Nərimanovda ilk dəfə səs verəcək gənclərlə görüş - FOTOLAR
21 sentyabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsvermədə (referendumda) ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.
Görüşdə YAP Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov rayon GB-nin sədri Yusif Babanlı, rayon ərazisində yaşayan ilk dəfə səs verəcək gənc seçicilər və fəal gənclər iştirak etmişlər.
Görüşü giriş sözü ilə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev seçki hüququndan, seçkilərə hazırlıq işlərindən danışıb. T.Tağıyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi barədə sərəncamının ölkəmiz üçün faydalılığından bəhs edərək bildirdi ki, növbəti Referendumun keçirilməsi ideyası ölkəmizdə yeni islahatların həyata keçirilməsinə hesablanmış mütərəqqi addımdır.
Ötən 20 ildən artıq müddətdə Konstitusiyaya bir neçə dəfə əlavə və dəyişikliklər olub. İndi də növbəti referendumun keçirilməsi və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, dövlət aparat sisteminin təkmilləşdirilməsi, seçkidə iştirakın tam şəkildə sərbəstləşdirilməsi, o cümlədən informasiya təhlükəsizliyi, anonim informasiyaların aradan qaldırılması, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ əksini tapıb. Əminəm ki, hər bir azərbaycan vətəndaşı kimi siz gənclər də bu seçkilərdə aktiv iştirak edəcək və irəli sürülən təklifləri dəstəkləyərək bir daha cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyinizi nümayiş etdirəcəksiniz.
Tədbirdə YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı çıxış edərək söylədilər ki, hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır. Biz gələcəyimizi düşünməliyik. Bizim hədəfimiz sivil gələcəyə hesablanan addımlardır. Sözügedən dəyişikliklər ölkəmizin daha da inkişafına şərait yaradacaq. Nərimanov rayonunun seçicilərinin bu işdə də aktiv olub öz gələcəyinə səs verəcəklərindən əminliklərini bildiriblər və gəncləri 26 sentyabrda fəal olmağa, Referendum Aktına səs verməyə çağırıblar.
Fəal gənclər Günay İmanova və Tamerlan Əkbərov bu gün müstəqil Azərbaycanda gənclərinin cəmiyyətdəki yeri və rolundan, Cənab Prezidentin gənclərimizə olan diqqət və qayğısına ən bariz nümunə kimi son dövrlərdə ölkənin müxtəlif idarəetmə orqanlarında yüksək vəzifələrə, yüksək intelekt və nümunəvi savada, biliklərə malik olan gənclərin yerləşdirilməsindən danışdılar, həmçinin qarşıdan gələn Referendum seçkilərində də gənclərin yaxından və fəal iştirak edəcəklərini, digər gənclərin də bu prosesə könüllü qismində cəlb olunması yönündə əllərindən gələni əsirgəməyəcəklərini söylədilər.
Sonda ilk dəfə səs verəcək gənclərə seçki ilə bağlı yaddaş kitabçaları və bukletlər paylanılıb.
852 dəfə oxundu