“Hacıbala Abutalıbova görə 11 ildir damda yaşayıram” - Xalq artisti

“Hacıbala Abutalıbova görə 11 ildir damda yaşayıram” -
"Hacıbala Abutalıbovun qanunazid əməlləri ucbatından mən bu gün hələ də “Karlson” kimi damda yaşayıram".

Yeniavaz.com xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudov bildirib.

O qeyd edib ki, Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən getsə də, onun mənzil problemi öz həllini tapmayıb və keçmiş icra başçısı məhkəmənin qərarını icra etməkdən imtina edib:

“Mən ölkə başçısına təşəkkür edirəm ki, mənim fəaliyyətimə qiymət verib, məni dəyərləndirib, ev verib. Amma mənim o evi də təmir etdirməyə imkanım yoxdur. Pandemiyadan əvvəl istədim, təmir edəm, tanışlardan pul aldım, bir dostumdan da 50 min manat götürdüm, təmir etdirmək istədim, amma pandemiya gəldi, qiymətlər qalxdı, iş yarımçıq qaldı.
Mənimlə görüşənlər, məndən dəstək alıb qidalananların biri mənə olunan haqsızlığa dillənib-danışmadı. Sosial problemlərdən danışıram deyə hamısı başladı dil çıxarmağa. Keçməz bu şeylər, reallıq nədirsə, odur. Hacıbala Abutalıbov qəbul olunan üç məhkəmə qətnaməsini - rayon məhkəməsinin, Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qətnamələrini heçə sayıb və bu gün də həmin məhkəmə qətnamələri icra olunmadan qalır. Ona görə mən 11 ildir, ölkə başçısının mənə ev verməyinə rəğmən, qalmışam damda, oraya köçə bilmirəm. Bu damı da sənətimə, işimə hörmət edən bir insan verib mənə. Bəs həmin o qayınanası üçün narahat olanlar dövlətin qanununu heçə sayan Hacıbalalardan niyə danışmadılar? Biri səsini çıxarıb, məni müdafiə etmədi. Mən qətnamənin icrasını tələb edirəm.
Hazırda yaşadığım damda üç ailə birgə yaşayırıq - oğlumun ailəsi, qızımın ailəsi və mən. Bir dostumu, qohumumu evimə dəvət edə bilmirəm, utanıram kimisə evimə dəvət etməyə. İnanın, işıqpulunu, qazpulunu, supulunu çatdırıb verə bilmirəm. Yay olanda kondisioner işlədən kimi işıq çox pul yazır, ödəyə bilmirəm, qışda da istilik avadanlıqları işlədirik, yenə ödəməyə imkanım çatmır. Mən də yaşlı adamam, emosional, əsəbi adamam, qalıram belə”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1012 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...