Rusiyalı tarixçi ermənilər tərəfindən terrorla hədələnir

Rusiyalı tarixçi ermənilər tərəfindən terrorla hədələnir


Erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran, erməni mifi haqqında çoxlu sayda araşdırmaların müəllifi olan rusiyalı tarixçi alim Oleq Kuznetsov ermənilər tərəfindən terrorla hədələnir.

Tarixçi alim APA-nın Moskva müxbirinə açıqlamasında demək olar ki, hər gün ermənilərdən təhdid dolu elektron məktublar aldığını söyləyib: “”Qarabağ münaqişəsinin mifləri haqqında həqiqət” kitabını yazdıqdan sonra ermənilər tərəfindən təhdid olunmağa başladım. Demək olar ki, hər gün elektron ünvanıma müxtəlif adlar altında təhdid dolu məktublar gəlir. Cəzalandırılacağımla bağlı məktublar alıram. Ermənilər mənimlə telefon əlaqəsi yaratmağa da çalışırlar. Bununla onlar mənim yaşadığım yeri müəyyənləşdirmək istəyirlər”.

O. Kuznetsov bu işin arxasında Ermənistanın güc strukturlarının dayandığını deyib: "Mənə gələn elektron məktubların müəllifləri özlərini gənc erməni millətçisi kimi qələmə verirlər. Lakin məktubu göndərənlər sadə insanlar deyil. Bu işin arxasında Ermənistan xüsusi xidmət orqanlarının olduğunu düşünürəm”.

Alim ermənilər tərəfindən ona göndərilən məktubların bir qismini APA-nın müxbirinə göstərib. Məktublarda ermənilər Oleq Kuznetsovu təhqir edir, onu terrorla hədələyir və görüşə çağırırlar. Məktublardan birində O. Kuznetsovun ünvanına bu sözlər yazılıb: “Mənim millətim haqqında yazanda ehtiyatlı ol, əks halda cəzalandırılacaqsan. Mən oyun oynamıram, bir daha deyirəm ki, mənim millətim haqqımda yazanlar cəzalandırılır. Sən yaşadığın ünvanı mənə yaz. Mən mütləq gələcəyəm. Sən məni çox gözləməyəcəksən. Biz dəqiq görüşəcəyik”.

O. Kuznetsov ünvanına gələn hədələrlə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib-etməməsi məsələsinə də aydınlıq gətirib: “Burada bir məsələ var. Əgər məktublar Ermənistan ərazisindən göndərilirsə, bu məsələ Ermənistan hüquq-mühafizə orqanlarının yurisdiksiyasına aiddir. Mən həmin məktubların hansı İP ünvanından göndərildiyini müəyyən edə bilmirəm. Ola bilsin ermənilər həmin məktubları mobil telefon vasitəsilə göndərirlər. Ona görə də İP ünvanı müəyyən etmək mümkün olmur. “Mail.ru” korporasiyası da onların məlumatlarını mənə verə bilməz. Bu, müştərilərin hüquqlarının pozulması anlamına gəlir. Ona görə də, nə qədər ki, məni ermənilər Rusiya ərazisindən hədələməyə başlamayıblar, buna qarşı tədbir görmək mümkünsüzdür. Əgər mənə gələn məktubların Rusiyada yaşayan ermənilər tərəfindən göndərildiyi təsdiqlənsə, o zaman onlara qarşı hüquqi müstəvidə tədbirlər görüləcək”.

O. Kuznetsov hədələrə baxmayaraq, bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini vurğulayıb: “Cənubi Qafqaz tarixinin öyrənilməsi ilə məşğulam. Bu, çox maraqlıdır. Əgər kiməsə mənim onlara sərf etməyən tarixi sənədi ortaya çıxartmağımda maraqlı deyilsə, bu, onların problemidir. Belə deyək, əgər imperator I Aleksandr Şimali Qafqazda ermənilərə müsəlman qul alveri ilə məşğul olmağı qadağan edibsə və bu haqda tarixi sənəd mövcuddursa, o zaman nə etmək olar?! Mən həmin tarixi sənədi üzə çıxartmışam. Bu, ermənilərin xoşuna gəlmirsə, onların problemidir. Belə şeylər olur. Hal-hazırda Qafqazda xristian dininə etiqad edənlər arasında fərqlilik mövzusu üzərində işləyirəm. Çox maraqlı mövzudur. Rusiya Qafqaz sərhədlərinə çatanda buranın əhalisi xristian olmayıb. Kabardinlər, osetinlər çoxallahlığa sitayiş ediblər. Ermənilərin Rusiya pravoslav kilsəsinə qarşı fəaliyyəti ilə bağlı araşdırmalar aparıram. Ermənilər Qafqaz Albaniyasının irsini özününküləşdirməklə - erməniləşdirməklə bərabər, həm də Şimali Qafqazın çoxallahlılığa sitayiş edən əhalisi arasında da öz dinlərini, xristianlığın qriqoryan məzhəbini yaymağa çalışıblar. Apardığım araşdırmalar nəticəsində ermənilərin Şimali Qafqazın xalqları arasında qriqoryanlığın təbliğatını apardıqlarına dair sənədlər əldə etmişəm. Bu, ermənilərin Rusiya imperiyasının daxili siyasətinə qarşı fəaliyyət göstərdiyinin sübutudur”.

Qeyd edək ki, tanınmış rusiyalı tarixçi alim Oleq Kuznetsov Qarabağ münaqişəsi və ermənilərin tarixi haqqında bir sıra kitabların, monoqrafiyaların, elmi araşdırmaların müəllifidir. Onun “Qarabağ münaqişəsinin mifləri haqqında həqiqət”, “Gülüstana gedən yol: Tarixə dərə-təpələrlə səyahət”, “XX yüzillikdə transmilli erməni terrorunun tarixi” kitabları ermənilər tərəfindən qıcıqla qarşılanıb. “Qarabağ münaqişəsinin mifləri haqqında həqiqət” kitabı rusiyalı politoloq-tarixçi Stanislav Tarasovun Ermənistan-Azərbaycan münaqişəsi haqqında yazdığı “Dağlıq Qarabağ haqqında miflər” kitabına cavabdır. Oleq Kuznetsov kitabında “Tarasovun mifləri” adlandırdığı çap məhsulunun erməni sifarişi olduğunu faktlarla sübut edib. Müəllifin “Gülüstana gedən yol: Tarixə dərə-təpələrlə səyahət" kitabı isə 2013-cü ildə erməni diasporunun maliyyələşdirdiyi Beynəlxalq Yeni Dövlətlər İnstitutu tərəfindən nəşr edilən O.V.Ayrapetov, M.V.Volxonski və V.M.Muxanovun birgə müəllifləri olduqları “Gülüstana gedən yol...” adlı monoqrafiyasına resenziyadır. O, resenziyasında rusiyalı tarixçilərin məlum monoqrafiyada buraxdıqları metodoloji səhvlərin geniş təhlilini verərək, oxucuların diqqətini müəlliflər tərəfindən qəsdən tarixi faktların saxtalaşdırılmasına yönəldib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1014 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...