Qaradağda məktəbə gedən birincilərə məktəb ləvazimatı verildi
08 sentyabr 2015-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 139 nömrəli orta məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları, çantalar və məktəb ləvazimatları təqdim olunub. Tədbirdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova mütəmadi xeyriyyə aksiyaları keçirən Heydər Əliyev Fondunun qısa müddətdə bir çox insanların ümid yerinə çevrildiyini bildirdi.
Qeyd etdi ki, Ulu Öndərin ölməz ideyalarının layiqli daşıyıcısına çevrilmiş fond hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə maddi-mənəvi dəstək verir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəstəyi və köməkliyi ilə respublikamızda elmin, mədəniyyətin, səhiyyənin inkişafı, milli-mədəni irsimizin qorunması, tarixi abidələrimizin bərpa edilməsi, mədəniyyətlərarası dialoqda xalqımızın layiqincə təmsil olunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində irimiqyaslı layihələrin, sosial proqramların həyata keçirilməsi misilsiz xidmətlərdir.
Rayonumuzun bir çox məktəblərinin də məhz Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunduğunu, müasir standartlar səviyyəsində yenidən qurularaq balalarımızın ixtiyarına verildiyini vurğuladı. Həmçinin rayon ərazisində Heydər Əliyev Fondu tərəfindən 3 yeni körpələr-evi uşaq bağçasının tikintisi də nəzərdə tutulmuşdur ki, artıq 2 bağçanın tikintisə başlanılıb.
Tədbirin sonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində rayonumuzun imkansız, maddi durumu ağır olan ailələrinin orta ümumtəhsil məktəblərində təhsil alacaq 200 nəfər məktəbliyə yeni məktəbli formaları, çantalar və məktəb ləvazimatları təqdim olundu. Valideynlər onlara hər zaman göstərilən yüksək diqqət və qayğı üçün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.
1145 dəfə oxundu