Nazir: “Vergilər Nazirliyi tapşırıqlara artıqlamasıyla əməl edib”
Azərbaycanda Amerika Ticarət Palatasının üzvlərilə görüş keçirilib. Vergilər naziri Fazil Məmmədov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) nümayəndələri ilə görüşüb. Teleqraf.com xəbər verir ki, Fazil Məmmədov Vergilər Nazirliyinin vergi siyasətinin və vergi inzibatçılığının təkmilləşdirilməsində, vergi ödəyicilərinə yeni xidmət sahələrinin təqdim edilməsində, bütövlükdə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sahibkarların ictimai təşkilatları ilə müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verdiyini deyib.
Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin vergi orqanları qarşısında qoyduğu vəzifələrə toxunan Fazil Məmmədov bildirib ki, istər Avropada, istərsə də bölgədə böhranlar yaşandığı bir şəraitdə iqtisadi inkişaf templərinin saxlanılmasına nail olmaq, ölkənin iqtisadi dayanıqlığını təmin etmək asan olmasa da, Azərbaycan inamla inkişaf edir.
Qeyd olunub ki, neft gəlirlərinin və bu sahədən daxil olan vergilərin azalmasına baxmayaraq, Vergilər Nazirliyi proqnoz tapşırıqlarına artıqlamasıyla əməl edib.
Nazir iqtisadiyyata investisiyaların cəlb edilməsi üçün əlverişli vergi mühitinin yaradılması məsələsinə də toxunaraq qeyd edib ki, bu gün Azərbaycanın vergi sistemi fiskal məqsədlərə deyil, həm də ayrı-ayrı fəaliyyət sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlb olunması kimi məqsədlərə də xidmət edir. Azərbaycanda vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması üçün Vergilər Nazirliyi tərəfindən ciddi vergi-büdcə təhlilləri aparılır.
AmCham-ın prezidenti İlqar Vəliyev Azərbaycan iqtisadiyyatının hər bir sahəsində fəal olan yüzlərlə xarici və yerli şirkəti özündə birləşdirən AmCham-ın ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin işlənib hazırlanmasında maraqlı olduğunu vurğulayıb.
Qeyd edilib ki, Vergilər Nazirliyi ilə əməkdaşlığın nəticəsi olaraq qurum tərəfindən artıq 5-ci ildir ki, vergi partnyorluğu mövzusunda Konfranslar təşkil edilir, vergitutma sahəsində aktual olan mövzular üzrə müzakirələr aparılır, konkret təkliflər irəli sürülür.
İlqar Vəliyev bu günkü görüşdə məqsədin ölkənin vergi sistemində aparılan islahatlar, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, vergi orqanı ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsi, və s. məsələləri müzakirə etmək olduğunu diqqətə çatdırıb.
859 dəfə oxundu