Güney Azərbaycanın siyasi təşkilatları Volodimir Zelenskiyə müraciət edib

Güney Azərbaycanın siyasi təşkilatları Volodimir Zelenskiyə müraciət edib
Güney Azərbaycan türklərinin siyasi təşkilatları Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət ünvanlayıb.

“Report”un məlumatına görə, müraciət müəllifləri Ukrayna xalqını tam dəstəklədiklərini bəyan edib və İrandakı rejimin antiinsani siyasətini pisləyiblər.

Müraciətdə İran əhalisinin təxminən 40 faizini Azərbaycan türklərinin təşkil etdiyi vurğulanaraq İrandakı rejimlər tərəfindən onların bir əsrdir şiddətli irqçi repressiyaya məruz qaldıqları və hər cür ayrı-seçkilik, repressiyalarla üzləşdikləri bildirilib: “Millətimiz on illərdir İranda bir-birini əvəzləyən şah və teokratik rejimlərin müstəmləkəçilik və irqçi siyasətlərinə qarşı mübarizə aparır.

Biz çox yaxşı bilirik ki, siz və Ukrayna xalqı da irqçilik və faşizmlə mübarizənin ön cəbhəsindəsiniz. Açıq şəkildə deyə bilərik ki, Güney Azərbaycan türklərinin və Ukrayna xalqının bu mənada dərdləri eynidir. Təbii ki, faşizmin və irqçiliyin məğlubiyyəti məzlum və torpaqları işğal olunmuş xalqların ortaq arzusudur”.

Müraciətin davamında qeyd edilib ki, dünya azərbaycanlılarının taleyi ilə yaxından maraqlanan Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə Tehran rejimindən başqa dövlətlərin daxili işlərini qarışmamağı tələb edib: “Ancaq faşist İran rəhbərləri terrorçular və işğalçılara silah göndərərək, eləcə də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum təşkil etməklə öz faşist və terrorçu xislətlərini ortaya qoydular”.

Müraciəti imzalayanlar İrandakı rejimin Ukraynanın günahsız vətəndaşlarını öldürmək üçün silah göndərilməsi qarşısında səssiz qalmadıqlarını vurğulayıblar: “Bu mənada indiyədək İran rejiminin terror siyasətinə qarşı çıxmışıq və çıxmaqda davam edəcəyik. Çünki Güney Azərbaycan türk millətinin ürəyi ukraynalılarladır. Sizin də faşizm və irqçiliyə qarşı mübarizədə bir lider olaraq fars faşizmi və irqçiliyi tərəfindən əzilən Güney Azərbaycan türklərinin səsi olacağınıza ümid edirik”.

Müraciəti Azərbaycan Mərkəzi Partiyası (AMP), Azərbaycan Milli Müqavimət Təşkilatı, Azərbaycan Öyrənci Hərəkatı (AZOH), Güney Azərbaycan Demokrat Partiyası (GADP) imzalayıb.

Xatırladaq ki, Ukrayna Prezidenti V.Zelenski İrana qarşı 50 il müddətinə sanksiya tətbiq etməyi təklif edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
585 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...