Azərbaycanda taxılın qiyməti artmayacaq
Qazaxıstan milli valyutası tengenin məzənnəsində baş verən dəyişiklik Azərbaycanın bu ölkədən idxal etdiyi taxılın qiymətinə təsir etməyəcək. Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.
Onun sözlərinə görə, bu il Azərbaycanda taxıl istehsalının artması bunu deməyə əsas verir. Hər il Azərbaycanda taxıl istehsalının artdığını deyən qurum rəsmisi qeyd edib ki, hökümət bununla da bu sahədə xaricdən asılılığı minimuma endirmək istəyir: “Ötən illə müqayisədə 2015-ci ildə Azərbaycanda 2,8 milyon ton taxıl bitkiləri istehsal olunub. Buğda istehsalı isə 1 milyon 687 min ton olub. Məhsuldarlıq 31 sentner təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 sentner artıq məhsul deməkdir. Azərbaycanda hazırda istənilən qədər taxıl var. Yəni biz taxıla görə, əvvəlki qədər xaricdən asılı deyilik. Ona görə də düşünmürəm ki, Qazaxıstan milli valyutasındakı dəyişiklik oradan idxal etdiyimiz qiymətlərinə təsir etsin”.
Nazirlər Kabinetinin Qiymət, iqtisadi və maliyyə-kredit siyasəti şöbəsinin sabiq müdiri Oqtay Haqverdiyev də Trend-ə açıqlamasında Qazaxıstanın milli valyutası tengenin məzənnəsinin aşağı düşməsinin Azərbaycan iqtisadi bazarında qiymətlərin artmasına güclü təsir göstərməyəcəyini deyib. O bildirib ki, Azərbaycanın öz pul-kredit siyasəti var və ölkənin Mərkəzi Bankı manatın məzənnəsini tənzimləyir: “Bu səbəbdən tengenin məzənnəsinin aşağı düşməsi Azərbaycana təsir etməyəcək”.
Ekspert qeyd edib ki, hər hansı milli valyutanın məzənnəsinin aşağı düşməsi digər ölkəyə yalnız ölkələr arasında geniş ticarət əlaqələrinin olduğu halda təsir edir: “MDB ölkələri ilə ticarət Azərbaycanın xarici ticarət dövriyyəsinin təqribən 22 faizini təşkil edir. Ümumi xarici ticarət dövriyyəsində Qazaxıstanın payı isə cəmi 1,6 faizdir. Ona görə tengenin məzənnəsinin aşağı düşməsinin Azərbaycana ciddi təsir edəcəyini gözləmək lazım deyil”.
O.Haqverdiyev bildirib ki, tengenin məzənnəsinin aşağı düşməsi Azərbaycanın Qazaxıstandan idxal etdiyi taxılın qiymət artımına səbəb olmayacaq: “Taxılın qiyməti Qazaxıstan tərəfindən deyil, dünya taxıl bazarı tərəfindən tənzimlənir. Beləliklə, dünya taxıl bazarında taxılın qiyməti artdığı zaman ayrı-ayrı ölkələrdə də taxılın qiyməti bahalaşır. Eyni zamanda, taxılın qiyməti artdıqda Nazirlər Kabineti idxal olunan taxılın ƏDV-dən azad olunması barədə qərar qəbul edir ki, bu da qiymətləri nizamlamağa və taxılın qiymətinin bahalaşmasının qarşısını almağa imkan yaradır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın idxal etdiyi taxılın ümumi həcmi ildə təxminən 1 milyon tondur ki, bunun da təqribən 300 min tonu Qazaxıstanın payına düşür”.
Qeyd edək ki, ötən gün Qazaxıstan milli pulu “Tenge”nin dollar qarşısında dəyəri aşağı düşməyə başlayıb. Belə ki, əvvəllər 178 “Tenqe” olan 1 ABŞ dolları, dəyişiklikdən sonra 198 “Tenge”yə alınır.
1154 dəfə oxundu