“Rusiya Dağlıq Qarabağla bağlı kompromisin tapılması üçün əlindən gələni edir”
“Dağlıq Qarabağ münaqişəsinin həllinə Azərbaycan və Ermənistan rəsmilərinin öz baxışları var”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin əsas götürülməsinin vacibliyini bəyan etməsi ilə bağlı erməni jurnalistin sualına cavabında deyib.
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı format mövcuddur. Bu, həqiqətən də köhnə problemdir, hansı ki, burada kompromisin tapılmasına ehtiyac var. Kompromisin axtarılması tərəflərin mövqelərinin - bir-birinə nə qədər zidd olmasından asılı olmayaraq - yaxınlaşdırılmasıdır. Hazırkı vəziyyət münaqişənin həllini tələb edir. Məhz ona görə də son zamanlar təmaslar intensivləşib. Təmaslar müxtəlif formatlarda keçirilir. Rusiya bu formatın iştirakçısı kimi kompromisin tapılması üçün əlindən gələni edir. Əlbəttə istərdik ki, kompromis tez tapılsın, nə qədər tez tapılsa, bir o qədər yaxşıdır. Ancaq bu kompromis iki ölkənin xalqının gələcəyinə və əlbəttə ki, Dağlıq Qarabağda yaşayan insanların gələcəyinə ziyan verməməlidir", - deyə Rusiya XİN-in sözçüsü bildirib.
885 dəfə oxundu