“İcra başçısının həbsi deyilənlərin tək söz olmadığını göstərdi” - RƏYLƏR

“İcra başçısının həbsi deyilənlərin tək söz olmadığını göstərdi” -

“İtin yiyəsi varsa, qurdun da Allahı var. Çox gözəl deyimdir. Bu gün bir daha buna əmin oldum. Bu dəqiqələrdə xəbər tutdum ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu rüşvət alarkən həbs ediliblər. Belə xəbərlərə heç vaxt sevinməmişdim. Bu dəfə sevindim, ona görə ki, bu faktın özü hakimiyyətin hansısa müsbət dəyişiklik etməsinə ciddi bir işarədir”.

“Report” xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

O qeyd edib ki, son vaxtlar Prezident İlham Əliyev yeni icra başçıları təyin edərkən kim qanun pozuntusuna yol verəcəksə, ciddi cəzalanacaqlarını deyirdi:

“Baş verən hadisə deyilənlərin tək söz olmadığını göstərdi. Bu günə qədər nəinki icra başçısı, onun müavini, heç sıravi əməkdaşı da həbs olunmamışdı. Bu artıq yerdə olan icra başçılarına ciddi bir siqnaldır”.
Aslan İsmayılov

"Bu, artıq yerdə olan icra başçılarına ciddi bir siqnaldır".

Hüquq müdafiəçisi Sahib Məmmədov isə “Report”a açıqlamasında deyib ki, korrupsiyanı şərti olaraq iki hissəyə bölürlər – yuxarıların korrupsiyası (nomenklatur korrupsiya) və aşağıların korrupsiyası (məişət korrupsiyası). O bildirib ki, Azərbaycanda "ASAN xidmət"in yaranması ilə xırda korrupsiyanın, demək olar ki, kökü kəsilib: “Əsas korrupsiya da budur. İnsanlar xidmət alarkən, əmlak üzərində haqlarını həyata keçirərkən, müəyyən dövlət xidmətlərini alarkən, vergi ödəyicisi kimi bəyannamə verərkən, sosial sığorta bəyənnaməsi verərkən və başqa hallarda xırda ödənişlər olurdu. Ancaq hazırda onlar yoxdur, demək olar ki, belə rüşvət növü sıradan çıxıb. Bir çox dövlət qurumlarının göstərdiyi xidmət “ASAN xidmət”ə keçib. Nomenklatur korrupsiyasına gəldikdə, dövlət satınalmalarında, digər məsələlərdə korrupsiya faktları var".

Hüquq müdafiəçisi Sahib Məmmədov:

"Kimlərdəsə şübhə qalıbsa ki, Prezidentin islahatları dərin deyil, qoy bu onlar üçün dərs olsun".
S.Məmmədov deyib ki, islahatlar dalğasının yeni fonunda bu rüşvət növünə qarşı mübarizənin daha da güclənəcəyi gözlənilən idi: "Əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi belə saxlamalar etmişdi. Əgər yazılanlar doğrudursa, yüksək vəzifəli şəxslər arasında belə hal baş verib. Kimlərdəsə şübhə qalıbsa ki, ölkə Prezidentinin islahatları dərin deyil, qoy bu, onlar üçün dərs olsun”.

Hüquq müdafiəçisi bildirib ki, korrupsiya təhlükəli fenomendir:

“Bizdə korrupsiya ilə mübarizə haqqında qanun var, dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanun var. Tələblər qanunvericilikdə çox güclü şəkildə qoyulub. Əvvəllər də korrupsiya ilə mübarizə aparılırdı, ancaq indi bu istiqamətdə yeni dalğa görünməkdədir. Korrupsiya cəmiyyəti içəridən dağıdan bir fenomendir və onun qarşısı alınmalıdır. Korrupsiyaya yol verənlər idarətmə əleyhinə böyük cinayət etmiş olurlar. Bunun da qarşısı alınır”.

Qeyd edək ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov saxlanılıblar. Hər iki şəxs ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onların rüşvətə görə saxlanıldığı bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
545 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...