Vergilər Nazirliyi Əli Kərimlinin köməkçisinə qarşı 39 min manatlıq mülki iddia qaldırıb
Bu gün Səbail Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. "Report"un xəbərinə görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Fəxrəddin Mehdiyev vəsatətlə çıxış edib.
O, vəsatətində hüquqlarını müdafiə etdiyi şəxsin şüşə kabinədən çıxarılıb vəkillərinin yanında əyləşməsini istəyib.
Məhkəmə vəsatəti təmin edib. F.Əmirlinin digər vəkili Aqil Layıcov da vəsatət qaldırıb. Müdafiəçi cinayət işində sübut kimi sadalanan əşyaların məhkəməyə gətirilməsini tələb edib. Vəsatət təmin olunub. Hakim bildirib ki, şahid ifadələrindən sonra sənədlərin tədqiqi mərhələsində həmin sübutlar da təqdim edilməlidir.
Daha sonra dövlət ittihamçısı Vüsal Abdullayev ittihamı elan edib. Məhkəmədə məlum olub ki, Vergilər Nazirliyi F.Əmirliyə qarşı 39 min 21 manatlıq mülki iddia qaldırıb. F.Əmirli özünü təqsirli bilmədiyini söyləyib: "Vergi orqanı rəqəmləri şişirdib". Prosesdə vəkil A.Layıcov "Azadlıq" qəzetinə qarşı vergi iddiasının F.Əmirliyə yönəldilməsinə etiraz edib: "Xahiş edirəm, vergi iddiası qəbul olunmasın, Vergilər Nazirliyinin əməkdaşının da prosesdə iştirakına xitam verilsin". Vəsatət təmin edilməyib.
Məhkəmənin növbəti iclası iyunun 12-nə təyin edilib. Qeyd edək ki, F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi,sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb. Onun barəsində şübhəli şəxs qismində 48 saatlıq saxlanılma qərarı verilib.
Daha sonra F.Əmirliyə qarşı Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onun avtomobilindən Fətullah Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənə aid kitablar tapılıb.
873 dəfə oxundu