“Azərbaycan Türkiyənin bu məsələdə iştirakını tələb edib” - Politoloq

“Azərbaycan Türkiyənin bu məsələdə iştirakını tələb edib” -

Ötən gün Türkiyənin Milli müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı baş tutub. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər. Bu hadisədən sonra cəmiyyətdə Qarabağda Türkiyə sülhməramlıları olmayacağı ilə bağlı fikir formalaşıb.

Maraqlıdır, Türkiyə sülhməramlıları Dağlıq Qarabağda fəaliyyət göstərəcək?

Sözügedən məsələ ətrafında Yenisabah.az-a açıqlama verən politoloq Natiq Miri qeyd edib ki, cəmiyyətdə bəzi məqamları qarışdıran şəxslər var, informasiyanı ictimaiyyətə düzgün çatdırmırlar. Buna görə də mütləq şəkildə Rusiya, Azərbaycan və Ermənistanın qəbul etdiyi bəyanatın mahiyyəti doğru-dürüst açıqlanmalıdır:

“Çünki həmin sənəddə Qarabağda, xüsusilə də Laçında Rusiyanın sülhməramlı qoşunları durmalıdır. Azərbaycan hərbçiləri işğalda olan torpaqları azad edərkən hansı nöqtədə dayanıbsa, bu nöqtə təmas xətti hesab olunur. Məhz təmas xəttindən sonrakı ərazilərdə Rusiya qoşunları duracaq. İctimaiyyət bir şeyi də bilməlidir ki, bu məsələdə yeganə sülhməramlı qüvvə statusunda çıxış edən tərəf Rusiyadır. Türkiyə yalnız bundan sonra razılaşdırıldığı təqdirdə yaradılacaq monitorinq mərkəzində iştirak edə bilər. Bu, Rusiya-Türkiyə anlaşmasından keçir ki, bu da tamamilə başqa bir anlaşmadır. Yəni qəbul edilən bəyanatın özündə birmənalı olaraq belə bir qeyd yoxdur. Doğrudur, orada monitorinq mərkəzindən söhbət gedir, ancaq həmin mərkəzdə Türkiyə dövlətinin bilavasitə iştirakı nəzərdə tutulmur. Sadəcə Türkiyə və Rusiya, eyni zamanda Azərbaycan və Rusiya prezidentləri arasında müzakirə predmeti olduğu zaman bu məsələ danışılıb və əlbəttə ki, Azərbaycan tərəfi Türkiyənin bu məsələdə iştirakını tələb edib. Bunun ərsəyə gəlməsi üçün əlavə Türkiyə-Rusiya anlaşmasına ehtiyac var. Hesab edirəm ki, bu məsələ dünən Türkiyə prezidenti ilə Rusiya prezidenti arasında müzakirə predmeti olub. Ona görə də öz həllini tapacaq".

Həmsöhbətimiz vurğulayıb ki, hazırkı razılaşmaya əsasən, Türkiyə sülhməramlı statusunda Azərbaycan ərazisindən iştirak etməyəcək:

“Söhbət yalnız ictimai birlikdən, müşahidə mərkəzində paralel olaraq Rusiya ilə birgə müşahidədən gedir. Türkiyə Rusiya səviyyəsində 2 minə yaxın qoşun və 100-ə qədər texnikanın iştirakı ilə bu sərhədlərdə durmayacaq. Əgər həqiqətən də, Azərbaycan dövləti, hakimiyyəti bunu olmasını istəyirsə, bununla bağlı Türkiyəyə müraciət edə bilər, bu, Azərbaycan dövlətinin hüququdur. Türkiyəni Azərbaycana rəsmi olaraq dəvət edə bilərlər, bundan sonra Türkiyənin iştirakı tam hüquqi zəmində olar. Artıq o zaman Türkiyə qoşununun hansı səviyyədə, hansı sayda Azərbaycana gəlməsi Türkiyə və Azərbaycanın iradəsindən asılı olar. Fikrimcə, buna ehtiyac var”.

Ekspert vurğulayıb ki, Rusiyanın sülhməramlı statusunda Azərbaycan ərazilərində olması yaxşı mənada Azərbaycana heç nə vəd etmir:

“Çünki Rusiya harada sülhməramlı statusunda çıxış edibsə, müəyyən zaman çərçivəsində bu qüvvələr işğalçıya çevrilib. Biz bunu 2008-ci ilin avqustunda Gürcüstanda gördük. Cənubi Asetiya, Abxaziyada duran rus sülhməramlıları sonrada işğalçıya dönərək Tbilisinin kənarına qədər gəldilər. Bu praktika dünya ictimaiyyətinin diqqətindən qaçmayıb. Ümumiyyətlə, dünyada sülhməramlı adı altında mahiyyətə uyğun fəaliyyət göstərən heç bir qüvvə yoxdur. Bunların hamısı oyunlardır. Sülhməramlı statusu altında həmin dövlətlər öz geosiyasi maraqlarını həyata keçirirlər. Biz bunu Yuqoslaviyada, NATO-nun Serbiyaya qarşı keçirdiyi hərbi əməliyyatlarda da gördük. O zaman Kosova müdafiə edilirdi və “sülhməramlı” qüvvələr sonrada Yuqoslaviyanı darmadağın etdilər və o, bir neçə dövlətə parçalandı. Bunu ictimaiyyətin düzgün anlamasına ehtiyac var”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
431 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...