Tərtərdə “Vətənpərvərliyin təbliğində aprel döyüşləri” mövzusunda tədbir keçirilib - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Əsgər Ailələrinə Dəstək İctimai Birliyi rayon icra hakimiyyəti ilə birlikdə “Vətənpərvərliyin təbliğində aprel döyüşləri” adlı layihə çərçivəsində Tərtər Rayon Gənclər Mərkəzində tədbir keçirmişdir. Tədbirdə Qarabağ müharibəsi veteranları, şəhid ailələri, əlillərlə yanaşı yeniyetmələr və gənclər də iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elvin Umudov açaraq sözü ictimai birliyin sədri Mətanət Əsgərqızına vermişdir.
O, çıxış edərək bildirmişdir ki, layihənin əsas məqsədi aprel döyüşlərində həlak olan şəhidlərin ailələrinin problemlərinin həllinə kömək etmək, onların mübarizə yolunun örnək olduğunu gənclərə nümunə göstərmək, yeniyetmələrin, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi və onlara mənəvi dayaq durmaq, əsgərlərimizin vətənə, torpağa, dövlətə bağlılıq hisslərinin artırmaq üçün əsgər və şəhid ailələri ilə görüşlərin təşkilidir. Bununla biz vətəndaşlarımız arasında Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə və veteranlara dövlət qayğısının ictimai rəydə yüksəldilməsinə nail oluruq.
Sonra Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon təşkilatının sədri Nizami Heydərov, Qarabağ Müharibəsi Veteranları, Şəhid Ailələri və Əlilləri İctimai Birliyinin rayon təşkilatının sədri Suliddin Yusifov, aprel döyüşlərində şəhid olmuş Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov, rayon Təhsil şöbəsinin işçisi Nigar Məstalızadə və rayon icra hakimiyyətinin nümayəndəsi Svetlana Əzizova çıxış edərək layihənin gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində rolunu diqqətə çatdırmışlar.
851 dəfə oxundu