"Sovetski"də 25 kv metrdən az mənzili olanlara yeni mənzillər verilib
Bakının “Sovetski” adlanan ərazisində sahəsi 25 kv. m-dən az olan evlərin sahiblərinə - 200 ailəyə Nərimanov rayonunda sahəsi 45 kv. m olan mənzillərin açarları təqdim edilib.
Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov mənzillərin yüksək keyfiyyətlə təmir olunduğunu vətəndaşların diqqətinə çatdırıb.
Daha sonra çıxış edən Yasamal rayon İcra Hakimiyyəti başçısının I müavini Səməd İslamov bildirib ki, yaşayış üçün yararsız azkvadratlı mənzillərdə yaşayan sakinlərin istəkləri nəticəsiz qalmayıb: “Ölkə başçısının diqqəti nəticəsində Nazirlər Kabinetinin 9 iyun 2015-ci il tarixli sərəncamına müvafiq olaraq “Sovetski”də sahəsi 25 kvadrat metr və daha az olan yaşayış sahələrinin Nərimanov rayonunda Fətəli xan Xoyski küçəsi, 98 a ünvanında 104 mənzilli və Koroğlu küçəsi, 9 ünvanda 96 mənzilli yaşayış binasında 2 otaqlı tam təmirli mənzillərlə əvəzlənməsi qərara alınıb. Yeni mənzillərin verilməsi bu məqsədlə yaradılmış Komissiyanın apardığı araşdırmaların nəticələrinə uyğun olaraq, digər yaşayış sahələri olmayan, daha çətin mənzil şəraiti olan sakinlərə şamil edilib”.
S. İslamov qeyd edib ki, iyulun 23-də Nərimanov rayonu İcra Hakimiyyətində ilk 93 nəfərə mənzillərin verilməsi baş tutub: “Mənzillərin bölüşdürülməsi tam şəffaf şəkildə sakinlərin iştirakı ilə püşkatma yolu ilə həyata keçirilib və 93 yeni mənzil sahiblərinə təqdim olunub”.
Yasamal rayon İcra Hakimiyyəti başçısının I müavini onu da əlavə edib ki, yeni mənzillərin sahələri “Sovetski”dəki mövcud mənzillərin sahələrindən 2-3 dəfə böyükdür.
1258 dəfə oxundu