Dövlət sərhədinin pozulmasının qarşısı alınıb, sərhəd pozucusu öldürülüb
Sərhədçilər növbəti dəfə dövlət sərhədinin pozulmasının və külli miqdarda narkotik vasitənin Azərbaycana gətirilməsinin qarşısını alıblar.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, iyulun 5-i saat 01:00 radələrində Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmuş sərhəd pozucusu aşkar edilib.
Təqib olunan sərhəd pozucusu sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq geriyə qaçmağa cəhd göstərib.
Havanın qaranlıq və ərazinin mürəkkəb relyefi malik olması səbəbindən sərhəd pozucusunun müqabil tərəfə keçməsinin qarşısını almaq məqsədilə sərhəd naryadının "Dövlət sərhədi haqqında" qanunun tələblərinə uyğun olaraq silah tətbiq etməsi nəticəsində sərhəd pozucusu yaralanıb, ilk tibbi yardımın göstərilməsinə baxmayaraq aldığı güllə yarasından ölüb.
Sərhəd pozucusunun üzərinə baxış zamanı bir ədəd gecə görmə cihazı və 2 ədəd bağlamada 8 kiloqram 800 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülüb.
Sərhəd pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə və faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
1020 dəfə oxundu