Keçən il etik davranış qaydalarını pozan 400-dən çox dövlət qulluqçusu cəzalandırılıb
Keçən il ərzində "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun müddəalarının tələblərini pozan 404 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib. Həmin intizam tənbeh tədbirlərindən 321-i mərkəzi icra hakimiyyəti orqanlarında, 83-ü isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçusu barədə tətbiq olunub.
"Report"un məlumatına görə, bu barədə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının illik hesabatında bildirilib.
Ümumilikdə hesabat dövründə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 404 intizam tənbeh tədbirindən 357-i töhmət, 27-i vəzifə maaşının azadılması, 13-ü dövlət qulluğundan azad edilmə, 7-i həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə olub.
Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilmiş 321 intizam tənbeh tədbirinin təhlili zamanı müəyyən olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə - 141, Dövlət Sosial Müdafiə Fondu üzrə - 70, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə - 34, Təhsil Nazirliyi üzrə - 25, Maliyyə Nazirliyi üzrə - 17, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üzrə - 10, Dövlət Statistika Komitəsi üzrə – 6, Energetika Nazirliyi üzrə –3, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi üzrə - 3, Əmlak Məsələləri Dövlət Komitəsi üzrə – 3, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə – 2, Nəqliyyat Nazirliyi üzrə - 2, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi üzrə – 2, İqtisadiyyat və Sənaye Nazirliyi üzrə – 1, Milli Televiziya və Radio Şurası üzrə – 1, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üzrə - 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.
Mərkəzi icra hakimiyyəti orqanlarında tətbiq edilən 321 intizam tənbeh tədbirindən 285-i - töhmət, 27-i – vəzifə maaşının azaldılması, 7-i həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 2-i – dövlət qulluğundan azad edilmə olub.
1004 dəfə oxundu