Bakıdan Qarsa səyahət neçəyə başa gələcək? – MÜQAYİSƏ

Bakıdan Qarsa səyahət neçəyə başa gələcək? –


Bakıdan Qarsa dəmiryol səyahəti reallaşmaq üzrədir. FED.az xəbər verir ki, Azərbaycan Dəmir Yollarının sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı artıq Bakıdadır, dövlət başçısına təqdim olunub və yaxın vaxtlarda bu qatarla Bakı-Qars arasında sərnişin daşımaları başlayır. Xatırladaq ki, Bakı-Tiflis-Qars dəmiryolu 2017-ci ilin 30 oktyabrında işə düşüb. Amma indiyədək bu yol yük daşımaları üçün istifadə edilir. Yeni yolla sərniin daşınmasına isə bu ilin yayından başlanması gözlənilir.

Sərnişin qatarı Türkiyədən Bakıya elə hərəkət edəcəyi marşrutla - İstanbul-Qars- Axalkalaki – Tiflis-Baku xətti ilə gəlib. Ümumilikdə Azərbaycan bu xəttə istismar edilməsi üçün «Stadler»dən 5 fərqli modifikasiyada 30 əəd sərnişin qatarı alıb. Bunlardan 18-i ikinci sinif yataq vaqonudur- burada 4 nəfərlik kupelərdə 32 yer var. 3 vaqon birinci sinifə aiddir – burada ikinəfərlik kupelərdə 16 yataq yeri var. Hər qatarda doqquz sərnişin vaqonu və bir restoran var.
Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumilikdə qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatardakı arabacıqlar pnevmatik asılqanla təmin edilib ki, bu da döngələrdə vaqonun tarazlığını tənzimləyir. Bundan başqa, hər bir vaqon dizel generatoru avadanlığı ilə təmin olunub. Bu da lokomotivdə cərəyan olmadıqda vaqonu və ondakı bütün elektrik enerjisi istifadəçilərini 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.

Yeni qatarın Bakıdan Qarsa hansı vaxta çatacağı, eləcə də gediş qiymətinin hansı məbləğdə olacağı məlum deyil. ADDY-nin «Sərnişinnəqliyat» İB-nin rəisi Elyar Muradov FED.az-a bildirib ki, hazırda dəmiryolunun imkanları Bakıdan Gəncəyə 4 saat çatmağa imkan verir: «Eyni qayda ilə Gəncəyə Tiflisdən 2-3 saata getmək mümkün olacaq. Ona görə də qatarın Bakıdan Qarsa getməsi üçün böyük vaxt tələb olunmayacaq». Hələlik texniki məsələlər və gediş haqqı Azərbacan, Türkiyə və Gürcstan tərəfləri arasında müzakirə edilir. Qatarın fəaliyyətə başlama vaxtı da dəqiqləşməyib, amma ilkin məlumatlara görə, artıq yay aylarında Bakıdan Qarsa qatarla getmək mümkün olacaq.

Hazırda maraq doğuran məsələlərdən biri Bakıdan Qarsa qatarla gediş haqqının məbləğidir, deyildiyi kimi bu məsələ 3 ölkə arasında müzakirə edilir. Bununla yanaşı, qiymət müəyyən edilərkən hazırda Azərbaycanda Türkiyəyə analoji marşrutların qiymətləri də nəzərə alınmalı olacaq. Belə ki, indi Bakıdan Tiflisə qatarla gediş qiyməti 35 manatdır. Bu rəqəm biletin tez və ya gec alınmasından asılı olaraq cüzi dəyişir. Bundan başqa, Batumiyə avtobusla gediş qiyməti 40 manatdır. Türkiyəyə isə hələlik yalnız avtobus marşrutları işləyir – Bakıdan İstanbula və ya Bursaya sutka yarıma 100 manata getmək mümkündür.

Bakı-Qars qatarının marşrutu isə Tiflisdən daha uzaq, amma İstanbuldan daha yaxın olduğuna görə, qiyməti də bu aralıqda dəyişməlidir. Çünki İstanbula sutka yarıma 100 manata getmək mümkün olduğu halda, həmin qiymətə, hətta ona yaxın qiymətə belə Qarsa getmək iqtisadi cəhətdən sərfəli deyil. Bundan başqa, ilk baxışdan qəribə görünsə də, Tiflisdən Türkiyəyə uçan təyyarələrin qiymətini də nəzərə almaq lazımdır – onlar da Azərbayan Türkiyə arasında sərnişin daşımalarında önəmli paya malikdir.

Nəhayət, Qars bölgəsinin özü turizm imkanları baxımından Türkiyənin yaxınlıqdakı digər bölgələrindən geri qalır. Bu mənada Bakıdan Qarsa qatarla səfər etmək daha çox marağa və qatar gəzintisinə hesablanmış səyahət olacaq. Əvəzində yeni qatar xətti Bakıdan Ankaraya səyahət etmək istyənlər üçün əlverişli ola bilər. Belə ki, Karsdan «Doğu ekspress»i qatar xətti ilə Ankaraya və əksinə hərəkət etmək olar. Hazırda bu istiqamətdə gediş haqqı 48 lirə və ya 15 manat ətrafındadır. Yerli vaxtla səhər saat 8-də yola düşən qatar təqribən bir sutkaya - sabahı gün saat 8-də Ankaraya yetişir.
Bununla yanaşı, qeyd edək ki, bu qatar Türkiyədən Azərbaycana daha çox səyahətçi gətirə bilər. Əks istiqamətdə ölkənin demək olar bütün ərazisinən keçdiyi üçün Türkiyədən gələn sərnişinlərin Azərbaycanda daha yaxşı səyahət etmək imkanları olacaq. Bu mənada Bakı-Qars sərnişin dəmiryolu xətti Azərbaycana indiyədək o qədər də aktiv olmayan türkiyəli turistlərin cəlbində daha böyük rol oynayacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
644 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...