Qubada meşə yanğınlarının səbəbi – insan amili, yoxsa təbii faktor... - ARAŞDIRMA

Qubada meşə yanğınlarının səbəbi – insan amili, yoxsa təbii faktor... -

İyulun 28-də Azərbaycanın şimalında güclü meşə yanğınları başlayıb. Alov Quba rayonunun İsnov və Qonaqkənd, həmçinin Siyəzən rayonunun Arzikuş və Köhnə Quşçu kəndlərində meşələrin yaxınlığındakı boş əraziləri əhatə edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən “Yeni Müsavat”a bildirilib ki, Quba ərazisində yanğın şənbə günü lokallaşdırılıb. Bazar günü Sizəyən rayonundakı yanğın lokallaşdırılıb. Yanğının söndürülməsinə vertolyotlar və amfibiya-təyyarə cəlb edilib. İyulun 29-da Siyəzən rayonunun Qalaaltı və Çıraqqala kəndləri yaxınlığında boş ərazilərdə yanğın başlayıb. Küləkli hava şəraiti ilə əlaqədar alov çətin keçilən dağ ərazilərində ətraf meşə massivlərinə keçib. Yanğının söndürülməsinə vertolyotlar cəlb edilib. Yanğın Altıağac Milli Parkının ərazisinə də keçib.

İyulun 30-da ETSN mətbuat xidmətindən “Yeni Müsavat”a bildirilib ki, Altıağac Milli Parkının ərazisinə keçən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir: “Yanğının söndürülməsi üçün Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşları və aviasiya dəstəsinin qüvvələri tərəfindən operativ tədbirlər görülür. Yanğın çətin relyefli dağlıq ərazidə olduğundan texnikanın əraziyə cəlb olunmasında çətinliklər yaranıb, əsasən əl əməyindən istifadə edilir. Havanın isti və küləkli olması yanğının söndürülməsində çətinliklər yaradır.

Qeyd edək ki, yanğının baş verməsində təqsirkar olan şəxslərin tapılması və qanunamüvafiq cəzalandırılması, həmçinin dövlətə və təbiətə vurulmuş ziyanın ödətdirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub. Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə, biçənək sahələrini yandırmamağa çağırır. Bildirilib ki, yanğının nə qədər ərazini əhatə etməsi və təbiətə dəyən zərərin miqdarı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

“Yeni Müsavat”a danışan ekoloq Telman Zeynalov deyib ki, əslində meşə yanğınlarının baş vermə səbəbi heç zaman ildırım və digər bu kimi təbii hadisələr olmur: “Hazırda Şərqi Avropada, Amerikanın cənubunda və ümumilikdə bir çox yerlərdə meşə yanğınları baş verir. Bu yanğınlar özbaşına baş vermir. Onları kimsə törədir. Əgər araşdırsaq, bu məsələ ilə bağlı bir çox faktlar ortaya çıxar. Belə ki, alimlərin hələ 1600-cü illərdə yazdıqları hesabatlardan görünür ki, meşə yanğınlarına ildırım səbəb olmur. İldırım o zaman ağacı vurur ki, o, dağ zonasında tək ağacdır. Ümumilikdə isə ildırım adətən enerjini torpağa ötürür. Başqa yerlərdə meşəni ildırım vurmur. Çünki meşənin nəmişliyi buna maneə yaradır. Sadəcə olaraq, kiməsə sahə lazım olanda, götürüb otu, alağı yandırır.

Ot-alağın yanmasından çıxan alovu da külək aparır, meşəyə salır və nəticədə böyük yanğınlar başlayır. İnsan ərazi zəbt etmək üçün meşələri yandırır. Durduq yerdə hansısa meşə öz-özünə yana bilməz. İkincisi də iqlim dəyişikliyi var. İki aydan artıqdır ki, külək yoxdur. Deməli, hansısa silahlarla müdaxilə var. Stratosferlə troposferin arasında trapopauza var. Məsələn, yolu keçiriksə, yolun bir tərəfi bağ, digər tərəfi dayanacaqdır. Avtomobilin hərəkət etdiyi tras isə burada trapopauzadır. Buranın küləyi alçaq və yüksək təzyiqlilərdən fərqli olaraq qat-qat üstündür. Göydə də bu belədir. Ona görə də aylarla cənubdan gələn külək yağıntı gətirmir. Digər tərəfdə isə yağış dayanmır. Bunu araşdırmaq lazımdır. Dövlət vəsait ayırmalı, bütün bunları araşdırmalıdır. Yalandan deyirlər ki, qlobal iqlim dəyişməsinə səbəb karbon qazıdır və bütün zavodları bağlayırlar, camaat da işsiz qalır. Karbon qazı ağır qazdır və buna görə də heç zaman yuxarı qalxa bilmir. O, 1 kilometrdən yuxarı qalxmır. Alimlər araşdırmalıdırlar ki, temperatur niyə dəyişib. Meşə yanğınının isə səbəbi təbii deyil. Bunu, sadəcə olaraq, yandırırlar. Sakin taxıl ərazisini yandırır və bu cür hal baş verir. Yaxud da fermerin ərazisi azdır, ona ərazi lazım olduğu üçün ətrafı yandırıb, sonra ərazi əldə edir. Meşə yanğını varsa, ilk növbədə arx qazılmalıdır. Bu arx ona görə lazımdır ki, od aşağıdan, otlardan, alağlardan keçir. Arx isə alovun qarşısını alır. Daha sonra isə yanan ərazini söndürmək lazımdır. Bunu etməsələr, meşə yanğınının qarşısını almaq olmaz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
690 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...