Bu qədər dolları kim alır? - Bu qədər dolları kim alır? - Açıqlama

Bu qədər dolları kim alır? -


2015-ci il ərzində xarici valyuta təklifi kanallarının məhdudlaşması, tələbin isə kəskin artması şəraitində Mərkəzi Bank idarə olunan üzən məzənnə rejiminə keçidi təmin edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il üzrə pul siyasəti icmalında deyilir.

“GUNDEMİNFO” xəbər verir ki, azadlıq.info-nun yazdığına görə, sənəddə qeyd olunub ki, 2015-ci ildə valyuta bazarında xarici valyuta təklifinin əhəmiyyətli azalması, xarici valyutaya tələbin isə kəskin artması müşahidə edilib. Keçən il ərzində banklardan əhaliyə ABŞ dolları ilə satılan xalis nağd xarici valyuta 47,4% artaraq 8,8 mlrd dollar təşkil edib. 2015-ci ildə xalis satılan ABŞ dollarının 50%-i, avronun isə 29%-i ilin I rübündə satılıb. Ümumilikdə, 2015-ci ildə Mərkəzi Bankın xalis valyuta satışları 8,4 mlrd dollar təşkil edib.

İqtisadçı Samir Əliyev deyir ki, Mərkəzi Bank dolları əhaliyə deyil, banklara satır. Banklar isə öz növbəsində dolları əhaliyə satır. S.Əliyevin sözlərinə görə, MB-nin 10 milyarddan artıq vəsaiti xərcləməsi o demək deyil onu əldə edən banklar bütün dolları əhaliyə satır: “Bankların eyni zamanda xarici öhdəlikləri var. Banklar xaricdən kredit götürüb və həmin kreditlər qaytarılmalıdır. Ona görə Mərkəzi Bankın satdığı dolların bir hissəsi xarici öhdəliklərin icrasına yönəlir. Yeri gəlmişkən, bankların xarici öhdəlikləri bu il ərzində xeyli azalıb. Bu onu göstərir ki, kommersiya bankları yavaş-yavaş xarici öhdəliklərindən imtina edir”.

Manatın kursunun son günlər yenidən möhkəmlənməsinə gəlincə, S.Əliyev vurğuladı ki, MB-nin ikinci devalvasiyadan sonra keçirdiyi ilk hərracda 30 bank iştirak edirdi. Amma sonradan hərraclarda hətta elə olurdu ki, yalnız bir bank iştirak edirdi. S.Əliyevin sözlərinə görə, son bir həftəyə qədər hərracların nəticəsi onu göstərirdi ki, təklif tələbdən çoxdur. Satışa iki yüz milyon dollar çıxarılsa da, onun hamısı satılmırdı. Amma son bir həftədə dollar alışı yenidən artıb: “Məsələn, bir neçə gün öncə Neft Fondundan 170 milyonun alınması birdən-birə tələbatın artması demək idi. Çünki tələbat 30-40 milyondan 170 milyona qalxmışdı. Amma indi məlum olur ki, hərraca 30 milyon dollar pul çıxarılıb, ancaq tələb 30 milyondan artıq olub. Ilk günlər əgər bankların tələbatı azalmaq istiqamətində getmişdisə, indi bu tələb artmaq istiqamətində gedir. Bu bir daha onu göstərir ki, tələbatın qarşısı inzibati yolla alınıb. Bu prosesin qarşısı inzibati yolla elə alınır ki, bankların əlində dollar almağa pul yoxdur”.

S.Əliyevin fikrincə, manatın bahalaşmasının bu gün heç bir iqtisadi əsası yoxdur. Sırf inzibati metodlardan istifadə etməklə bu kurs saxlanılır. S.Əliyev bildirdi ki, bu addımın psixoloji baxımdan bazara təsiri ola bilər. Bunun üstünlüyü odur ki, manat kəskin ucuzlaşmır, manatın kursunu sabit saxlamaq olur. Əhalidə psixoloji olaraq bu fikir formalaşır ki, manat daha bundan sonra sabit qalacaq: “Hətta belə bir narahatçılıq da yaradılmışdı ki, ola bilsin, manat bahalaşsın. Əlində dollar olan vətəndaşların belə bir narahatçılığı yaranmışdı. Manatın dekabrın 21-də ikinci devalvasiya zamanı olan kursa qaytarılması süni yol ilə gəlinən nəticədir. Amma son dollar hərracında tələb təklifdən çox oldu. Məntiqlə belə bir hərracdan bir gün sonra dollar yenidən bahalaşmalıdır. Amma yenə də Mərkəzi Bank birinci devalvasiyadan sonra buraxdığı səhvləri təkrarlayır. Manatın məzənnəsinin süni saxlanılması növbəti kəskin devalvasiya üçün zəmin yaradır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
949 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...