Ali təhsilin müddəti 1 il AZALDILIR?

Ali təhsilin müddəti 1 il
Elm və təhsil naziri Emin Əmrullayev bir neçə gün əvvəl, bəzi ali məktəblərdə təhsil müddətinin 3 ilə endirilməsi ehtimalından danışıb.

Nazir qeyd edib ki, ali məktəblərdə bəzi ixtisasların tədris müddətinin 4 ildən 3 ilə salınması ilə bağlı məsələ pilot layihə çərçivəsində növbəti illərdə həyata keçiriləcək. Bunun təhsilalanların sayının artırılmasına da səbəb olacağını söyləyən nazir, dəyişikliyin informasiya texnologiyaları və turizm sahəsində edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.


Bəs, bu dəyişiklik təhsil sahəsinə hansı yeniliklərə səbəb olacaq?

Təhsil eksperti Nadir İsrafilov Bizim.Media-ya açıqlamasında, bunun mümkün olduğunu söyləyib və nazirin fikirlərini düzgün yanaşma kimi dəyərləndirib:

“Əvvəllər təhsilin keyfiyyəti, onun müddəti ilə müəyyən olunurdu. Sovet dövründə orta məktəblərdə təhsil müddəti 10 il idi. Amma səviyyəsi indikindən elə də çox fərqlənmirdi. Sonradan bu, 11 illik oldu. Uşaqlarımız bu illər ərzində orta təhsil almalarına baxmayaraq, repetitor yanına gedir və 11 ildə öyrəndiyini 1 və ya 2 il ərzində yenidən öyrənirlər. Bu təcrübə göstərir ki, təhsilin keyfiyyətinin, onun müddətinin uzadılması ilə heç bir əlaqəsi yoxdur.

Burada daha səmərəli metodlardan istifadə olunmasına ehtiyac var. Tutaq ki, Boloniya sistemində olduğu kimi, ali təhsilin müddətini 4 ildən 6 ilə qədər artırdıq, 2 il də magistatura pilləsini əlavə etdik. Nə isə əldə edəcəyikmi?

Bəllidir ki, bu gün həm magistatura pilləsi ilə, həm də təhsilin iki pilləyə bölünməsi ilə bağlı ciddi narazılıqlar var. Bu gün bakalavriat pilləsini bitirən şəxs hansısa dövlət və özəl qurumlara getdikdə, ondan magistratura diplomu təələb olunur. Ona görə ki, həmin qurumlar bu pilləyə kollec gözündə baxırlar”.

Onun sözlərinə görə, bəzi Avropa ölkələrində, o cümlədən Rusiyada ikipilləli sistemdən imtina etməyə hazırlaşırlar:

“Onun əvəzinə isə birpilləli sistemə keçid məsələsi müzakirə olunur. Bir sözlə bu məsələyə müxtəlif yanaşmalar var”.

Nazir Emin Əmrullayevin gündəmə gətirdiyi məsələyə toxunan müsahibimizin fikrincə, 3 illik sistemi bütün sahələrdə tətbiq etmək doğru olmaz:

“Müəyyən ixtisasları 3 ilə başa vurmaq mümkündür. Əsasən humanitar, texniki sahələrdə bu, mümkündür. Bu sistemə keçid baş verərsə, mütəxəssislərlə, rektorlarla, universitetlərin professor-müəllim heyəti ilə müzakirələr aparılacaq və hansı ixtiasların 3 illiyə keçidi birlikdə razılaşdırılacaq.

Bir sözlə, bu keçid birdən-birə baş verməyəcək. Bunun üzərində ciddi düşünülməli, əvvəlcədən lahiyəsi hazırlanmalı, hansı ixtisaslara tətbiq olunacağı əvvəlcədən müəyyən olunmalıdır. Bu gün elə ixtisaslar var ki, onlarda təhsil uzunmüddətlidir və praktiki vərdişlər tələb olunur. Elələri də var ki, müddətini 4 ilə qədər uzatmağın mənası yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
315 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...