qətnamələrdə həmçinin, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu öz əksini tapmış, işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunub.

26 aprel 1995-ci ildə BMT Təhlükəsizlik Şurasının Prezidentinin verdiyi bəyanatda regiondakı bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsipi, o cümlədən ərazilərin əldə edilməsi üçün gücdən istifadənin qeyri-məqbul sayıldığı bir daha təsdiqlənib. Təhlükəsizlik Şurası ilə yanaşı BMT-nin Baş Assambleyası da münaqişəyə dair üç qətnamə və “İşğal olunmuş Azərbaycan ərazilərindəki vəziyyət” adlı xüsusi bənd qəbul edib.

Baş Assambleyanın 14 mart 2008-ci il tarixli 62/243 saylı qətnaməsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət və dəstək bir daha təsdiq edilmiş, erməni silahlı qüvvələrinin bütün işğal olunmuş ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunub. Qətnamədə eyni zamanda Azərbaycan əhalisinin öz doğma torpaqlarına qayıtmaq hüququ təsbit edilmiş, bunun üçün lazımı şəraitin yaradılmasının vacibliyi qeyd edilib.

16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarında iddiaçıların xeyrinə qərar qəbul edərək, Konvensiya əsasında onların bir sıra hüquqlarının Ermənistan tərəfindən pozulmasının davam etməsini tanıyıb. Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni işğalı və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətini davamlı şəkildə inkar etməsinə təsirli formada son qoydu. Ermənistanın təcavüzünün başlamasından və bu iş üzrə məhkəmə icraatı getdiyi dövrdə adətkarcasına beynəlxalq ictimaiyyəti aldatmaq və münaqişənin əsl səbəblərini və mahiyyətini təhrif etmək cəhdlərində Ermənistan Respublikası iddia edirdi ki, onun Dağlıq Qarabağın ərazisi və ətraf ərazilərə yurisdiksiyası şamil edilmir, bu ərazilər üzərində onun təsirli nəzarət imkanı olmayıb və hər hansı ictimai hakimiyyəti ifadə edə bilməz.

Eləcə də Ermənistan iddia edirdi ki, o, sözügedən hərbi münaqişədə, Laçın rayonunun işğalında və digər hərbi əməliyyatlarda iştirak etməyib və onun Dağlıq Qarabağ və ətraf ərazilərdə hər hansı hərbi mövcudluğu yoxdur. Məhkəmə onu da təsdiq edib ki: “Ermənistan Respublikası özünün hərbi mövcudluğu və hərbi ləvazimat və təcrübə təmin etməklə əsaslı şəkildə ən erkən günlərdən etibarən Dağlıq-Qarabağ münaqişəsinə cəlb olunub”, “onun hərbi dəstəyi sözügedən ərazilərin ələ keçirilməsi və onlar üzərində nəzarətin davam etdirilməsində həlledici amil olub və olmaqda davam edir”, “sübut inandırıcı şəkildə göstərir ki, Ermənistan və “DQR”-in silahlı qüvvələri inteqrasiya olunublar”.

Nəticədə bu və separatçı rejimin Ermənistandan siyasi, maliyyə və digər asılılığını sübut edən digər dəlillərə əsasən məhkəmə 186-cı paraqrafda bu nəticəyə gəlib ki, Ermənistan Respublikası Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən “DQR” üzərində əsaslı və həlledici nüfuza malik olub, onların hər ikisi faktiki olaraq bütün vacib məsələlərdə yüksək səviyyədə inteqrasiya olunublar və bu vəziyyət bu gün də davam edir, “DQR” və onun administrasiyası Ermənistan tərəfindən verilən hərbi, siyasi, maliyyə və digər dəstək sayəsində yaşayır. Beləliklə, Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər, o cümlədən Laçın rayonu üzərində effektiv nəzarəti həyata keçirməkdə davam edir.

Heç bir beynəlxalq norma və qaydalara məhəl qoymayan Ermənistan Respublikası, beynəlxalq humanitar və insan hüquqlarını kobud surətdə pozaraq, Azərbaycanın mülki əhalisinə qarşı kütləvi qırğınlar törətmiş, bir milyondan artıq Azərbaycan əhalisinin qaçqın və məcburi köçkün kimi yaşamasına səbəbkar olmaqla humanitar fəlakət yaradıb. Avropa Şurası Parlament Assambleyasının 25 yanvar 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnamədə xüsusi qeyd edilmişdir ki, Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı geniş miqyası etnik təmizləmə siyasəti aparılmış və mono-etnik ərazi yaradılıb.

Azərbaycanın işğal olunmuş ərazilərinə münasibətdə “Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Razılaşma”, “İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Beynəlxalq Razılaşma” , “ Genosid cinayətlərinin qarşısının alınması və cəzalandırılmasına dair” Konvensiya, “ İrqi ayrı seçkiliyin bütün formalarının aradan qaldırılmasına dair” Konvensiya, İnsan Hüquqlarına dair Avropa Konvensiyası tətbiq edilə bilər. Ermənistan “Mədəni irsin qorunmasına dair” 1954-cü il Haaqa Konvensiyasını kobud surətdə pozaraq, işğal olunmuş Azərbaycan ərazilərindəki mədəni irsin tamamilə məhv edilməsinə yönəlik siyasət aparmış və bu kimi hallar beynəlxalq təşkilatların hesabatında təsdiq edilib. YUNESKO-nun 1956-cı ildə qəbul etdiyi Tövsiyələr işğal olunmuş ərazilərdə arxeoloji qazıntılar aparmaq və təbii ehtiyatların çıxarılmasından çəkinməyə çağırır. Həmçinin, 1999-cu ildə qəbul edilmiş 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokolu işğal olunmuş ərazilərdən mədəni irsin çıxarılmasını və daşınmasını qadağan etsə də, bütün digər hallarda olduğu kimi Ermənistan öz üzərinə götürdüyü öhdəliklərə əməl etməyib. Ermənistanın işğalı nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində dağıntıya məruz qalmayan bir dənə də olsun tarixi və mədəni irs abidəsi qalmamışdı.

Dəlillər göstərir ki, Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınması həyata keçirilir və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz istehsal olunmuş məhsulların, eləcə də minerallar və digər sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara daşınması üçün Ermənistan nəqliyyat məntəqəsi rolunu oynayır.

Təəssüflə qeyd edilməlidir ki, Ermənistan tərəfinin yuxarıda sadalanan qanunsuz fəaliyyətinə və beynəlxalq öhdəliklərə əməl etməməsinə qarşı adekvat beynəlxalq reaksiyanın olmaması yalnız onun cəzasızlıq və özbaşınalıq hisslərinin artmasına və işğalçılıq siyasətinin davam etməsinə yardım edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1018 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...