Külli miqdarda dələduzluq edən şəxs azadlıqda…

Külli miqdarda dələduzluq edən şəxs azadlıqda…
Noyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə külli miqdarda dələduzluğa görə həbsdə olan Qədim Ədilov məhkəmə zalından azadlığa buraxılıb.

Qədim Ədilov həbsinə qədər illərlə Türkiyə və Rusiyada gzilənməklə ədalət mühakiməsindən yayındığına görə İnterpolun “qırmızı bülleteni”nə əsasən beynəlxalq axtarışda olub.

Onun məhkəmə zalından ev dustaqlığına buraxılması iş üzrə zərərçəkənlərin kəskin etirazına səbəb olub.

Gununsesi.info xəbər verir ki, zərərçəkənlər Musavat.com-a, Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqləri obyektiv qərar qəbul edərək Qədim Ədilov barəsində həbs qətimkan tədbiri seçmişdilər, Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseyn, Elbəy Allahverdiyev və Habil Məmmədov tam qanunsuz qərar verib onu azadlığa buraxdığını deyiblər.

Zərərçəkənlər Qədim Ədilovun maddi maraq qarşılığında azadlığa buraxılmasını iddia edirlər.

Qədim Ədilov bu ilin fevralına qədər 17 Azərbaycan vətəndaşına qarşı 2 milyon manatlıq dələduzluq ittihamı ilə beynəlxalq axtarışda olub.

Bildiririk ki, Qədim Ədilovun qaçıb gizləndiyi Rusiya ərazisində həbsi zərərçəkənlərin bu ölkənin hüquq-mühafizə orqanlarına müvafiq müraciətlərindən sonra mümkün olub.

Belə ki, bu ilin fevralında iş üzrə zərərçəkmiş şəxslərdən Xaləddin Yusibov Rusiya Daxili İşlər Nazirliyinin Kaluqa Vilayəti üzrə İdarəsinə rəsmi məktubla müraciət edib. Bundan 5 gün sonra Qədim Ədilov qaçaq həyatı yaşadığı Kaluqa vilayəti ərazisində müəyyən edilərək həbsə alınıb. 26 fevral 2024-cü ildə həbsə alınan Qədim Ədlilov elə həmin gün təcridxanaya yerləşdirilib. Bu haqda onun barəsində beynəlxalq axtarış elan etmiş Azərbaycan hüquq-mühafizə orqanlarına, zərərçəkənlərə də məlumat verilib. Bu ilin oktyabrında Qədim Ədilov Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib.

Q. Ədilovun həbsi barədə danışan zərərçəkənlərdən Natiq Hümbətov deyib ki, onun məhkəmədən ev dustaqlığına buraxılması qanunsuzdur:

“Bu adam 2 dəfə həbsə alınıb, 5 dəfə də barəsində verilmiş qanunsuz qərar ləğv edilib, yenidən istintaqa qaytarılıb. Hər dəfə də azadlığa çıxa bilib, istintaqdan yayınıb”.

Natiq Hümbətov bildirib ki, Qədim Əilovu Rusiya tərəfi Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verəndən sonra mətbuatda yanlış olaraq “məşhur biznesmen” kimi təqdim olunub:

“Qədim Ədilovun dələduzluq əməllərindən zərər çəkmiş xeyli vətəndaş var. Biz – Xaləddin Yusubov, Məmməd Cəfərov, Şahin Aslanov, Mirhəbib Ağalarov, Sadiq Cəfərov, Etibar Kazımov, Rövşən Məhərrəmov və başqaları. Yenə də bu adamı “qurban” kimi göstərib aradan çıxarmaq fikirləri var? Mürəkkəb dələduzluq sxemi qurub insanların ev-eşiyini satdıraraq pullarını çırpışdırmaq nə vaxtdan biznes sayılır? Məşhur biznesmen Araz Ağalarov, İskəndər Xəlilov, Fizuli Ələkbərov və s kimi pillə-pillə biznes qurub zəngin olmuş şəxslərə demək olar. Yoxsa toyuq oğrusu, saxta sənədlərlə iş adamlarını aldadıb pullarını dələduzluq yolu ilə ələ keçirən nə vaxtdan “məşhur biznesmen” olub? Düşünürəm ki, bu cür təqdimat kimlərinsə istintaqın və məhkəmənin rəyini yanlış yönləndirmək cəhdləridir. Necə ki, keçmişdə dələduzdan “ zərərçəkmiş” obrazı yaratmaqla keçmiş baş prokuror müavini Rüstəm Usubov və keçmiş Bakı şəhər prokuroru İlqar Abbasov hansısa maraqlar qarşılığında dələduzu istintaqdan yayındırdılar. Yalnız biz zərərçəkmişlər Prezidentin köməkçisi Fuad Ələsgərovun qəbulunda olduqdan sonra Fuad müəllim bu işi nəzarətə götürdü və baş prokuror Kamran Əliyevin də diqqətini bu işə cəlb etdi. Ondan sonra Baş Prokurorluğun İstintaq İdarəsi ciddi araşdırma apardı və artıq ölkədən qaçmış dələduzun həbsi haqda məhkəmə qərarı çıxarıldı. İnterpol “qırmızı bülleten” ilə axtarış elan etdi”.

Natiq Hümbətov deyib ki, Qədim Ədilov Azərbaycandan əvvəlcə Türkiyəyə qaçıb. Zərərçəkənlərin onun izinə düşməsindən xəbər tutandan sonra oradan da Rusiyaya qaçaraq gizlənməyə çalışıb:

“Mən dələduzun izinə düşüb Türkiyə İnterpol İstanbul şöbəsinə məlumat verdim. Lakin “dolandırıcılıq suçları hapissiz yarqılanıyor” deməklə onu həbs etməkdən imtina etdilər. Yəni yerini bilirsənsə, get məhkəməyə ver, pulunu tələb et. Açığı, bu, İnterpol Azərbaycana qarşı qardaş dövlətdəki İnterpol şöbəsinin hörmətsizliyi idi. Və ya onlar rüşvət alıb onu qoruyurdular. Çünki bundan sonra o, duyuq düşüb Türkiyədən Rusiyaya qaçdı”.

Natiq Hümbətov bildirib ki, bir müddət sonra Qədim Ədilovun sorağını Rusiyanın ucqarlarından eşidiblər. Bundan sonra zərərçəkmişlərdən Xaləddin Yusubov dərhal Moskvaya gedib və İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Qədim Ədilovun həbsi üçün rəsmi müraciət edib.

Xaləddin Yusibov deyib ki, Qədim Ədilov zamanında himayə edilməsəydi, bu gün layiqli cəzasını alıb həbsdə günlərini sayırdı:

“2014-cü ildə bu dələduz özünü “Azəri AQA” firmasının direktoru kimi təqdim edib Rusiyadan “Aziz” adlı firmadan taxta alıb satmağı təklif edirdi. Həmin firmadan ayrı-ayrı firmaların adına rəsmiləşmiş vaqon sənədləri göstərib pul alırdı. Sonradan məlum oldu ki, eyni vaqon üçün 8-10 nəfərdən pul alıb. Rusiyadakı “Aziz” firmasının direktoru Mirhəbib Ağalarov ilə biz istintaqda tanış olanda məlum oldu ki, dələduz Qədim Mirhəbib Ağalarova deyirmiş ki, filan firmaya və ya şəxsin adına vaqon yüklə, rəsmiləşdir, nömrəni göstərib pulunu vurduracam. Sonra deyirmiş ki, həmin şəxsin ödəmək imkanı olmadı, indi sənədi ləğv et, başqa firmanın adına rəsmiləşdir. Sonda da deyirmiş ki, heç birindən pul ala bilmədim. Yük dolu vaqonu özümün “Azəri AQA” firmasına göndər, satıb pulunu özüm verəcəm. Beləcə bizlərlə yanaşı, Mirhəbib Ağalarovu da aldadıb 200 min dollarlıq malını ələ keçirib və onun sənədlərini bizə göstərib ümumilikdə 2 milyondan artıq pulu ələ keçirdi. Biz ondan şikayət etdik və cinayət işi başlandı. Lakin dələduz və onun müəllimi olan atası o zaman prokurorluqda işləyən generallara yol tapdılar və Rüstəm Usubovla İlqar Abbasov bu cinayətkarın “daydayı” oldular. Onlar onun adını MTN-də Çovdarovdan zərərçəkmiş yazdılar və cinayət işini ləğv etdilər. Mən şahid qismində Çovdarovun məhkəməsinə çağırılanda orada məlum oldu ki, bu dələduz özü onlara “donos” yazan imiş və ora davamlı gedib-gəlirmiş. Sadəcə sonuncu dəfə polisə nəzarət prokuroru Mircavan Kazımov haqqında yalançı donos yazanda Çovdarov çağırıb üstünə təpinib ki, “ay alçaq, bizi prokurorluqla düşmən etmək istəyirsən?” Bunu məhkəmədə hamımız eşitdik. İndi təzədən bəzi saytlar gətirib bunu MTN işinə bağlayırlar. Unudurlar ki, daha Rüstəm Usubov kimiləri vəzifədə yoxdur”.

Xaləddin Yusibov Qədim Ədilovun Bakı Apellyasiya Məhkəməsindən azadlığa buraxılmasının istintaqın işinə ciddi maneələr törədəcəyini deyib:

“Bu adamı hər dəfə həbs edib istintaqa cəlb edəndən sonra bir yol tapıb azadlığa çıxır. Sonra da ölkədən qaçır. Bu dəfə də belə olacaq. Bakı Apellyasiya Məhkəməsinin hakimləri Cavid Hüseyn, Elbəy Allahverdiyev və Habil Məmmədov Qədim Ədilovu azadlığa buraxmazdan əvvəl onun dələduzluq bioqrafiyasına nəzər salmalı idilər. İstintaqçıların işini çətinləşdirən, bizə qarşı dələduzluq əməlinin araşdırılmasını əngəlləyən qərar verməkdən çəkinməli idilər. Hakimlərin qərarını qanunsuz, hanısa maraqlara söykənmiş qərar hesab edirik”.

Zərərçəkən Şahin Aslanov da bildirib ki, Qədim Ədilovun Bakı Apellyasiya Məhkəməsindən azadlığa buraxılmasını qanunsuz hesab edir:

“Bu adam dələduzdur. Hakimlər onu niyə azad etdilər? Gedib yenidən dələduzluq etsin?”

Onun sözlərinə görə, Qədim Ədilov yüksək dələduzluq, inandırma qabiliyyətinə malikdir:

“O, Rusiyanın Sverdlovsk vilayətindəki Serov şəhərində taxta emalı ilə məşğul olan, həmin şəhərdə Azərbaycan diaspora təşkilatının rəhbəri Mirhəbib Ağalarovu inandırıb ki, özünün rəhbəri olduğu “Azəri AQA” firması böyük çapda taxta idxalçısıdır. O, bu firma ilə Ağalarova məxsus “Aziz” firması arasında üçüncü firmalara və şəxslərə taxta göndərmək haqda çoxsaylı müqavilələr imzalayıb. Sonra həmin firmalar adına sənədlər rəsmiləşdirib. Lakin sonra deyib ki, o fimalardan pul ala bilmirəm. Sənədləri ləğv et, malı mənim öz firmama vur. Mən ancaq sonradan başa düşdüm ki, o, mənim sənədlərimdən istifadə edib millətdən para toplayırmış. Mənə cəmi bir-iki dəfə xırda məbləğdə ofşor firmalar üzərindən pul göndərdi. Əvəzində isə 200 min dollardan artıq malımı aparıb pulumu vermədi. Pulu mənə nə üçün rəsmi deyil, ofşordan göndərdiyini soruşanda, dedi ki, mən Azərbaycanda vergi vermirəm. Başa düşdüm ki, bu, həm vergidən yayınır, həm də dələduzluq edir. Əməkdaşlığı dayandırıb pullarımı tələb etməyə başladım. Lakin o, pulumu vermək əvəzinə məni Azərbaycanda məhkəməyə verdi ki, guya mən ona borcluyam. Amma yalan ayaq tutar, yeriməz. Məhkəmədə sübut edildi ki, bu, hoqqabaz və dələduzdur. Həbs olunanda çox sevindim ki, nəhayət, haqlı cəzasını çəkəcək. Çox təəssüf ki, Bakı Apellyasiya Məhkəməsi belə bir qərar verdi. Ümid edirəm ki, Qədim Ədilov bu dəfə azadlığa çıxsa da, bizə qarşı törətdiyi dələduzluq əməlinə görə nəhayət ki, layiqli cəzasını alacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
107 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...