Əli Kərimlinin “ayağa durmurdum” sözlərinə sərt reaksiya - “Bu, küçə davranışıdır”

Əli Kərimlinin “ayağa durmurdum” sözlərinə sərt reaksiya -


Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə AXC-Müsavat iqtidarının başında dayanan şəxsləri barəsində tənqidi fikirlər bildirərkən o dövrkü dövlət katibi, hazırda AXCP-nin sədri olan Əli Kərimliyə qarşı da sərt danışıb: “Dövlət katibi komsomolçu idi - sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi. Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz”.

AXCP sədri Əli Kərimli isə Novxanıda Məhəmməd Əmin Rəsulzadənin doğum günü mərasimində AzadlıqRadiosuna müsahibəsində barəsində deyilənlərə son dərəcə sərt cavab verib. Əli Kərimli deyib ki, hakimiyyət 23 ildən sonra əgər ölkəni dalana dirəyibsə, birillik hakimiyyəti tənqidlə təsəlli tapmaq istəyirsə, bu onu göstərir ki, acınacaqlı durumdadır.
Əli Kərimli komsomolda olduğu barədə deyilənin doğru olduğunu söyləyib. O qeyd edib ki, hüquq fakültəsində komsomol katibi olub və 1989-da oranı buraxıb və bir daha komsomol orada bərpa edilməyib.

Əli Kərimli vaxtıilə deputat mandatı payı aldığı və hakimiyyətlə münasibətlərinin yaxşı olduğu barədə isə deyib ki, əgər hakimiyyətlə münasibəti yaxşı olsaydı, heç olmasa bir dəfə o zaman parlamentdə indiki dövlət başçısı ilə salamlaşardı, dövlət başçısı olan Heydər Əliyev parlamentin zalına daxil olanda ayağa qalxardı...

Əli Kərimlinin fikirləri Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalını qəzəbləndirib. Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Əli Kərimlinin o cür açıqlamalar verməsi, ironiya ilə danışması siyasi partiya sədrinə yaraşmayan, siyasi mədəniyyətlə uyğun gəlməyən davranışdır: “Mən onun videomüsahibəsini izlədim. O cür ədəbaz davranışı mən siyasi mədəniyyətsizlik hesab edirəm. Əli Kərimli deyir ki, deputat olduğu dövrdə prezident Heydər Əliyev parlamentin iclas zalına daxil olanda ayağa qalxmırdı. Bəli, həqiqətən də mən onun ayağa durmadığının şahidi olmuşam. Əli Kərimli ölkənin prezidenti zala daxil olanda ayağa durmamasını bu gün fəxrlə deyir. Əslində isə bu fəxr edilməli hərəkət deyildi. Bu cür davranış o demək idi ki, Əli Kərimli Azərbaycan xalqının mütləq əksəriyyətinin seçiminə hörmətsizlik edir. Əli Kərimli bir müxalif siyasətçi kimi iqtidarı, onun başında dayanan şəxsin siyasətini qəbul etməyə, ona səs verməyə bilərdi. Bu onun seçimidir. Lakin nəzərə almaq lazımdır ki, prezident də dövlətin atributu hesab edilir. Ölkənin prezidenti bir xarici ölkəyə gedəndə xaricilər də onun qarşısında ayağa durur. Əli Kərimli ayağa durmamaqla dövlətin atributlarına hörmətsizlik edirdi. Bayrağımız qaldırılıb himnimiz çalınanda necə ayağa dururuqsa, ölkənin prezidenti zala daxil olanda da ayağa durmalıyıq. Əli Kərimli prezident gələndə ayağa durmurdu, alqışlamaq lazım gələndə alqışlamırdı. Guya müxalifətçilik etdiyini nümayiş etdirmək istəyirdi. Bu davranışı heç müxalifətçilik də adlandırmaq olmaz. Bu, küçə davranışıdır. Qardaş Türkiyə dövlətində nüfuzlu müxalifət liderləri hakimiyyətə, ölkə başçısına qarşı ən kəskin ittihamlar səsləndirirlər, ölkə başçısı da onlara qarşı sərt fikirlər bildirir. Lakin ölkənin prezidenti zala daxil olanda həmin müxalifət liderləri ayağa qalxırlar. Bu, siyasi mədəniyyətdir, dövlətin simvollarına sayğıdır. Heç olmasa Türkiyədən nümunə götürmək lazımdır. Faciə ondandır ki, bu gün Azərbaycanda müxalifətdə Əli Kərimli kimi tənqidçi var. Yenə də 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində olduğu kimi davranışlar, siyasi mədəniyyətdən uzaqlıq, qaragüruhçuluq. Dünya dəyişdi, bunların təfəkkürü dəyişmədi”.

F.Ağamalı bəyan etdi ki, əslində prezidentin 23 il əvvələ ekskurs edib verdiyi açıqlamalarda böyük həqiqət var idi: “O dövrdə hərc-mərclik, xaos var idi, biabırçılıq idi. Bunu danmaq olmaz axı. Rəhmətlik Əbülfəz Elçibəyin təyinatı ilə mən həmin dövrdə hadisələrin içində idim, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini işləyirdim. Bunlar hamısı qaçıb gizlənəndə mən Surət Hüseynovla qarşı-qarşıya gəldim və vəzifəmi itirdim. İstefa verdim və gedib rəhmətlik Heydər Əliyevdən xahiş etdim ki, məni vəzifədən çıxarsın. Çünki mənimlə qarşıdurmadan istifadə edib Surət Hüseynov ölkə prezidentə qarşı təxribatlar yaratmaq istəyirdi. Mən də o təxribatları alt-üst elədim. Bu gün də dövlətçiliyimizə xidmət edirəm. Bu ölkənin idarəçiliyində səhvlərə, xəyanətlərə yol verənlərin üstünə məndən çox gedən varmı? Mən daha çox gedirəm. Əli Kərimli və onun kimi siyasətçilər isə daha çox qeybətlə məşğul olur. Üçrəngli bayrağımıza ikinci dəfə rəsmi status verən şəxs Heydər Əliyev idi. Naxçıvanda SSRİ-nin bayrağını çıxarıb onun yerinə üç rəngli bayrağı asan və Azərbaycan SSRİ-nin Ali Sovetinə bu bayrağı dövlət bayrağı kimi qəbul etmək üçün rəsmi müraciət yazan da Heydər Əliyev olub. Əli Kərimli bu gün durmasın da o bayrağın qarşısında ayaq üstə. Niyə durur bayrağın qarşısında, niyə baş əyir. Ona görə ki, dövlətin rəmzidir bayraq. Ölkənin prezidenti də rəmz sayılırsa, onun da qarşısında ayağa durmaq gərəkdir. Bunu dərk etmək üçün siyasi mədəniyyət və intellekt olmalıdır. İlham Əliyevin intellektinin mində biri Əli Kərimlidə yoxdur. İlham Əliyevin Azərbaycan xalqına verdiyi töhfələrin mində birini Əli Kərimli verməyib”.

F.Ağamalı sonda onu da söylədi ki, Əli Kərimli normal müxalifətçilik etdiyi üçün parlamentə düşmüşdü və ilk vaxtlar parlamentdə də normal müxalifətçilik edib: “O zamanlar aqressiv deyildi. Çıxışlarında arqumentlər var idi. Lakin getdikcə aqressivləşdi və normal müxalifətçilikdən uzaqlaşdı. Xaricdən proqram başqa cür verildi ki, bu cür çıxışlar eləmək lazımdır. Xalq hərəkatı dövründə Əbülfəz Elçibəydən mənimsədiklərinin üstündən xətt çəkərək özünə yeni müəllimlər tapdı və başladı aqressivliyə, eyni zamanda müxalifəti də dağıtmağa. Müxalifətçilikdir bu?! Belə müxalifətçilik olmaz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
925 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...