“Hakimiyyət kiminlə işləmək istəyirsə, onu seçir” – İqbal Ağazadə

“Hakimiyyət kiminlə işləmək istəyirsə, onu seçir” –

Pandemiyaya yoluxanların sayı 3 milyonu keçsə də, koronavirusla mübarizə çərçivəsində görülən tədbirlər nisbətən yumşaldılmağa başlayıb. Bu isə normal həyata dönəcəyimizlə bağlı az da olsa, ümid yaradır.

Lakin elm adamlarının sözlərinə görə, virusdan sonra heç nə əvvəlki kimi olmayacaq. Çünki fəsadlardan yaxa qurtarmaq üçün uzun vaxta ehtiyac var. Məlumdur ki, mənfi təsir ən çox iqtisadiyyat və asiyasətdə özünü göstərib. Ona görə də hazırda dünyada gedən iqtisadi-siyasi proseslərin olduqca diqqət mərkəzindədir.Bu bəlanın gələcək nəticələrinin nə olacağı hər kəs üçün maraqlıdır. Yenisabah.az-ın məsələlərə aydınlıq gətirən budəfəki müsahibi Ümid Partiyasının sədri İqbal Ağazadədir:

- Bildiyiniz kimi, virus siyasətə, təhsilə, ümumiyyətlə, əksər sahələrə mənfi təsir göstərib. Bir müddət sonra bu sahələr üzrə vəziyyətin qaldığı yerdən davam etməsi mümkün olaacqmı?

- Bu, bizdən asılı məsələ deyil, dünyanın hər yerində belədir. Ona görə də harda qalıbsa, oradan davam etməyə məcburuq, başqa yolumuz yoxdur. Çünki elə məsələ deyil ki, təkcə bizim ölkədə olsun və biz onun günahkarını tapıb cəzlandıraq. Bütün dünya bu dəqiqə pandemiyadan əziyyət çəkir. Ona görə də təhsildə, iqtisadiyyatda və s. geridə qalmaq, itirmək kimi anlayışları düşünməyin zamanı keçib artıq. Harda qalmışıqsa, oradan da davam etməliyik.

- Pandemiyanın dünyanın simasını dəyişəcəyi ilə bağlı proqnozlar var. Bizə maraqlıdır ki, xüsusilə siyasətdə nə dəyişəcək, yaxud nələr dəyişməlidir? Çünki iqtisadiyyata dəyən zərər yəqin ki, siyasətə də təsirsiz ötüşməyəcək...

- Təbii ki, iqtisadiyyat zəiflədikcə, sosial güvən azaldıqca yerlərdə siyasət önə çıxır. Pandemiyanın iqtisadiyyata, insanların həyat şəraitinə vurduğu zərbə siyasətə də öz təsirini göstərəcək. Amma bu təsir daha çox qloballaşmada müşahidə ediləcək. Avtoritarla teokratik rejimlərin vəziyyəti o qədər də yaxşı olmayacaq. Siyasətə yeni bir dinamika gələcək və dünya daha çox özünə qapanma ilə yox, qloballaşmanın yeni bir mərhələsinin başlanğıcı ilə xarakterizə olunacaq. Son illər qloballaşmaya qarşı böyük bir hərəkət var idi. Ancaq indi hamı dərk edir ki, dünya çox kiçikdir. Qloballaşmaya qarşı çıxanlar anlayacaq ki, öz ölkələrinə qapanmaqla nəyəsə nail olmaq mümkün deyil.

- Reallıq ondan ibarətdir ki, xilas yolu hələ də tapılmayıb. Elmi-texniki tərəqqi, kəşflər, əldə olunan nailiyyətlər niyə insanların köməyinə çatmır?

- Bioloq, virusoloq deyiləm, ona görə də bu istiqamətdə bilgilərim və yaxud deyə biləcəyim nəsə yoxdur. Gərək, bir şeyin xarakteristikasını biləsən ki, onun dərmanının tapılıb-tapılmamasının səbəblərini deyə biləsən.

- Fikirlər səsləndirilir ki, elm virus qarşısında aciz qalıb. Sizcə, bu bəladan qurtulduqdan sonra elmin inkişafı üçün addımlar atılacaqmı? Ümumiyyətlə pandemiya bizə nəyə xüsusi diqqət göstərməli olduğumuzu dedi?

- Virusun yayılması tibbin inkişaf etməsi ilə bağlı deyildi. İnsanların ünsiyyəti və sosiallaşma burada daha böyük rol oynayırdı. Virusun vaksini yox idi və yeni bir xəstəlik olduğuna görə müalicəsini hələ müəyyən edə bilməmişdilər. Yayılma səbəbi tibbin zəifliyi ilə əlaqədar deyil. Tibb onsuz da hər gün inkişaf edir. Yeni viruslar, o cümlədən dərmanlar ortaya çıxarılır. İnsan beyni nə qədər mümkündürsə, o qədər düşünəcək və elm inkişaf edəcək. Heç kim düşünməsin ki, nəyinsə əlacını tapıb onu gizləyə biləcək. Bəşəriyyətdən gizli qalacağını düşünmürəm. Əgər tapa biləcəklərsə, buna insan ağlı yetəcəksə, onu dərhal bütün dünya biləcək və tətbiqinə başlanılacaq.

Bəzən mən eşidirəm, deyirlər ki, filan xəstəliyin dərmanını çoxlu pul qazanmaq üçün tapmırlar. Məgər pul qazanmaq üçün o dərmanı daha çox istehsal edib satmaq yetərli deyilmi ki? Yanaşmalar bəzən qüsurlu olur. Sualımın kökü bir virusoloqun fikrinə dayanır. Virus təzə yayılan vaxt virusoloq qəzəblə futbolçuların həkimlərdən daha çox pul qazandığını, ona görə də əlacın da onlardan istənilməli olduğunu bildirmişdi. Bu, bir həkimin qısqanclığı idi. Futbol kommersiyadır, biznesdir. Hər bir biznesmen pulunu necə istəyir elə qazanır. Komanda kiməsə məxsusdur və o, insanların maraqlarından istifadə edərək pul qoyub, daha çox pul götürür. Tibb isə hər zaman dövlətin nəzarətində olan sahədir. Azərbaycanda da, elə dünyada da həkimlər həmişə cəmiyyətin ən hörmətli və yaxşı yaşayan təbəqələrindən biri hesab olunur.

- Ölkədə pandemiya ilə mübarizə çərçivəsində görülən tədbirlərə yanaşmanız maraqlıdır. Atılan addımlardan razısınızmı?

- Bunu iki yerə bölmək lazımdır. Yayılmanın qarşısının alınması ilə bağlı bütün işlər müsbət xarakterizə oluna bilər. Çünki bizimkilər bu işləri yaxşı bilirlər. Məhdudlaşdırmaq, nəyinsə qarşısını almaq, nəyəsə imkan verməmək bizdə yaxşıdır.

- Bəs digər istiqamət? Məlumdur ki, hazırda müraciət müddəti bitmiş olsa da, hələ də vətəndaşlara 190 manat birdəfəlik yardım göstərilir. Yəni hər gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi minlərlə insana artıq bu yardımın çatdığını açıqlayır...

- Vəsait ayrılmasına baxmayaraq, onun ödənliməsi, sosial sahələrdə insanlara güzəştlər edilməsi istiqamətində dövlət öz məsuliyyətini yerinə yetirə bilmədi. Əslində, mən olsam, heç 190 manata müraciət kimi mürəkkəb bir sistem müəyyənləşdirməzdim. Hökumətin başında olsaydım, əvvəla mənim əlimin altında bütün vətəndaşların kartotekası olardı və hər bir vətəndaşın ailə büdcəsinə nə qədər vəsait daxil olmasını onun mürəciəti əsasında yox, öz bilgilərim əsasında müəyyən edərdim. Onun müraciətindən asılı olmayaraq, mən vətəndaşımın necə yaşadığını kartatekanın əsasında bilib ehtiyacını vaxtında çatdırardım. Vətəndaş yazsın, pozsun, ondan sonra mən onun nəyininsə olub-olmadığını araşdırım? Belə olmamaldır. Texnikanın, informasiya sisteminin bu qədər inkişaf etdiyi bir zamanda hələ indiyədək Azərbaycan vətəndaşlarının ümumi təsnifatı çıxarılmayıb ki, kimin ailə büdcəsinin nə qədər olduğu bilinsin.

- Mətbuatdan oxuduq ki, sizin partiya da yardım kampaniyası həyata keçirir? Mövcud vəziyyət bitənədək bu davam edəcəkmi?

- Biz əlimizdən gələni etməyə çalışırıq. Bunu bəyənməyən, qəbul etməyən, siyasi institut bunu edə bilməz, partiya bu işlə məşğul olmamalıdır deyənlər var. Biz insanlıqla məşğuluq. İnsanlığın harada olmağının heç bir adı yoxdur. Partiyadır, şirkətdir, dövlətdir və s. bunların heç bir fərqi yoxdur. İnsanlıqla məşğul olmağın məhdudiyyəti yoxdur. Buna fərqli yanaşmaq istəyənlər qulaqlarını açıb eşitsinlər ki, edə bilmədikləri insanlığı bir başqasına irad tutmasınlar. Yaxşı görünmür. Biz özümüzün “Instagram”, “Facebook” səhifələrimizdə ac olduğu üçün müraciət edən yüzlərlə insanın müraciətinin qarşısında susqunluq göstərə bilmərik. Hətta olmasa belə, biz partiyanın imkanlarından istifadə edərək dəstək alıb etməyə çalışarıq. Çünki insanlar balasının ac olduğunu yazırlar, bunu görməzdən gəlmək olmaz. Bunu etmək bizim görəvimiz idi. İmkanımız çatdığı qədər ehtiyacı olanı köməksiz qoya bilməzdik. Partiyada olanlar da insanlığı yerinə yetirdilər. İnsanlığın isə sərhəddi olmur.

- Son olaraq kadr islahatlarına toxunmaq istəyərdim. Bildiyiniz kimi, ölkədə pandemiyadan əvvəl kadr dəyişiklikləri oldu. Necə düşünürsüz, virus bitdikdən sonra bu davam etməlidirmi, xüsusilə hansı sahələrdə dəyişiklik olmalıdır?

- Mən buna islahat yox, kadrların dəyişdirilməsi deyərdim. İslahat olanda əvvəl sistem dəyişir, sonra o idarəetmə sisteminə müvafiq kadrlar qoyulur. Ona görə düşünürəm ki, hakimiyyəti yenə dəyişəcək, bu gün vəzifədə olanın birini, sabah isə başqasını dəyişəcək. Hələlik mən bunu ciddi islahat hesab etmirəm. İslahata və yaxud da yeni yanaşmalara meyl ola bilər, amma bütövlükdə buna islahat demək üçün tezdir. Kadr dəyişikliyinə gəldikdə, hakimiyyət kiminlə işləmək istəyirsə, onu o seçir. Çünki hər hakimiyyət komandasını özü seçir. Onların səlahiyyətindədir. Prezident nazir təyin edəndə hansı tip nazirlə işləmək istəyirsə, özü seçir. İcra hakimiyyətini seçir, icra hakimiyyəti də özünün müavinlərini seçir və s…



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
586 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...