Rusiya İsveçə qarşı nüvə zərbəsini sınaqdan keçirdi
Rusiya silahlı qüvvələri 2013-cü ildə keçirilən hərbi təlimlər zamanı İsveçə nüvə zərbəsini imitasiya ediblər. Virtualaz.org lenta.ru-ya istinadən xəbər verir ki, bu haqda NATO Baş katibi Yens Stoltonberqin hesabatında deyilir. Hesabat alyansın saytında yerləşdirilib.
“İrimiqyaslı yenidənsilahlanma çərçivəsində Rusiya silahlı qüvvələrinin manevrləri və təlimləri Soyuq müharibədən bu yana görünməmiş xarakter alıb. Son 3 ildə Rusiya ən azı 18 irimiqyaslı təlim keçirib və bu təlimlərdə 100 mindən çox hərbçi iştirak edib”-hesabatda deyilir. Baş katibin hesabatına əsasən bu təlimlər zamanı NATO ölkələrinə və onların müttəfiqlərinə nüvə zərbələri də modelləşdirilib. Məsələn, 2013-cü ilin martında İsveçə nüvə zərbəsinin imitasiyası həyata keçirilib.
Həmin təlimlər Stokholm arxipelaqının şərq sahillərində keçirilmişdi və İsveç mediasının qızğın reaksiyasına səbəb olmuşdu. Çünki İsveç ordusu hərbçilərin çoxunun məzuniyyətdə olması səbəbindən bu təlimlərə vaxtında reaksiya verə bilməmişdi. Radarlar Rusiya ordusunun təlimləri zamanı İsveçin hava məkanına yaxınlaşan iki Tu-22M3 strateji raketdaşıyanını və 4 Su-27 qırıcısını qeydə alıblar. Həmin manevr zamanı Rusiya İsveçin cənubuna və Stokholma nüvə zərbəsi endirilməsi imkanlarını nəzərdən keçirirdi.
Rusiya Müdafiə Nazirliyi NATO Baş katibinin bu hesabatına reaksiya verməkdən imtina edib. NATO hərbi dəniz qüvvələrinin komandanı Klayv Conston isə fevralın 3-də bildirib ki, Rusiya nüvə raketləri daşıyan sualtı qayıqlarla alyans üzvlərinin sahillərində manevrləri artırıb.
Bu arada BBC teleşirkəti “Üçüncü dünya müharibəsi: komanda məntəqəsində” adlı filmi efirə verib. Filmin ssenarisi Rusiya ilə NATO arasında hərbi münaqişəni təsvir edir. Filmin süjetinə əsasən rusiyameylli separatçılar Latviyanın Dauqavpils şəhərini ələ keçirir, Amerika-Britaniya koalisiyasının buna müdaxiləsi Üçüncü dünya müharibəsi təhlükəsini yaradır. Tərəflər nüvə silahından istifadə etməyə hazırlaşırlar. İnsanlığın xilası rolunda isə Britaniya hökumətini üzvləri çıxış edir. Əhvalatlar Britaniyadakı komanda məntəqəsində baş verir.
Münaqişə Tallindən başlayır və sovet döyüşçülərinin xatirəsinin yad edilməsi aksiyası zamanı nümayişçilərə bir qrup maskalı, eston bayraqlı şəxs hücum edir. Daha sonra çaxnaşmalar ölkənin başqa yerlərinə və Latviyaya sıçrayır. Rusiya Estoniya hakimiyyətini millətçiləri ruslara qarşı qızışdırmaqda ittiham edir.Ssenari müəllifləri deyirlər ki, süjet tamamilə uydurmadır, ancaq Ukraynanın şərqindəki hadisələrdən götürülüb.
834 dəfə oxundu