Altı ayda 480 nəfər infarkt, 1500 nəfər insult olub

Altı ayda 480 nəfər infarkt, 1500 nəfər insult olub


Təkcə Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) 103 xidmətinə gündəlik ortalama 2 minə qədər çağırış daxil olur. Bu barədə Modern.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, daxil olan bütün çağırışlar ilk növbədə icra edilməsi baxımından çeşidlənərək bölmə həkimlərinə ötürülür və icra edilir.

“Həyata keçirilən tədbirlər nəticəsində cari ilin yanvar-iyun ayları ərzində çox ağır vəziyyətdə olan 1000 nəfərdən artıq insanın həyatı xilas edilib. Ümumilikdə, BŞTTTYS yanvar-iyun aylarında 300 mindən artıq ümumi müraciət daxil olub. Daxil olmuş müraciətlər nəticəsində 25 mindən artıq müraciət edən şəxs stasionar müalicə üçün xəstəxanalara yerləşdirilib.
Daxil olan çağırışların 37 minə yaxını uşaqlar üçün edilib və 5 minə yaxın uşaq xəstəxanalara yerləşdirilib”,-deyə nazirlikdən bildirilib.

Yanvar-iyun ayları ərzində miokard infarktı ilə 480 nəfər (onlardan 465 nəfər hospitalizasiya edilib), insultla – 1500 (hospitalizasiya 1400), doğuşla bağlı – 1600 (hospitalizasiya 1590), avtoqəza zamanı xəsarət alanlarla bağlı - 900 nəfər (hospitalizasiya 800-dən artıq) müraciət edib.

Təcili tibbi yardıma ehtiyacı olan 150 nəfər yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilərək müvafiq xəstəxanalara yerləşdirilib.

Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-ə qədər körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya icra edilib.

Nazirlik bəyan edib ki, 103 xidmətinə gündəlik daxil olan çağırışların qeydiyyatı, yönləndirilməsi və hesabatı proqramının, o cümlədən hospitalizasiyanın təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bölmələrin hamısına internet xətti çəkərək vahid şəbəkə yaratmaqla, şöbələr arasındakı əlaqəli işin keyfiyyətini yüksəltmək, məlumatların mərkəzə ötürülməsində vaxt itkisinin qarşısını almaq mümkün olacaq.

Tibbi xidmətdən əhalinin razılığı araşdırılır. Əməliyyat, hospital və müalicə metodik işlərin təşkili şöbəsinin böyük həkimləri tərəfindən ünvanlara zəng edilərək onlara göstətilən ilkin tibbi yardımın keyfiyyəti barədə sorğular aparılır. “2016-cı ilin başlanğıcından bu günədək BŞTTTYS-nın həkim və orta tibb işçilərinin ünvanına 83 təşəkkür məktubu və zəngləri də daxil olub ki, həmin şəxslərə stansiyanın rəhbərliyi tərəfindən təşəkkür elan edilib.

Stansiyanın bütün həkimləri sertifikasiyadan keçmişdir. Hazırda orta tibb işçilərinin sertifikat almaları istiqamətində müvafiq işlər aparılır”, - Səhiyyə Nazirliyindən bildirlib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
814 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...