Azərbaycanlı-kürd qruplaşmaları kriminal savaşa başlayır - 11 il sonrakı qayıdış

Azərbaycanlı-kürd qruplaşmaları kriminal savaşa başlayır -

Bir neçə gündən sonra azadlığa çıxacaq qanuni oğru, "Ded Xasan"ın (Aslan Usoyan) bacısı oğlu Georgi Akayev (“Qiya Sverdlovski”) Yekaterinburqa qayıdır. Lent.az-ın məlumatına görə, bu barədə Rusiyanın kriminal saytları xəbər yayıb.

Xəbərdə deyilir ki, 11 il həbsdə yatmış “Qiya”nın Yekaterinburqa qayıtması Ural regionunda yeni kriminal müharibələrin başlanmasına səbəb olacaq. Bu müharibənin əsas iştirakçılarının isə kürd və azərbaycanlı kriminal qruplaşmalar olacağı heç kimə sirr deyil.

Əslində Yekaterinburq uğrunda illərdir ki, mərhum Rövşən Lənkəranski və "Ded Xasan" qruplaşması mübarizə aparırdı. "Ded Xasan"ın ölümündən sonra Rövşən Lənkəranski Ural regionuna “nəzarətçi” kimi öz adamını - Ağayev Ağayar Hüseyn oğlunu qoymaq istəyirdi. Ağayar Ağayevlə bərabər bu “post”a “Kortik” ləqəbli başqa bir azərbaycanlı - İlqar Əliyev də iddialı imiş. Amma Lənkəranski son anda Ağayarın namizədliyinin üzərində dayanıb.

Məlumata görə, Ağayar və onun qardaşı Xudayar regionda nüfuz sahibidirlər. Bundan başqa Ağayarın təyinatında əslən lənkəranlı olması da az rol oynamayıb.

Başqa bir məlumata görə, 2014-cü ilin dekabrınadək Yekaterinburqun “smotryayuşi”si Aslan Usoyanın bacısı oğlu Timur Mirzoyev imiş. “Timur Sverdlovski” kimi tanınan Mirzoyev Moskvada vəfat etdikdən sonra bu post boş imiş. Lənkəranski də Uralda öz mövqelərini möhkəmləndirmək üçün məhz Ağayar Ağayevi regionun mərkəzi şəhəri Yekaterinburqa nəzarətçi təyin etdirmək istəyib.

Lənkəranskinin qətlindən sonra isə bu şəhər uğrunda mübarizəyə "Lotu Quli" (Nadir Səlifov) da qoşulub. Bir qədər əvvəl bu barədə “Arqumenti i Faktı-Ural” qəzeti də yazmışdı. Qəzetin yazdığına görə, regiona nəzarət üçün “Lotu Quli”nin 30-dan çox adamı Yekaterinburqa göndərilib.
Azərbaycanlı-kürd qruplaşmaları kriminal savaşa başlayır -

Əslində, bu da səbəbsiz deyildi. Çünki Rövşən Lənkəranski öldürüləndən sonra Yekaterinburq bazarlarındakı ticarətçilər “kassa”ya pul ödəməyi dayandırmışdılar. Söhbət ayda bir neçə yüz min dollardan gedir. Kassanın əsas mənbəsi isə bütün Uralı meyvə-tərəvəzlə təchiz edən 4 saylı meyvə-tərəvəz topdansatış bazasıdır. Bu bazaya nəzarət hələ qismən də olsa, Ağayar və Xudayar qardaşlarındadır. Bir yandan da “Qiya Sverdlovski”nin kürd klanının Uralda öz mövqeyini möhkəmləndirmək istəyi regionda kriminal vəziyyəti gərginləşdirəcək. Odur ki yeni kriminal müharibələr qaçılmazdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1240 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...