Meteohəssas insanların diqqətinə - Güclü geomaqnit qasırğası var

Meteohəssas insanların diqqətinə -

Hazırda Günəşdə ləkələr müşahidə olunsa da, fəallıq aşağı səviyyədədir. Hər hansı alışma, tac kütlə atılması müşahidə olunmur. Buna baxmayaraq, mövcud vəziyyət yaxın 3 gün ərzində M sinfindən olan alışmanın yarana biləcəyini istisna etmir. Günəş küləyi ilə bağlı vəziyyət isə qeyri-stabildir.

Gündeminfo.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatında bildirilib. Məlumata görə, bunun əsas səbəbi 20-21 mart tarixlərində DSCOVR tərəfindən qeydə alınan tac kütlə atılmasının Yerə yaxınlaşmasıdır. STEREO-A koronoqrafından alınan təsvirlərin təhlili ümumi maqnit sahəsinin intensivliyinin 22 nTl-ya, Bz komponentinin maksimal kənaraçıxmasının 17 nTl-ya bərabər olduğunu göstərir. Bu parametrlərin ölçülən ədədi qiymətləri kosmik hava şəraitində kifayət qədər güclü həyəcanlaşmadan xəbər verir. Hesabat dövründə Günəş küləyinin sürəti 450-500 km/san intervalında, maksimal həddi isə 517 km/san olub. Günəş küləyində müşahidə olunan həyəcanlaşmaların növbəti 3 gün ərzində də davam edəcəyi proqnozlaşdırılır. Belə qeyri-stabil vəziyyət bu gün Yerdə əsasən yuxarı en dairələrində G3 (Kp=7, güclü) səviyyəli geomaqnit qasırğasına səbəb olub. Ümumilikdə isə səviyyəsi G2-G3 (Kp=6-7, orta-güclü) olaraq qiymətləndirilən geomaqnit qasırğası günün sonuna nisbətən səngiyərək G1-G2 (Kp=5-6, minor-orta) səviyyəsinə düşəcək. Bu proqnoz tac kütlə atılmasının təsirinin azalması ilə əlaqələndirilir. 25 və 26 mart tarixlərində ayrı-ayrı saatlarda G1 (Kp=5, minor) səviyyəli maqnit qasırğasının müşahidə olunacağı proqnozlaşdırılır.

Qeyd edək ki, belə maqnit qasırğaları bizim en dairələrinə nisbətən zəifləmiş halda gəlib çatsa da, eko-, bio- və texnosistemlərə öz mənfi yan təsirlərini göstərir. Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.

Bundan başqa, əmələ gələn geomaqnit qasırğası səbəbindən yuxarı en dairələrində yerləşən ölkələrin əhalisi yaxın 3 gün ərzində əsararəngiz təbiət hadisəsinin - "avrora"ların ("qütb parıltıları"nın) şahidi olacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
418 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...