Azərbaycanın inzibati ərazi bölgüsü dəyişdirilməlidir - AMEA
Bu gün AMEA-da “Azərbaycan iqtisadiyyatı - 25: Keçilmiş yola və gələcəyə baxış” mövzusunda elmi konfrans keçirilib.
APA-nın xəbərinə görə, AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda “Dərin böhrandan hərtərəfli inkişafa gedən yol” mövzusunda çıxış edən AMEA-nın müxbir üzvü, professor Əli Nuriyev bildirib ki, Azərbaycanda güclü infrastruktur formalaşdırılıb: “Bu da öz növbəsində gələcəkdə iqtisadiyyatın daha da inkişaf etməsi üçün vacib şərtdir. Ən əsası isə odur ki, keçid dövrü artıq başa çatıb”.
2014-2015-ci illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyini deyən Ə. Nuriyev qeyd edib ki, 2016-cı il Azərbaycan iqtisadiyyatı üçün dönüş nöqtəsi olub.
O, Azərbaycanın inzibati ərazi bölgüsünün dəyişdirilməsinin zəruriliyini qeyd edib, bildirib ki, Azərbaycanın inzibati ərazi bölgüsü XX əsrin 30-cu illərində aparılıb: “Ona görə də ölkənin inzibati ərazi bölgüsü, yerli icra hakimiyyəti orqanları ilə bələdiyyələr arasında bölgü təkmiləşdirilməlidir”.
Professor bildirib ki, aqrar-sənaye komplekslərinin yenidən inkişafına diqqət ayrılmalıdır: “Bu baxımdan Quba-Xaçmaz, Lənkəran-Astara bölgələrinin böyük potensialı var”.
Tədbirdə “Müstəqillik illərində demoqrafik vəziyyət və məşğulluq: reallıqlar və problemlər”, “Yaxın gələcəyin hədəfləri: postneft iqtisadiyyatı quruculuğu”, “Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası: gələcək haqqında düşüncələr” mövzularında məruzələr dinlənilib.
875 dəfə oxundu