Prezident İrana qarşı daha bir humanist addım atdı

Prezident İrana qarşı daha bir humanist addım atdı
Azərbaycan Prezidenti İlham Əliyev İrana münasibətdə növbəti humanist addım atıb. APA-nın məlumatına görə, bu günlərdə İranın Naxçıvandakı Konsulluğu Naxçıvan Muxtar Respublikasının penitensiar müəssisəsində cəza çəkən iki İran vətəndaşının ölkəsinə təhvil verilməsi barədə açıqlama yaymışdı.

Məhbuslardan biri narkotik maddə saxlamaqda, digəri isə sərhədi qanunsuz keçməkdə təqsirli bilinib.

APA bununla əlaqədar Azərbaycanda saxlanılan iranlı məhkumlarla bağlı araşdırma aparıb, aidiyyəti dövlət orqanlarının rəyi öyrənilib.

Araşdırma nəticəsində müəyyən olunub ki, məsələdə qeyri-dəqiqliyə yol verilib. Belə ki, Azərbaycan və İran arasında məhkumların verilməsi proseduru dövlətlərarası müqavilə ilə tənzimlənir. İranın Naxçıvandakı Konsulluğunun qeyd etdiyi həmin şəxslər isə bu kateqoriyaya aid deyillər.

Azərbaycanın cəzaçəkmə müəssisələrində müxtəlif xarici dövlətlərdən olan məhkumlar saxlanılır və onların içərisində İrandan olan məhkumlar üstünlük təşkil edir. Statistika göstərir ki, iranlı məhkumların sayı hər il 200 nəfər civarında təşkil edir, onların da tam əksəriyyəti, yəni 90%-i narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayət əməllərə görə tutulub.

Təsadüfi deyil ki, bu cür təhlükəli cinayət əməlləri, bütün dünyada olduğu kimi, narkomaniyanın ölkəmizdə də, xüsusilə cəmiyyətin həssas təbəqəsi olan gənclər arasında yayılmasına səbəb olmaqla, bu bəlaya qarşı aparılan mübarizə tədbirlərinə ciddi mənfi təsir göstərir.

Bununla belə, məhkumların verilməsi haqqında dövlətlərarası müqavilənin icrası çərçivəsində Azərbaycan dostluq və qonşuluq münasibətlərinə sadiqlik nümayiş etdirərək bu cür ağır cinayət törətmiş şəxslərin İran tərəfinə təhvil verilməsini mütəmadi olaraq həyata keçirir. Məlumata görə, son 10 il ərzində məhkum olunmuş 300 İran vətəndaşı cəzasının qalan hissəsini öz ölkəsində çəkmək üçün qarşı tərəfə təhvil verilib. Lakin onların bəziləri bundan sonra təkrarən ölkəmizə narkotik daşıdığına görə yenidən tutulublar.

Həmçinin, dövlət başçısının hazırkı dövrə kimi imzaladığı əfv sərəncamlarına əsasən, son 5 il ərzində 100-ə yaxın iranlı məhkum fərdi qaydada əfv olunub və ya digər humanist aktlarla vaxtından əvvəl cəzadan azad ediliblər.

Eyni zamanda humanizm prinsiplərinə əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə zaman-zaman bir çox iranlı məhkum da ölkəsinə təhvil verilib.

Sonuncu dəfə iki iranlı məhkumun ölkəsinə təhvil verilməsi də bu humanist siyasətin davamıdır. Azərbaycan Prezidenti bununla İranla münasibətlər çərçivəsində növbəti humanist addım atıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
142 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...