QƏHRƏMANLAR UNUDULMUR! – Şəhid mayor Rasim Məmmədovun xatirəsi anıldı / Fotolar

QƏHRƏMANLAR UNUDULMUR! –
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhid mayor Rasim Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Naxçıvan Dövlət Texniki Kollecinin kollektivi tərəfindən təşkil edilən tədbir şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsi kimi baş tutub.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Rasim Məmmədovun igidlik yolundan, Vətənə sədaqətindən və aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlardan bəhs edən çıxışlar olub. Hər bir tədbir iştirakçısı şəhid ailələrinin cəmiyyət üçün dəyərini vurğulayaraq, Rasim Məmmədovun da təkcə ailəsinin deyil, bütöv Azərbaycanın qüruru olduğunu bildiriblər.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov şəhid mayor Rasim Məmmədovun həyat yolu barədə geniş məlumat verib. O, Rasimin uşaq yaşlarından Vətənə sevgi ilə böyüdüyünü, hər zaman intizamlı, fədakar bir insan olduğunu vurğulayıb. Asəf Ruşanov qeyd edib ki, Rasim Məmmədovun Aprel döyüşlərində göstərdiyi igidliklər onu Azərbaycan Ordusunun örnək zabitlərindən birinə çevirib. O bildirib ki, bu cür qəhrəmanların adı xalqımızın yaddaşında əbədi yaşayacaq, onların xatirəsi daim uca tutulacaq.

Daha sonra çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov şəhid ailələrinin cəmiyyətin ən hörmətli və dəyərli insanları olduğunu vurğulayıb. O qeyd edib ki, Rasim Məmmədov təkcə ailəsinin deyil, bütövlükdə xalqımızın qürurudur. Onun keçdiyi şərəfli həyat yolu və qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir. Ovni Muradov belə tədbirlərin vətənpərvərlik ruhunun aşılanması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Tədbirdə iştirak edən “Naxçıvan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Sahil Tahirli çıxışında şəhidlərin adlarının mediada mütəmadi şəkildə işıqlandırılmasının vacibliyini vurğulayıb. O, hazırda həyata keçirilən televiziya layihələri vasitəsilə Rasim Məmmədov kimi qəhrəmanlarımızın həyat və döyüş yolunun cəmiyyətə, xüsusilə də gənclərə tanıdıldığını bildirib. Sahil Tahirli bu istiqamətdə jurnalistlərin və media nümayəndələrinin məsuliyyətindən də danışdı.

Şəhid mayor Rasim Məmmədovun anası Basti Məmmədova tədbirdə çıxış edərək, oğlunun uşaqlıqdan Vətənə bağlı bir övlad olduğunu, hərb sənətinə sevgi ilə yanaşdığını göz yaşları içində danışıb. O, Rasimin daim haqqın, ədalətin tərəfində olduğunu, əsgərlikdən qayıtdıqdan sonra hərbi karyerasını davam etdirmək qərarına gəldiyini bildirib. Basti xanım oğlunun şəhidliyi ilə qürur duyduğunu, amma onun yoxluğunun ailə üçün ağır olduğunu səmimi və kövrək şəkildə dilə gətirib.

Rasim Məmmədovun orta məktəbdəki müəllimi Hacı Fəxrəddin Səfərov isə onun məktəb illərindən vətənpərvər və nümunəvi bir şagird olduğunu xatırladıb. Müəllimi Rasimin dərslərdə aktiv, ədalətli və mərd bir uşaq kimi yaddaşlarda qaldığını söyləyib. Onun şagirdlik illərindən hərb sahəsinə maraq göstərməsi və bu istiqamətdə özünü inkişaf etdirməsi barədə danışaraq, Rasim Məmmədovun şəhidlik zirvəsinə ucalmasının təsadüfi olmadığını vurğulayıb.

Naxçıvan MR Ali Məclisinin deputatı Ülkər Bayramova çıxışında qeyd edib ki, vətənpərvərlik təkcə sözlə deyil, əməllə nümayiş etdirilməlidir. O bildirib ki, Rasim Məmmədovun həyatı bu baxımdan ən gözəl nümunədir. Ülkər Bayramova şəhidlərin xatirəsinin daim uca tutulmasının, onların ailələrinə qayğı göstərilməsinin dövlət və xalq olaraq mənəvi borcumuz olduğunu söyləyib.

Şəhid mayorun həyat yoldaşı Samirə Məmmədova tədbirdə duyğulu çıxış edərək Rasimin həm ailəsinə, həm də Vətənə olan sədaqətindən danışıb. O, şəhid həyatının həm ağır, həm də böyük bir qürur hissi olduğunu bildirib. Samirə xanım Rasimin həyatını hər kəsə nümunə göstərərək, onun fədakarlığını övladına da Vətən sevgisi olaraq ötürmək istədiyini deyib.

Tədbirin ən təsirli məqamlarından biri Cəhri tam orta məktəbin 3-cü sinif şagirdi Hənifəyeva Güllünün çıxışı olub. Balaca Güllü şəhidlərə həsr olunmuş səmimi sözlərlə çıxış edib. Onun təmənnasız və qəlbdən gələn fikirləri tədbir iştirakçılarının gözlərini yaşardıb, zalda duyğusal anlar yaşadıb.

Tədbir zamanı 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların valideynləri də söz alaraq, Rasim Məmmədovun timsalında bütün şəhidlərə Allahdan rəhmət diləyiblər. Onlar bildiriblər ki, şəhidlərimizin xatirəsini yaşatmaq və bu kimi tədbirlər keçirmək həm tariximizə sahib çıxmaq, həm də gələcək nəsilləri vətənə bağlı yetişdirmək deməkdir.

Anım tədbiri çərçivəsində şəhid mayor Rasim Məmmədovun həyat yolunu və döyüşlərdə göstərdiyi igidliyi əks etdirən xüsusi hazırlanmış videoçarx nümayiş olunub. Videoçarxda Rasim Məmmədovun uşaqlıq illərindən hərbi xidmətə qədər olan mərhələləri, aprel döyüşlərindəki qəhrəmanlığı və ailəsinin onunla bağlı duyğuları yer alıb. İştirakçılar böyük diqqət və emosional təsirlə izlədikləri videoçarx zamanı şəhidimizin fədakarlığını bir daha dərin hörmətlə yad ediblər.

Tədbirdə həmçinin kollec tələbələri tərəfindən hazırlanan bədii-musiqili kompozisiyalar da təqdim olunub. “Şəhidim” və “Şəhid balam” adlı musiqi nömrələri tədbirə duyğusal məzmun qataraq şəhid ailələrinin yaşadığı acını və eyni zamanda qürur hissini əks etdirib.

Kollec tələbələrinin ifasında səsləndirilən vətənpərvərlik mövzusunda bir neçə şeir isə şəhidlərin ruhuna ehtiram və xalqımızın qəhrəman övladlarına olan sevgisinin poetik ifadəsi olub. Şeirlər zamanı salonda sükut hökm sürüb, hər kəsin qəlbi eyni hisslərlə döyünüb – qürur və hüzn.

Tədbirin davamında şəhid mayor Rasim Məmmədovun övladı Asim Məmmədova və anası Basti xanım Məmmədovaya xatirə plaketləri təqdim olunub. Bu mənalı jest şəhid ailəsinə göstərilən yüksək ehtiramın bariz nümunəsi olub və tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin sonunda isə “Vətən Fədailəri” layihəsinin ümumi dəstəkçisi, şəhidin qardaşı – Qazi oğlu Şahin Məmmədov tərəfindən xüsusi bir təqdimat reallaşdırılıb. O, şəhid mayor Rasim Məmmədovun həyatına və qəhrəmanlığına həsr olunmuş kitabı təqdim edib. Kitab yalnız Rasimin şəxsi həyatını və döyüş yolunu deyil, eyni zamanda şəhidlik zirvəsinə ucalmış bütün qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək məqsədi daşıyır. Bu nəşr həm tarixi sənəd, həm də vətənpərvərlik dərsi kimi qiymətləndirilib.

Tədbir iştirakçıları şəhid mayorun ailəsinə göstərilən diqqət və qayğıya görə təşkilatçılara təşəkkür ediblər. Onlar bu cür tədbirlərin gələcək nəsillər üçün həm tarix, həm də örnək olduğunu vurğulayıb və şəhidlərimizin heç zaman unudulmayacağını bir daha dilə gətiriblər.

Allahverdi ALLAHVERDİYEV

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecnin İngilis dili müəllimi


QƏHRƏMANLAR UNUDULMUR! –
QƏHRƏMANLAR UNUDULMUR! –
QƏHRƏMANLAR UNUDULMUR! –
QƏHRƏMANLAR UNUDULMUR! –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...