Azərbaycanda seçki təlaşı: Gerisayım başladı - Tanınmışlar qərarını açıqladı

Azərbaycanda seçki təlaşı: Gerisayım başladı -
Bu il ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı xəbərlər yenidən intensivləşib. Hətta Yeni Azərbaycan Partiyasının seçki hazırlıqlarına start verdiyi, özünün namizəd siyahısını hazırladığı iddia olunur.

Bəs görəsən, bu ilin yayında, yaxud payız aylarında parlament seçkiləri keçirilə bilərmi?

Əgər seçki keçirilərsə, kimlər namizədliyini irəli sürəcək?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan «Yeni Müsavat» Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, bir ildən qısa zamanda ölkədə mütləq parlament seçkiləri keçiriləcək:

“Mən də bu xəbərləri mətbuatdan oxuyur, dost-tanışlarımdan eşidirəm. Müzakirələr aparırıq, lakin hələ ki, dəqiq qərar yoxdur. Əgər növbədənkənar parlament seçkiləri olsa, elan olunardı. Amma əminəm ki, bir ildən də az zamanda Azərbaycanda mütləq seçki keçiriləcək. Bu seçki iyun ayında da, sentyabrda da, gələn ilin fevralında da ola bilər”.

Rauf Arifoğlu keçiriləcək seçkidə namizədliyini irəli sürəcəyini açıqlayıb:

“Əslində mənim yarım qalmış bir işim var, hesab edirəm ki, haqsız olaraq mənim dairəmin nəticələri ləğv olunub. Bu baxımdan da mən yarım qalmış işi tamamlamaq istəyirəm. Ona görə də seçkilərdə iştirak etməklə bağlı qərarlıyam”.

Ümid Partiyasının sədri İqbal Ağazadə bu ilin payız ayında mütləq seçkinin keçiriləcəyini deyib və partiyasının bu seçkidə iştirak edəcəyini qeyd edib:

“Bu ilin payızında, noyabr ayının 3-də Parlament seçkilərinin keçirilməsi Konstitusiya tələbidir. Bu, istisnasızdır və mütləq keçirilməlidir. Amma növbədənkənar seçki olacaqmı, ya yox bunun haqda ciddi bir şey demək mümkün deyil.

Biz “Ümid” Partiyası olaraq bu mövzuda aylardır ki, hazırlıq görürük və hazırlıqlarımız davam edir. Hesab edirəm ki, partiya seçkilərdə iştirak edəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
190 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...