"Tarif Şurasının qərarı olduqca ədalətlidir"
Məlum olduğu kimi, sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb. Bunu "APA-Economics"ə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib. Onun sözlərinə görə, sentyabr ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minib.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq edilib. Yeni tariflər bu il sentyabrın 15-dən qüvvəyə minib.
Qurum rəsmisi qeyd edib ki, Tarif Şurasının qərarı olduqca ədalətlidir. Çünki təyin olunan qiymətlər qonşu ölkələrin müvafiq tarif qiymətləri ilə müqayisədə xeyli ucuzdur.
Məsələn, Rusiya Federasiyasında fəaliyyət göstərən “Aeroekspress”də 45 km-lik məsafədə gediş haqqı 6, 30 AZN, Estoniyada şəhərətrafı elektrik qatarlarında 35,9 km-lik məsafədə gediş haqqı 3, 35 AZN, Ukrayna Respublikasında şəhərətrafı elektrik qatarlarında 37 km-lik məsafədə gediş haqqı 2, 90 AZN, Özbəkistan Respublikasında şəhərətrafı elektrik qatarlarında gediş haqqı 2, 50 AZN, Türkiyə Respublikasında 46 km-lik məsafədə gediş haqqı 5, 20 AZN, Qazaxıstan Respublikasında şəhərətrafı elektrik qatarlarında gediş haqqı 6, 10 AZN təşkil edir.
1100 dəfə oxundu