Limitsiz variasiyalar nəyi dəyişəcək ? - Ekspert
Ötən son həftələrdə, dəqiq xatırlamadığım saytların birində Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, QNT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehlinin “Universitet – strateji dəyər və ya...” ( Qaldırılan ballar nəyi dəyişəcək...) sərlövhəli yazısı diqqətimi çəkdi. Bir anlığa İTV kanalının “Açıq dərs” proqramının üç il əvvəlki buraxılışındakı vur-çatlasın yadıma düşdü. Yəni həmin buraxılışın format baxımından əsas özəlliyi o idi ki, verilişə müəllim və məktəb direktorları ilə yanaşı, xeyli valideyn də dəvət olunmuşdu. Başlanğıcda aparıcı Cəsarət (o zaman Valehov) elan etdi ki, bu günkü mövzumuz “Məktəblərdə müəllim-valideyn assosiasiyaları”dır. Doğrusu, ilk anda ağlıma gəldi ki, yəqin burada tar-mar edilmiş məktəb mühitinin bərpası, bərpa prosesinin, eləcə də ailə-məktəb münasibətlərinin harmonikləşdirilməsi və funksionallaşdırılması üçün yaradılacaq assosiasiyaların rolu haqqında söhbət gedəcək...
Nə isə, əvvəlcə aparıcı, sonra isə ekspert qismində dəvət olunmuşlar çıxış etməyə başladılar. Bu adamlar “müəllim-valideyn assosiasiyaları” ideyasını təriflədilər, nə təriflədilər. Sanki bu “assosiasiyalar” təhsilimizin “iksir”idir, onlar yaradılan kimi, Mərdanovun yerlə-yeksan etdiyi təhsilimiz nizama düşəcək: məktəblərdə rüşvət alınmayacaq; təlimin səviyyəsi o dəqiqə yuxarı qalxacaq; repetitorlara ehtiyac qalmayacaq; fondpulu, süpürgəpulu, testpulu və s. yığılmayacaq. Bir sözlə, hamının “fikri” eyni idi: Dünyada geniş təşəkkül tapmış bu “ideya” mütləq bizdə də reallaşmalıdır.
Olsun, buna heç bir sözüm yoxdur. Amma bu günə qədər bizdə yaradılmış belə qurumların hansı hüquq və vəzifələrinin olmasından danışan yox idi. Məsələn, başqa ölkələri demirəm, qonşu Gürcüstandakı kimi, yaradılacaq assosiasiyalara ən azı məktəb direktorunu, müəllimi, metodisti və psixoloqu işə götürmək səlahiyyəti verilmirsə, onların dekorasiya olacağı aydın deyilmi?! Adicə dərslik seçimi hüququ belə olmayan bu insanlardan nazirlik məmurlarının alət kimi istifadə edəcəyini anlamaq beləmi çətindir?
Hisslərimi cilovlaya bilmədim. “Cəsarətsiz Cəsarət, yaxud Açıq dərsdə örtülü bazar” başlığı altında yazım vasitəsilə Valehova sual etdim: Azərbaycan təhsilində ciddi nöqsanların hələ də qaldığı, bu sahədə yüksək inkişaf meyillərinin görünmədiyi, şagird və tələbələrin bilik səviyyəsi, dünyagörüşü, hazırlığı, informasiya texnologiyaları sahəsində lazımi bilik və təcrübələrinin qənaətbəxş olmadığı, Azərbaycanda təhsilin ümumi göstəricilərinin bir çox region dövlətləri ilə müqayisədə çox aşağı olduğu bir şəraitdə “Açıq dərs”də təhsilimizdəki “nailiyyətlərdən” danışmağın anlamı nədən ibarətdir?!
İndi, artıq xeyli müddət keçdikdən sonra hörmətli Valehlinin “Qaldırılan ballar nəyi dəyişəcək “sualına cavab verməyi də özümə borc bildim: Məktəb valideyn komitələrinin müəllim – valideyn assosasiyaları ilə əvəz olunması nəyi dəyişdisə qaldırılan ballar da onu dəyişəcək.
Cəsarət müəllimin bəhs etdiyimiz yazısında keyfiyyətli ali təhsil və mütəxəssis hazırlığı məsələsinə cari ilin ali təhsil müəssisələrinə qəbul prizmasından yanaşaraq gəldiyi qənaət ondan ibarətdir ki, qəbulda minimal keçid balının 200-dən aşağı endirilməməsi nəticəsində universitetlərimiz əvvəlki illərə nisbətən daha keyfiyyətli məhsulla təmin ediləcək. Yəni uzun müddət ərzində ölkəmizdə aşağı bal istehlakçısı olan universitetlər korpusu formalaşıb. Həmin təhsil müəssisələri əsasən tələbə qəbulunda ikinci yerləşdirmədə öz kontingentini formalaşdırıblar. Sadəcə 150 və bir az artıq balla qəbul olunan tələbə qəbul olduğu ali təhsil müəssisəsində elə bu balın ətrafında oxuyaraq məzun olurdu. Əmək bazarına sadəcə kağız-karton diplomla qədəm basan məzunun taleyini oxuduğu 150 ballıq universitet biliyi müəyyən edirdi və nəticədə “diplomlu” işsizlər ordusu sosial problemə çevrilib.
“Beləliklə, gəlinən nəticə hansılardır? Bugünkü minimal biliyə malik olmayan şəxsi 1-ci kursa qəbul etməklə, bizim 4 ildən sonra əmək bazarı üçün peşəkar mütəxəssis buraxmaq şansımız kifayət qədər azdır. Ona görə də keyfiyyətə üstünlük verməliyik. Bu il qəbul olunan gənclər əmək bazarına 4 il sonra gedəcəklər. O toxumlar bu gün əkilməlidir ki, biz onların bəhrəsini orta müddətdə görə bilək”.
Düz sözə nə deyəsən, bir şərtlə ki, əmması olmasa. Əvvəla, “uzun müddət ərzində ölkəmizdə aşağı bal istehlakçısı olan universitetlər korpusu formalaşıb” yox, formalaşdırılıb. İkincisi, əlavə qəbul elan etməklə həmin təhsil müəssisələrinin tələbə qəbulunda ikinci yerləşdirmədə kontingentini də özləri yox, biz formalaşdırmışıq. Üçüncüsü, keçid balını 150-yə endirən də elə bizlər özümüzük. Təhsil problemləri ilə az-çox maraqlananlar unutmuş deyillər ki, qəbul imtahanlarında ilk dəfə test sisteminin tətbiq olunduğu 1992-ci ildə müsabiqəyə buraxılış həddi o zamankı TQDK rəhbərliyi tərəfindən 280 bal müəyyənləşdirilmişdi.Yənı, 700 bal sistemində bu biliyin 40 faizini təşkil edir və klassık “5” ballıq qiymətləndirmədə “3” deməkdir. Ekspertlər bu və bu kimi məsələlərə dəfələrlə diqqət çəkib. Hətta TQDK plan doldurmaq, boş yer qalmamaq naminə müsabiqəyə buraxılış bal həddini heç bir qanunauyğunluğa əsaslanmadan istədiyi şəkildə müəyyən etməkdə suçlanaraq ekspertlərin tənqid hədəfinə belə tuş gəlib.
“Vakant yerlər obrazlı desək, bir çox universitetlərin çörək ağacına çevrilib” ifadəsi ilə də razılaşmaq heç cür olmur.Çünkı, bu “ağacı” əkən də , bəsləyən də özümüzük. 6555 boş qalan vakant yerə əlavə qəbul aparılması elə bunun bariz göstəricisidir və təhsilimiz üçün əlavə neqativlərın mənbəyidir. Ya plan yerləri ,keyfiyyətsiz mütəxəssis hazırlığı, ya da yüksək bal hesabına keyfiyyətli təhsil. “Nə şiş yansın, nə kabab” prinsipinə əsaslansaq üçüncü yolun da mövcudluğu mümkünsüz deyil. Bir şərtlə ki, bu yol heç bir halda variativ gedişlər yolu olmamalıdır ki, bu da ayrıca mövzunun söhbətidir.
“Orta statistikalı azərbaycanlı ailəsi hətta nisbətən yüksək ödənişə belə hazırdır ki, övladı normal ali təhsil ala bilsin. Yəni məntiqlə burada boş qalan yerlər heç də ödənışlə bağlı deyil”. Elə isə, bu il ali məktəblərə qəbul olunmuş 32279 abituriyentdən 1000-ə yaxınının ali təhsil müəssisələrindən imtina etməsi, qeydiyyatdan keçməyənlərin əsasən dövlət ali məktəblərinin ödənişli ixtisaslarına, özəl ali məktəblərə və regionlardakı ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin olması hansı anlama gəlir? Belədə deyiblər ki, ölmədik bu günü də gördük. Çalış, vuruş,keçid balını topla, universitet məzunu olmaq arzuna qovuş və birdən ağır zəhmət hesabına qazandığın şərəfli statusdan - tələbə adından imtina et. Paradoks deyilmi? Bu vəziyyətin təhlilinı kim aparacaq ?
O ki, qaldı Cəsarət müəllimin bəhrəsini orta müddətdə görmək istədiyi toxumların əkilməsinə bunun üçün münbit sahə lazımdır. Sahə isə münbitliyindən asılı olmayaraq müəyyənləşdirilib.TQDK sədrinin təbirincə desək müsabiqəyə buraxılmaq şərti elan olunub və bu şərt dəyişməyəcək. “Təsəvvür edin ki, nə qədər variasiyalar ola bilər. Məsələn, IV qrupda bizdə illər boyu ən sevimli ixtisas “Müalicə işi” olub. Ola bilər ki, bu il IV qrupda ən sevimli ixtisas “Baytarlıq” olsun. Nəzəri cəhətdən bu ola bilər. Birdən hamı baytar olmaq istəyə bilər və hamı birinci baytarlığı yazar. Bu zaman baytarlıq ixtisasında çox yüksək müsabiqə vəziyyəti yaranacaq. Bunu nə mən, nə də başqaları bilə bilər. Bunu heç kim bilmir. Uşaqlara nə təsir edəcək?! Valideynlərin təsiri və ya başqa amillər olacaq”.
Bunu heç kim bilmirsə onda variasiyalara davam! .
Deyəsən birini qoyub digərinə keçdim. Problemlərimiz ,bununla əlaqədar deyəcəklərımiz çoxdur.Son olaraq hər kəsin birtərəfli olsa belə subyektiv fıkirlərinə hörmətlə yanaşmaq vətəndaşlıq borcumuzdur.Cəsarət müəllimin analitik təhlilı digər vəzfəli təhsil məmurları üçün də bir örnəkdir. Belə təhlillər, Nazirlik əməkdaşları tərəfindən mövcud duruma hər hansı bir formada münasibət bildirmək təhsilimizə daha çox fayda verə bilər nəinki bayağı müsahibələr, perspektivsız şərhlər, absurd bəyanatlar.
Sözardı: Böyük ingilis yazıçısı Herbert Uels Vladimir İliç Leninlə söhbəti zamanı proletariatın dahi rəhbərinin QOELRO planı haqqındakı fikirlərini dinlədikdən sonra öz xatirələrində onu “Kremlin xəyalpərəsti” adlandırmışdı. Bununla belə QOELRO planı baş tutdu. Ucsuz-bucaqsız nəhəng bir ölkənin başdan-başa elektrikləşdirilməsi həyata keçirildi Nə bilmək olar, birdən hamı baytar olmaq istədi və bu zaman baytarlıq ixtisasında çox yüksək müsabiqə vəziyyəti yarandı və bizim digər kənd təsərrüfatı peşələrinə də maraq artdı. Bir halda ki, bu nəzəri cəhətdən mümkündür.
Nadir İsrafilov
1078 dəfə oxundu