“Avtomobillərin arxasına şəhid şəkilləri yapışdırılır, gün vurur, su dəyir, saralır” - DEPUTAT

“Avtomobillərin arxasına şəhid şəkilləri yapışdırılır, gün vurur, su dəyir, saralır” -

Bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirə edilən əsas mövzulardan biri də şəhidlərin fotolarının üzərində əks olunmuş su qablarıdır. Hansı ki, bu qablar istifadədən sonra zibil qablarına atılır. Şəhidlərin fotolarının zibil qablarına atılması isə böyük narazılığa səbəb olur. İstənilən halda şəhidlərimizin şəkillərinin su qablarının üzərinə vurulması bir vətəndaş olaraq hər kəsi narahat edir.

Maraqlıdır, şəhid adlarından xüsusi istifadə qaydası varmı? Qanunla buna hansı hallarda qadağan var?

Mövzu ilə bağlı Cebhe.info-ya Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Vüqar İskəndərov danışıb. Deputat şəhid şəkillərindən bu cür istifadə ilə bağlı hüquqi formada hansısa tənzimlənmənin olmadığını deyib:

“Burada mənəvi məsələlər var. Hüquqda əsasən insan sağ olarkən onun şərəf və ləyaqətini təhqir olunması hansısa maddə ilə müəyyən olunur. Mən sözügedən şəkili görməmişəm. Bu, tamamilə səhv yanaşmadır. Şəhidlərimizin şəklinin istifadə olunan içkinin üzərinə vurulub, sonra atılması yolverilməzdir və etik deyil. Bunu edənlər fərqində olmalıdırlar ki, yanış yoldadır”.

Deputat deyir ki, çox vaxt cəmiyyətdə qanunlar deyil, qaydalar tətbiq olunur:

“Məsələn, biz avtobusda yaşca böyük insana yer veririksə, bu qanun kimi qəbul olunmur, sadəcə qaydadır. Bizim kimliyimizdə böyüyə hörmət etmək var. Bu da eynilə elə düşünülməlidir. Şəhidlər bizim başımızın tacıdır. Onlar öz həyatlarını bizim yaşamağımız üçün fəda ediblərsə, deməli, həmişə hörmət və ehtirama layiqdirlər. Ruhları və adları həmişə uca tutulmalıdır. Ona görə də hər kəs, dövlət strukturarı və digər sahədə işləyən insanlar belə məsələlərdə çox ehtiyatlı olmalı, çəkinməlidirlər. Dövlət şəhidlərlə bağlı məsələlərə lazımı qədər diqqət göstərir. Onların adlarının küçələrə, məktəblərə verilməsi, adlarına bulaqların tikilməsi vəs. məsələlər yüksək səviyyədə həyata keçirilir. Lakin kimlərinsə təşəbbüsü ilə bəzi avtomobillərin arxasında və digər yerlərdə şəhid şəkilləri yapışdırılır, gün vurur, su dəyir, saralır və s. Beləliklə şəklin rəngi solur və cırılır. Buna diqqət etməliyik. Bunun üçün qanunvericilikdə xüsusi maddə yoxdur. Əgər belə hal varsa, digər maddələrlə şəxs təqsirləndirilə bilər”.

Deputat Vüqar İskəndərov əlavə edib ki, düşünmədən, hesablanmadan şəhidlərin adlarından istifadə və manipulyasiya etmək düzgün deyil:

“İnsanlar özləri anlamalıdırlar ki, belə şeylər etmək olmaz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
490 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...