Baş prokuror Qəbələdə vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbul cədvəlinə uyğun olaraq sentyabrın 4-də Baş prokuror Zakir Qaralov Qəbələ rayon prokurorluğunun inzibati binasında Qəbələ, Şəki, Qax, Balakən, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşların qəbulunu keçirib. Bu barədə Musavat.com-a Baş prokurorluğun mətbuat xidmətindən xəbər verilib.
Bildirilir ki, Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 30-a yaxın vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.
Gün ərzində qəbul edilən vətəndaşların müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.
Vətəndaşların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları ilə əlaqədar və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsi təmin edilib.
Qəbulda iştirak edən vətəndaşlar, belə görüşlərin keçirilməsinə və bölgə sakinlərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
1162 dəfə oxundu